Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru
***
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nə sual:
Vətəndaş Məmmədov Məmməd Məmməd oğlu (Ad şərtidir) Pirşağıda yaşayır. O təcili bir iş üçün öz maşını ilə Bakı şəhərinin mərkəzinə gəldi. İşi təxminən 3 saat çəkəcək.
Parkinqə daxil oldu və bu zaman fərqinə vardı ki, mobil telefonunu evdə unudub. Ancaq onun parkinq xidmətinin haqqını ödəməmək kimi bir niyyəti yoxdur. Başqa çıxış yolu da yoxdur, maşını saxlayıb işinin dalınca getdi və axşam ona mesaj gəldi ki, parkinq qeydiyyatından keçmədiyi üçün 10 manat cərimə edilib. Suallar:
1) Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır?
2) Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, sms olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?
3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə, İXM 19 maddəsinə əsasən halın İX olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa İX olmasını necə müəyyən edir?
4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır. AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi?
Çünki NK-nin qərarları hüquqi normativ akt kimi qanuna zidd ola bilməz və olarsa qanun əsas götürülməlidir.
MİA.AZ