Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, bu gün günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib.

Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:

“Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər”-deyə mərhumun anası bildirib.

Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da, buna nail ola bilməyib və “Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır(Report)).

***

Noyabrın 12-si Yevlax rayonu ərazisində 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun baş nahiyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə Yevlax rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.