Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi açılıb.

Mia.az Tovuz rayon Prokurorluğuna istinadla xəbər verir ki, noyabrın 18-də Tovuz rayonunda yerləşən fermalardan birində yanmış insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1988-ci il təvəllüdlü Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nayihəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Eldar İbrahimov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirilib ki, noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.