Fikrət YUSİFOV,
Iqtisad elmləri doktoru, professor
***
Qarabağ Zəfərinin təməl daşı 1993-cü ildə Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsi ilə qoyuldu.
Onun Bakıya dönüşü xalqın tələbi idi. Heydər Əliyev gəldi və qarşısında dayanan dağ boyda problemləri göz önünə alıb,
Azərbaycanı bir dövlət kimi parçalanaraq məhv olmaqdan xilas etdi. Ölümlə olum arasında çarpışan bir ölkəni reanimasiya etmək, onu salındığı dərin bataqlıqdan çıxartmaq məharəti yalnız nəhəng siyasi liderə - Heydər Əliyevə məxsus ola bilərdi. O, gəldi və bu gün dünyada hamının hesablaşdığı güclü Azərbaycanın yaradılmasının təməl daşını qoydu və Qarabağımızın xilas yollarını müəyyənləşdirdi.
Bu gün Azərbaycan Xankəndidə Zəfər Bayramına həsr olunacaq hərbi parad keçirməyə hazırlaşır. Ayılaq - bu röya deyil, 30 ildən çox röyalarımızda görüb, həsrətini çəkdiyimiz və hamımızın xoşbəxt olduğu bir gündür. Bu günə uzun və çətin bir yol keçərək gəlib çatdıq.
Bir dövlətin müstəqilliyinin dayanaqlığı onun iqtisadiyyatının durumundan bilavasitə asılıdır. Güclü iqtisadiyyat varsa, deməli güclü dövlət var, deməli o dövlətin güclü ordusu var.
Ulu Öndər hakimiyyətə gəldikdən sonra onun qarşısında güclü Azərbaycan Dövləti qurmağın iki yolu var idi. İqtisadiyyatı tamamilə dağılmış, maliyyə vəziyyəti acınacaqlı halda olan bir ölkə ya küllü məbləğlərdə xarici borclanmaya getməli ya da enerji sektoruna xarici investisiyaları cəlb edib, bu yolla dövlətin iqtisadi imkanlarını artımalı idi. Bu iki yoldan ən doğrusu təbiətin Azərbaycana bəxş etdiyi enerji resurslarının istismarına xarici kompaniyaları cəlb etməkdən keçirdi. Ona görə də Ulu Öndər, dərhal dünyaca məşhur neft kompaniyaları ilə Xəzər hövzəsindəki neft yataqlarının birgə istismarına dair müqavilənin – Əsrin Kontraktının hazırlanmasına start verdi. Neft və onun gətirəcəyi mənfəətin böyük olmasına baxmayaraq bu kompaniyaların bir qayda olaraq ictimai-siyasi sabitliyin olmadığı və eyni zamanda müharibə vəziyyətində olan bir məmləkətdə milyardlarla dollar həcmində yatırımlar etmək qədər risklərə getməsi mümkün deyildi. Lakin onlar bu risklərə getdilər. Çünki Azərbaycan Dövlətinin başında siyasi nəhəng Heydər Əliyev dayanırdı. Ona güvənirdilər, bilirdilər ki, belə bir rəhbərin idarə etdiyi ölkə tezliklə öz qamətini düzəldib, regionun ən qüdrətli dövlətinə çevriləcəkdir.
Ulu Öndərin möhkəm təməl üzərində qurub yaratdığı Azərbaycanın dünyəvi bir dövlətə çevrilməsi işini Onun layiqli davamçısı Prezident İlham Əliyev başa çatdırdı. İlham Əliyev Azərbaycanı tarixdə bənzəri olmayan qısa zaman kəsiyində dünyada hamının hesablaşmalı olduğu güclü bir dövlətə çevirdi. Bu gün Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 2/3-nə, dünyanın inkişaf etmiş ölkələrinin həsəd apara biləcəyi bir Orduya, dayanaqlı sosial duruma, nümunəvi ictimai-siyasi vəziyyətə sahib bir ölkədir.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatlar nəticəsində, ötən 20 ildə Azərbaycanın iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, qeyri-neft sektorunda istehsal olunan ümumi daxili məhsulun nominal həcmi 16, dövlət büdcəsinin gəlirləri 30 dəfəyə qədər, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 67 dəfədən çox artıb. Əgər 2003-cü ildə dövlətimizin xarici borcunun ÜDM-də payı 21,6 faiz idisə, 2022-ci ildə həmin rəqəm 9,5 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan dünyanın ən az borclanan ölkələri siyahısında ilk yerlərdə qərarlaşıb. Bütün bunlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə sözügedən dövrdə əldə olunan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.
Bir sözlə, Azərbaycan Qarabağın Zəfər Salnaməsini özünün güclü iqtisadiyyatını yaratmaqla yaza bildi. Məhz güclü iqtisadiyyat bizə geniş maliyyə imkanları yaratdı və biz dünyanın ən güclü ordularından birini qura bildik.
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev iqtisadi strategiyasını və onun tərkib hissəsi olan neft-qaz strategiyasını uğurla davam etdirərək, Azərbaycanı Avropanın enerji təminatçısına çevirdi. Bu uğurlar Beynəlxalq siyasi müstəvidə Azərbaycanı söz sahibinə çevirdi.
Və sonda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ Zəfəri Salnaməsini yazdı. Bu gün Azərbaycan Ordusunun 35 illik separatizmin kökünü 44+1 gündə uğurla kəsməsindən bütün dünya danışır. Belə də olmalıdı. Çünkü dünyada separatizmə bu qədər ağıllı bir şəkildə heç kim qalib gələ bilməyib.
Dünyada yaşayan 50 milyonluq azərbaycanlıların Zəfər Bayramı Mübarək olsun!
MİA.AZ