Bakının Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək rayon ərazisində tanımadığı iki nəfərin onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə aldıqlarını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tohid Məmmədov və 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı 26-cı PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.