UEFA Çempionlar Liqasının A qrupunun 5-ci oyununda  İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edəcək "Qalatasaray"ın kapitanı Fernando Muslera matçla bağlı fikirlərini bölüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uruqvaylı qolkiper bu gün Bakı vaxtilə saat 21.45-də başlayacaq matçdan əvvəl Florya Metin Oktay Təsislərində təşkil edilən mətbuat konfransında açıqlama verib.

Matçın əhəmiyyətinə toxunan Muslera deyib: "Matç haqqında deyiləcək çox şey yoxdur. Meydanda nə etməli olduğumuzu bilirik. Çempionlar Liqası klublar arasında keçirilən ən böyük turnirdir. Oyuna hazırıq".

Karyerasının ilk Çempionlar Liqası matçını "Qalatasaray" forması ilə "Mançester Yunayted"ə qarşı keçirdiyini xatırladan Musleranın sözlərinə görə, qələbə qazanmaları üçün kifayət qədər güc və təcrübələri var.

İngilis jurnalistin "Qalatasaray" azarkeşlərləri barədə sualına isə Muslera cavab verib: "Əgər indiyədək burada olmamısansa, oyuna bax və zövq al. Təbiii, hər stadionun fərqli ab-havası var. Bizim azarkeşlərimiz 12-ci adamımızdır. Bunu çoxdan deyirəm və inandığım budur".

Fərid

MİA.AZ