Türkiyədə komfort həyat yaşayan, qeyri-leqal yollarla əldə olunanlar hesabına zəngin həyatını reklam edən sosial media fenomenləri və blogerlər bir-bir "vergi qaçaqmalçılığı" itthamı ilə qandallanır.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu kateqoriyadan olanlara qarşı əməliyyatların intensivləşdiyi bir ərəfədə isə Türkiyə Böyük Millət Məclisi sosial media platformaları, xüsusiylə TikTok şəbəkəsi ilə bağlı qanunvericiliyə dəyişik etməyə hazırlaşır.

Məlumata görə, hazırlanmaqda olan yeni qanun layihəsinin məqsədi sosial mediada fəaliyyət göstərənlərin gəlirlərini araşdırmaq və vergiyə cəlb etməkdir: "Yeni qanunda həmin şəxslərin qazancının mənbəyi araşdırılacaq. Onların gəlirləri tam vergiyə cəlb olunacaq. Bu məqsədlə sosial media platformaları üçün yeni qaydalar tətbiq olunacaq. Qaydalara əməl etməyənlərə qarşı isə məhdudiyyətlər tətbiq olunacaq, yayım və reklam qadağalarına məruz qalacaq. Hətta ölkədə yayımı üçün lisenziyanın ləğvi də daxil olmaqla, digər sanksiyalar tətbiq oluna bilər. Artıq bu barədə TikTok-un nümayəndəliyinə məlumat veirlib".

Xatırladaq ki, bu hal Azərbaycanda da geniş yayıb. Hətta TikTok-da LGBT-çilər və onlarla birgə restoran, geyim, obyekt, hətta mərc (Azərlotereya, Topaz) kimi qumar oyunları reklam edən ciddi media nümayəndələri də az deyil. Maraqlı budur ki, ölkəmizdəki tiktokerlərin çoxu demək olar ki, Türkiyədəki fenomenlər kimi zəngin həyat yaşayırlar, günləri qrup halında bahalı restoranlarda keçir, bahalı maşınlar sürürlər və s..

Bəs, bunların qaynağı hardandır?! 

Bu fikri qüvvətləndirən iddialar da az deyil.

Məsələn, bu gün "Reportyort.info" saytnın rəhbəri Arifə Əliyeva feysbuk-dakı səhifəsindəı belə bir post paylaşıb: "Əlimdə Baboşun iş adamından 1000 manat pulu beh kimi aldığını əks etdirən görüntü var. Sonradan da nəzərdə tutulmuş reklamı etmir və pulu da qaytarmayıb.Təsəvvür edin bunu ay ərzində ona müraciət edənlərin sayına vuranda, Baboşun niyə bahalı həyatı olmasın?".

Göründüyü kimi, belə qanunsuz vergi halları sosial şəbəkələrdə həddən artıq çoxdur. Şübhə yox ki, eynən Türkiyədə olduğu kimi, Azərbaycanda da bu reklamların böyük əksrəiyyəti vergiyə cəlb olunmayıb.

Elə isə sual yaranır: bizdə də Türkiyədə olduğu kimi, sosial media fenomenlərinə qarşı əməliyyat başlaya bilərmi?

P.S. Mia.az bu istiqamətdə, xüsusilə "Azərlotereya", Topaz və onlarla işbirliyi içində olan PR şirkətləri barədə araşdırmaya başlayıb. Ümumiyyətlə, Demirörənə bağlı olan bu şəbəkə sosial mediada kimlərlə reklam və ya antireklam əlaqələri qurub və bunlar vergiyə cəlb olunubmu? 

Samir Musayev

MİA.AZ