Vahid Tağıyev
***
Hazırda çox sürətlə yeniləşən, inkişaf dövründə yaşayırıq.
Bu gün dəqiq hesablamaq mümkün deyil ki, 7, 8 ildən sonra əmək bazarından nələr, hansı bacarıqlar tələb olunacaq, nə daha çox əhəmiyyət kəsb edəcək. Buna hazır olmaq üçün bu günün şagirdləri (o cümlədən tələbə, yaxud mütəxəsis) ilk növbədə müstəqil öyrənmək bacarıqlarına yiyələnməlidir.
Ən perspektivli bilik, bacarıq bazası rəqabətqabiliyyətli vəziyətə hazır olan, yaxud dəyişən yeniliklərə çevik uyğunlaşmağa imkan yaradandır. Dəyişən sürətli inkişafla ayaqlaşan mütəxəssis olmaq müstəqil öyrənmə bacarıqları olmadan mümkün deyil. Unutmamalıyıq ki, hazırda şagirdlərin hərtərəfli inkişafına nail olunması kimi mühüm məsələ məktəb çərçivəsində mümkündür. Bir, iki fənni fərdi şəkildə repititorla mükəmməl öyrənməklə hərtərəfli inkişaf edən şəxsiyyət yetişdirmək olmaz.
Valideynlər bu məsələdən nə qədər məlumatlıdır, yaxud övladlarının müstəqil öyrənmə bacarıqları üçün üzərlərinə düşən məsuliyyəti nəzərə alırlarmı?
Şagirdlərlə daimi, sistemli şəkildə ünsiyyətdə olan müəllimlərimiz onlarda bu prinsipləri nə qədər və düzgün aşılaya bilirlər?
Nəzərə almalıyıq ki, bu məsələ bu günün məktəblisinin, sabahın müstəqil olan hər bir şəxsinin, mütəxəssisinin gələcək mövqeyi, karyerası üçün başlıca amillərdəndir. Eyni zamanda, təhsilimizdə keyfiyyətin dinamik olaraq artması, cəmiyyətimizin ümumi inkişafı və nəticədə iqtisadi qüdrətimizin yüksəlməsi müstəqil öyrənmə bacarıqlarından keçir.
Öyrənmək, bu yolda axtarış aparmaq, hər bir şəxsin daxili tələbatına, istəyinə çevrilməlidir.
MİA.AZ