Dekabrın 13-də jurnalist Hafiz Babalı saxlanılıb.
Mia.az xəbər verir ki, “Abzas media” ilə bağlı iş üzrə onun evində axtarış aparılıb.
Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.
Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.
***
Xətai Rayon Məhkəməsi ötən gün saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçib.
Məlumata görə, dekabrın 14-də hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə H.Babalının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul olunub.
Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı jurnalistlərə H.Babalının “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanıldığını bildirib.
Xatırladaq ki, sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər(Report).