Vahid TAĞIYEV
***
Uşaqlıq və gənclik illərində Şuşada, Kəlbəcərdə, Xankəndində çox olmuşam, aylarla orada yaşamışam...
Ağdamda, Laçında, Cəbrayılda şirin xatirələrim var... Digər işğaldan azad edilən füsunkar torpaqlarımıza də bələdəm. Göz oxşayan uca, əzəmətli dağlar, nadir ağacları olan sıx meşələr, yaşıl yamaclar, İlahi tərəfindən sərilmiş xalçaya bənzəyən çəmənliklər, al-əlvan, ətirli, nazlı çiçəklər, buz kimi sərin bulaqlar, coşqun şırıltılı çaylar yaddaşıma əbədi hopub... Bəzi qayaları, daşları, yamaçları, otları, bitkiləri, çiçəkləri dəqiqliyi ilə xatırlayıram, hər zaman onlara toxunmaq, qoxulamaq, sığallamaq istəyi keçir içimdən...
Vətənimizin bu gözəl yerlərinin işğaldan azad edilməsini düşündükcə, fiziki mümkün olmasa da ruhən özümü gənclik illərinə qayıtmış hiss edirəm...
Bu torpaqlar yeraltı təbii sərvətlərlə zəngindir. Bu bölgələrin təkrarsız tarixi şəxsiyyətləri, içtimai xadimləri və sənətkarları ilə qürur duyuruq.
Təbiətimizin gözəlliyini ilk dəfə məhz bu torpaqlarımızda duyub sevmişəm. Bu yerlərin düşməndən azad edilməsini hər gün təkrar- təkrar düşündükcə Allaha şükürlər edirəm! Əlbəttə, bu qələbəni bizə qazandıranlara dərin ehtiram, minnətdarlıq hissi ilə.
Düşünürəm...
Bəzən böyük şəxsiyyətlərin tərcümeyi - halı həmin dövrün tarixinə çevrilir. Buna ən bariz nümunələrdən biri Pənah xan öz tərcümeyi - halı ilə Qarabag tarixini yaratmasıdır. Eşitmişik ki, zamanla tarix təkrar olunur. Bəli, böyük qələbələrlə Qarabağ öz ikinci Pənah xanını qazandı. Habelə Azərbaycanın işğal altında olan torpaqları son 200 ildə ilk dəfə olaraq İlham Əliyev sərkərdəliyi və siyasi müdrikliyi ilə azad edilərək qəhrəmanlıq tarixi yazıldı.
Əminəm ki, yaşadığımız müasir, yeni tarix həmişə təhlil olunarkən aşağıdakı iki amil qürur dövrü kimi ayrılmadan, xüsusi səciyyələnəcək:
1. İlham Əliyevin Azərbaycanda prezidentlik dövrü;
2. Həmin dövrdə Azərbaycanın dünyada ən qüdrətli, güclü bir dövlətə çevrilməsi, Zəfər, qəhrəmanlıq salnaməsinin yazılması;
Odur ki, neçə əsrlər gəlib keçsə də, bu iki - bir birini tamamlayan məsələ haqqında birlikdə yazılacaq, danışılacaq. Çünki prezidentimizin hakimiyyət illəri Azərbaycan tarixinə yazılmış şərəfli qəhrəmanlıq səhifələri tarixidir.
Bugünkü dövlətimiz ən qədim zamanlardan bu günə kimi yaranmış ən güclü, dünyada nüfuzlu və gələcək üçün ən etibarlı, qarantlı Azərbaycan dövlətidir.
Mia.az