Qalib ARİF
***
(“Mənim düşüncələrim” silsiləsindən)
Son vaxtlar “Yutub”da qazax filmləri çox yayılıb. “Köçəri” nağıl filmindən “Oralman” ağıl filminə qədər... Rus dilində baxış sayları milyonları keçir, qazax millətinə, qazax probleminə diqqəti çəkir.
“Tomiris” filmini də çəkiblər, türkün şanlı tarixini Araz sahillərindən Amudərya sahillərinə keçiriblər. Mən də türkün tarixinə rus dilində, Amudərya sahillərində baxmışam. Molla demiş, əvvəl gülmüşəm, sonra ağlamışam...
Gülmüşəm, sevinmişəm ki, bizm qazax qardaşlarımız dünya səviyyəli filmlər çəkir, milyonların diqqətini çəkir. Ağlamışam, kədərlənmişəm ki, biz niyə öz “Tomris”imizi çəkə bilmirik, Araz sahillərinə gətirə bilmirik? Biz niyə öz “Oralman”ımızı (Qürbətdən Vətənə qayıdan qazaxlara deyilir) çəkə bilmirik, dünyanın diqqətini öz problərimizə çəkə bilmirik? Axı, bizim Qarabağ boyda dərdimiz var, axı, Azərbaycandan kənarda yaşayan qandaşlarımız Qazaxıstandan kənarda yaşayan qardaşlarımızdan çoxdur. Bəlkə, onlar Vətənə qayıtmaq istəmirlər, bəlkə bizim pulumuz yoxdur, bəlkə bizdə bu sahəyə lazımi diqqət, qayğı yoxdur?!
Qısa bir araşdırma aparsaq, görərik ki, pulumuz da var, Azərbaycanda kino sahəsinə dövlət səviyyəsində lazımi diqqət də var. Bakıda kino məsələləri ilə məşğul olan iki böyük qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Biri hətta şəhərin mərkəzində, tarixi “Nizami” kino-teatrının yanında yerləşir, adı uzaqdan diqqəti cəlb edir. Mədəniyyət Nazirliyində bu sahəni kurasiya edən xüsusi Baş İdarə işləyir, keçmiş Kinostudiya da öz yerindədir. Bu qurumların hamısına da dövlət büdcəsindən külli miqdarda vəsait verilir. Amma bizim kinomuz peşəkar “Oralman” səviyyəsinə qalxa bilmir, həvəskar “Qızqaçırmaq”dan o yana “qaça” bilmir... Axı, bizdə kino ənənələri var, axı, bizdə sənət mədən kimi qazılıb, “Məşdi İbad”, Arşınmalçı” yazılıb, çəkilib...
Təəssüf ki, hazırda dünyada ən çox baxılan tele-seriallar sahəsində də bizdə vəziyyət yaxşı deyildir. Ümumən, Azərbaycan kinosunda olan vəziyyəti əks etdirir. Dövlətin təşəbbüsü ilə teleseriallar çəkmək üçün telekanallara konkret maliyyə vəsaiti ayrılır və hər il artırılır. Amma bizim telekanallar verilmiş fürsətdən və ayrılmış vəsaitdən yararlana bilmirilər, yaxud da, istəmirlər. Serialların istehsalı prosesinə peşəkarlar dəvət edilmir, ya da süni görüntü yaratmaq üçün edilir. Filmlərin senarisini, bir qayda olaraq, telekanal rəhbərləri özləri yazır, aktyor seçimini, hətta rejissorluğunu da özləri edir. "Xocalı", "Qara Yanvar" filmlərini yəqin ki, xatırlayırsız, hardadır indi bu filmlər, kim baxır?! Hələ yaxşı ki, kanal rəhbərləri baş rollara özləri çəkilmir, görüntü yaratmaq üçün bir-iki aktyor dəvət edilir. Sair rollar isə telekanalaın əməkdaşlarına və aparıcılarına həvalə edilir...
