İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində struktur islahatları aparılıb.
Mia.az xəbər verir ki, son dövrlərdə iqtisadi münasibətlərin sürətlə dəyişməsi, aktiv vergi ödəyicilərinin sayının əhəmiyyətli şəkildə artması, rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, habelə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu bölgədə iqtisadi və sahibkarlıq fəaliyyətinin aktivləşməsi, ölkəmizin siyasi və iqtisadi həyatında müşahidə olunan müsbə və dayanıqlı dinamika vergi orqanlarının idarəetmə sisteminin müasir çağırışlara uzlaşdırılmasını zəruri edir. Bu zərurətdən irəli gələrək Dövlət Vergi Xidmətinin strukturunda islahatlar aparılıb.
İslahatlar dövlət vergi orqanları xətti ilə büdcə daxilolmalarının həcmində müşahidə olunan müsbət dinamikanı saxlamaq və artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını təmin etmək, ümumilikdə vergi ilə bağlı aparılan əməliyyatları sadələşdirmək, risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək, innovasiyaları təşviq etmək, vətəndaşlara və biznes subyektlərinə vergi xidmətlərin fasiləsiz çatdırılmasını təmin etmək məqsədi daşıyır.
Aparılan islahatlar çərçivəsində əsas məqamlar bundan ibarətdir:
İşğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. Əvvəllər işğal altında olan rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.
Burada əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə vergi inzibatçılığının və idarəetmə modelinin respublikanın digər regionlarına və ümumi idarəetmə modelinə uyğunlaşdırılması, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının stimullaşdırılması, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rahatlığının təmin olunması, vergi xidmətlərinin əlçatanlığının təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrqsiyasının sürətləndirilməsidir.
Vergi risklərinin idarə edilməsi baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə vergidənyayınma risklərinin əvvəlcədən təhlil olunması və aşkar olunan risklər əsasında tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. Bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq. Vergi inzibatçılığının təkmilləşdirilməsi və çevik nəzarət mexanizmlərinin formalaşdırılması sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin icrasında mümkün risk faktorlarını aradan qaldırmağa, vergi nəzarəti tədbirlərinin ünvanlılığının təmin edilməsinə, riskli vergi ödəyiciləri ilə işin sürətləndirilməsinə xidmət edəcək.
Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqlarının pozulmaması üçün preventiv tədbirlərin görülməsi, pozulmuş hüquqların bərpası, habelə şikayətə səbəb olan halların aradan qaldırılması sahəsində səmərəliliyinin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı çətinliklərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.
Bəzi funksiyalar mərkəzləşdirilib. Yeni struktur əvvəllər fərqli vergi orqanları daxilində fəaliyyət göstərən funksiyaları vahid çətir altında birləşdirərək vahid vergitutma çərçivəsini yaradacaq. Bu konsolidasiya prosesləri sadələşdirmək, izafi resurs sərfini aradan qaldırmaq və vahid vergi inzibatçılığı sistemi yaratmaq üçün nəzərdə tutulub.
Bununla əlaqədar olaraq Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
Bundan başqa 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalarla bağlı funksiyaları və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin kameral vergi yoxlamaları ilə bağlı funksiyası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Pilot olaraq tətbiq edilən bu layihə səyyar və kameral yoxlamalar sahəsində yeni yanaşmanın tətbiq edilməsi, yoxlamaların effektivliyinin artırılması, qərarların qəbul edilməsi müddətlərinin optimallaşdırılmasına imkan verəcək.