Filippində radio aparıcısı Xuan Cumalon canlı yayım zamanı güllələnərək öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, aparıcı Xuan Cumalon Calamba bölgəsindəki evində Feysbuk-da canlı yayımda olarkən evinə dinləyici adıyla soxulan şəxs tərəfindən iki güllə sıxılaraq öldürülüb.

Hadisə anının videosunda aydın görünür ki, sui-qəsdçi güllələdikdən sonra aparıcının boynundakı qızıl boyunbağısını da qırıb qaçır.

Hadisə barədə yerli polisin verdiyi məlumata görə, aparıcı elə hadisə yerindəcə vəfat edib: "Qatil aparıcını öldürdükdən sonra onu bayırda gözləyən motosikletə minərək qaçıb. Onların tezliklə həbs edilməsi üçün geniş əməliyyat istintaq tədbirləri başlayıb".

Məlumatda hadisənin səbəbinin hələki aydın olmadığı deyilir.

Filippin prezidenti Ferdinand Markos isə hadisəyə münasibətdə cinayətkarların tezliklə tapılaraq layiqi cəzalarına çatdırılacağına söz verib: "Bizim ölkəmizdə, demokratiyamızda jurnalistlərə qarşı hücumlara yol verilməyəcək. Mətbuat azadlığını təhdid edənlər əməllərinin bütün nəticələri ilə üzləşəcəklər”.

 Filippinin Milli Jurnalistlər Birliyi Jumalon ilə birlikdə 1986-cı ildən bu yana ölkədə 199 jurnalistin öldürüldüyünü açıqlayıb.

Samir Musayev

MİA.AZ