Nəticədə teleseriala, tamaşaçıya, ümumilikdə sənətə dəxli olmayan (ad da qoymaq olmur) “Bacanaqlar”, “Tələbələr” kimi “sürünənlər” alınır. Sürünənlər is, məlum olduğu kimi, uça bilmirlər. Tamaşaçılar bu mənasız seriallara baxmır, əksəriyyəti heç Azərbaycan telekanallarını açmır, Rusiya, Türkiyə kanallarına üstünlük verirlər. Bizim yerli kanallar da da yəqin bunu bilirlər, amma nəyisə dəyişmək, baxımlı teleserial çəkmək fikrində deyillər. Axı, bu, xeyli çətin, bahalı bir prosesdir, istedad, əziyyət tələb edir. Böyük Azərbaycan şairi Şəhriyarın yaxşı bir deyimi var: “Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”...
Bəli, səviyyəli, baxımlı teleserial, ümumiyyətlə yaxşı film çəkmək üçün işi iş bilənə tapşırmaq lazımdır. Telekanal rəhbərliyi, ya təşəbbüs qrupu filmin ideyasını verə, ən yaxşı halda senarinin fabulasını işləyə bilər. Senarini yazmaq isə hətta hər yazıçının da deyil, peşəkar senaristin, dramaturqun işidir. Müasr filmin senarisi əsl dram əsəri olmalıdır, gərginlik və dəyişkənlik daim hiss olunmalıdır, axı, tamaşaçını zalda (və yaxud televiziya qabağında) 1-2 saat saxlamaq lazımdır. Yaxşı senarinin hazırlanması isə işin ancaq başlanğıcıdır, sonra peşəkar kinorejissor dəvət olunmalı və ilkin senari ona təqdim olunmalıdır. Rejissor senarini bəyəndikdən sonra, onun təşəbbüsü ilə əsas rolların aktyorları seçilir (bu proses də senari və kinorejissor qədər vacibdir) və məhz bu aktyorların iştirakı ilə ilkin senarinin əsasında işçi senari hazırlanır...
Yeri gəlmişkən, bizim kino sənətində aktyor seçimi əzəldən axsayıb, çünki bu prosesə də peşəkar yanaşma olmayıb. Rejissor baş rolda kimi istəyir çəkib, ya da özü çəkilib. Hələ sovet dövründə çəkilmiş Qaçaq Nəbi (Qanlı Zəmi, 1985) filmini xatırlayaq. 50 yaşlı “dəliqanlı” Qaçaq Nəbi (Həsən Turabov) 30 yaşlı “yeniyetmə” Həcərə (Mömünat Qurbanova) deyir ki, “hazırlaş, gələn yaz toyumuzdur”. Buna kim inanar, buna kim baxar?! Ya da, götürək 2011-ci ildə ekranlara çıxmış “İlahi Məxluq” filmini. Dostlar, siz dağlarda olmusuzmu, olmusuzsa, bircə dəfə şişman çoban (Nurəddin Mehdixanlı) görmüsüzmü?! Çoban yaşından asılı olmayaraq, arıq olar, qıvraq olar, atın belini “qırmaz”, piyada gəzə bilər...
Və son olaraq...
Yaxşı, baxımlı kino çəkmək böyük vəsait tələb edən böyük bir istehsal prosesidir və bu proseslə peşəkarlar məşğul olmalıdır. Təcrübə göstərir ki, tamaşaçı yalnız peşəkar rejissorların dramatik senari əsasında çəkdiyi, peşəkar aktyorların uğurlu seçildiyi və çəkildiyi filmlərə baxır. Bu, həm də Azərbaycanın problemlərini qabartmağın, dünyaya çatdırmağın “karvan” yoludur. Bizdə isə, bəzən bu yoldan həvəskarlar pul yumaq üçün istifadə edirlər…
P.S. "Oralman" filmi "Köçəri" kimi, "Tomiris" kimi tarixi, böyük büdcəli deyil, müasir, sadə layihədir. Vətənə qayıdan, Vətəni sevən insanlardan bəhs edir. Gözəldir, əsl şedevdir...
MİA.AZ