Bahəddin Həzi,
Bizimyol.info-nun Baş redaktoru
***
Prezident İlham Əliyev növbədənkənar Prezident seçkisi təyin etdi. Bununla bağlı elə bu gün sərəncam imzaladı. O, öz Konstitusion səlahiyyət müddətinin başa çatmasına bir il üç aydan bir az çox vaxt qalmış bu seçkiyə niyə gedir?
Bununla bağlı müxtəlif şərhlər olacaq, təbii ki. Bəlkə də kiməsə bu addım riskli görünə də bilər. Ancaq belə bir qərar verilməsinin səbəbləri çox açıqdır.
Bəli, yeni və növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. Ümumiyyətlə, fevral seçkilər ayına çevrilir - növbədənkənar parlament seçkiləri də 2020-ci ilin fevralında olmuşdu.
İlham Əliyev prezident olduğu dövrdə bu, artıq dövlət başçısının ikinci növbədənkənar seçkisi olacaq. İndiki prezidentin namizədliyini verməsinə Konstitusion baxımdan maneə yoxdur. Həm hüquqi, həm siyasi-elektoral baxımdan belə bir maneə görünmür.
2018-ci ildə Prezident seçkilərinin növbədənkənar keçirilməsinin məntiqi sonrakı dönəmdə aydın görünmüşdü. Yenidən mandat alan prezident dövlətin, o cümlədən, ordunun idarəçiliyində ciddi dəyişikliklər etdi. Nazirlər Kabinetini, Prezident Administrasiyasını, güc nazirliklərinin rəhbərliyini, ordu komandanlığını xeyli yenilədi. Bu da ona imkan verdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün konkret və real addımlar ata bilsin. Əslində 2020-ci il növbədənkənar parlament seçkiləri də bu məqsədə hesablanmışdı; prezidentin düşüncəsinə görə, taleyüklü qərarlar vermək üçün qanunverici orqanı da möhkəmləndirmək lazım idi. Və 2018-ci il növbədənkənar prezident seçkisindən cəmi iki il yarım sonra - sentyabrın 27-də Vətən müharibəsini başlatdı və qələbələrlə başa çatdırdı. Azad olunmuş ərazilərdə möhkəmlənmək, dövlətin, cəmiyyətin, ordunun gücünü yenidən toparlayıb həlledici addımlar atmaq gərəkdi. Belə də oldu: 2023-cü ilin sentyabrında çox qısamüddətli antiterror tədbirləri ilə ölkənin suverenliyi də tam bərpa olundu. İndi qalır bu əraziləri tam bərpa edib, məskunlaşdırmaq, Ermənistanla sərhəd məsələlərini həll etmək, sülh müqaviləsinə nail olmaq və "Orta dəhliz" layihəsi ilə bağlı mühüm işləri görmək. İndiki növbədənkənar seçkinin məntiqi budur. Prezident elə birinci özündən başlayıb; öz seçkisini ölkənin bütün ərazisində keçirmək qərarını verib. Bu, Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində təsbiti və təsdiqi olacaq.
Bu, həm də Qarabağı könüllü tərk etmiş erməniəsilli əhalinin geriyə qayıtması üçün bir mühüm mesajdır; onlar saxta "qaçqın" statusunda qalmaq istəmirsə, Azərbaycan vətəndaşlığını qəbul edib ölkə prezidentinin seçkisinə qatıla bilər. Bu, normal, sivil qaydada hüquqi, siyasi, sosial və sair müstəvilərdə reinteqrasiya üçün yaradılmış fürsətdir. Ölkə prezidenti bu seçkilərlə Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan olduğu faktını bir daha öz nümunəsində hüquqi-siyasi, eyni zamanda mənəvi-psixoloji baxımdan konstatasiya etmiş olacaq. Bu, tarixi qələbəyə siyasi legitimlik havasını da qatacaq.
Bəli, Prezident öz namizədliyini yenidən verəcək və yenidən növbəti müddətə ölkənin ən yüksək postuna seçiləcək. Çünki hazırda xüsusilə son 3 ilin hadisələrindən sonra cəmiyyətdə dəstəyi kifayət qədər artıb; nə ölkənin içində, nə xaricində İlham Əliyevin yenidən dövlət başçısı seçiləcəyinə şübhə yeri yoxdur.