İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı baş verən partlayış kifayət qədər diqqət çəkir.
Belə ki, hadisə hər nə qədər xarici güc tərəfindən təşkil edilmiş kimi görünsə də indiki məqamda Tehranın əlini gücləndirdiyi də bir gerçəkdir.
“7 oktyabr”ın qisası
İsrail rəsmiləri HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu və hücum nəticəsində mülki şəxslərin həyatını itirməsinə görə İranı günahlandırır. Hücumun mütəşəkkil, yüksək peşəkarlıqla və maksimum gizliliklə təşkil edilməsi İsrailli rəsmilərin iddiasının boş olmadığını göstərir.
Ümumiyyətlə 7 oktyabra qədər İsrail-Fələstin danışıqlarının intensivləşməsi və tərəflərin sülh istiqamətində bir neçə görüş keçirməsi Tehranı narahat edirdi. İranda strateji obyektlərin dronlarla, habelə sabotajlar ilə partladılması, nüvə alimlərinin ölməsi kimi hadisələrin də pərdəarxasında İsrailin olması Tehranı ciddi addımlar atmağa vadar edirdi.
İran gedişini etdi və HƏMAS-ın 7 oktyabrda İsrailə hücumunu təşkil etdi. Gedişi ümumi mənada uğurlu hesab etmək olsa da Tehran istədiyinə tam nail ola bilmədi. Yəni Tehran Təl-Əvivin başını HƏMAS-la qatsa da nə “Hizbullah”ı, nə Suriyanı, nə də Türkiyəni prosesə qata bilmədi.
Lakin Kirmandakı partlayış İsrailin 7 oktyabr qisası da deyil. Partlayışın pərdəarxasında Təl-Əvivin olma ehtimalı yüksək olsa da Tehranın hadisənin baş verməsindəki maraqları diqqət çəkir. Yəni hadisə MOSSAD tərəfindən təşkil edilsə belə SEPAH özü buna icəzə verməsə baş verməsi real deyil.
Manevr imkanları
Əslində İsrailin getdikcə daha da aqressivləşməsi və daxildə yüksələn intiqam tələbləri qarşısında İran rəhbərliyinin manevr imkanları elə də çox deyil. Bundan başqa İranda sosial iqtisadi vəziyyət də ürəkaçan deyil. Daxildə artan sosial-iqtisadi, etnik narazılıq təhlükəli həddə çatıb.
İran rəhbərliyi regional müharibəyə gətirib çıxarmayacaq, daxili auditoriyanı sakitləşdirəcək, eyni zamanda İsrailin aqressivliyini dayandıra biləcək cavab tədbiri tapmalı idi. Hesab edirəm, Kirmandakı partlayış ideal cavab tədbiri idi.
Belə ki, İran partlayış sonrası xarici düşmən obrazını gücləndirdi və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə etdi. Yəni həm İsrail istədiyi kimi 7 oktyabr qisasını aldı, həm də İran bundan daxili auditoriyanı bir müddət sakitləşdirmək üçün istifadə etdi. İki ölkə arasında konkret razılıq olmasa da bunu qeyri-rəsmi bir anlaşma kimi də dəyərləndirmək olar.
Turan Rzayev
MİA.AZ