Maliyyə çətinlikləri içində çabalayan "Bakı"yla
bağlı ilginc xəbərlər gəlməkdə davam edir. Neçə aylardı futbolçuların maaşını,
təlim-məşq bazasının kommunal xərclərini ödəyə bilməyən klubda daha ciddi
problemlər var.
futbolinfo.az-ın xəbərinə görə,
"Bakı"nın bəzi futbolçuları yaxınlarda şok xəbərə üzülüb. Klub
rəhbərliyinə yaxın banklardan birinə
pulunu götürmək üçün gedən futbolçular hesablarında qara qəpik də
olmadığını görüblər. Onlar pullarını depozit kimi qoymaqla əlavə faiz qazanmaq
istəsələr də, əllərindəkini də itiriblər. Ən çox ziyan isə Əfran İsmayılova
dəyib. Banka 400 min dollarını etibar edən yarımmüdafiəçinin hesabında indi
yalnız bircə 0 var.
Futbolçular bunun səbəbini araşdırarkən isə bəlli olub ki,
klubdan futbolçuların adına kredit götürülüb. Uzun müddət həmin kreditlər
ödənilmədiyindən bank da məcburən köçürülməli olan məbləği həmin depozit puldan
çıxıb, beləcə hesabdakı məbləğ tükənib. Bunu kimin etdiyini aydınlaşdıra
bilməsək də, problemi maliyyə çətinliklərini həll etmək üçün bu yola əl atan
klub rəhbərliyinin yoluna qoymalı olacağı aydındı. Amma söhbət elə məbləğlərdən
gedir ki, bunu kommunal xərcləri belə ödəyə bilməyən "Bakı"
rəhbərliyinin həll edəcəyi şübhəlidi.
Mia.az-ın bu xəbərlə bağlı apardığı araşdırma zamanı isə ortaya maraqlı fakt çıxıb.
Saytmıza bildirilib ki,
futbolçular pullarını klubun sahibi,
«Hafka» ləqəbli iş adamı Hafiz Məmmədova məxsus olan
«Bank of Azerbaijan”a yerləşdiriblər.
Elə pul da son aylar müflisləşməkdə olan həmin bankdan «yox»a çıxıb. Daha dəqiqi, həmin vəsaitlər qanunsuz götürülərək «Hafka»nın biznes və digər layihələrinə xərclənib.
Faktın üstü açıldıqdan
sonra futbolçulara bunu ictimailəşdirməmək xahiş olunub və bildirilib
ki, məsələ qısa zamanda həll olunacaq. Amma indi aydın olur ki, problem nəinki həll olunub, əksinə, daha ciddi xarakter alıb.