Çingiz ÖZGÜR

***

Deyəsən, geniş izahata ehtiyac var.

Acun nə elədi? Bəlkə də Acun yox, zəif təşkilatçılqı elədi? Yüz ilin ustasını divar hörməyə çağıranda, usta maraqlanır ki, görüm burda nə etmək lazımdı? Acuna nə etmək lazım olduğu ya deyilməmişdi, ya da o özü diqtə etmişdi ki, belə olacaq.

Gəlin lap başdan başlayaq:

Acun səhnəyə deyilən və elan olunan, afişada yazılan, biletlərin üstündə olan vaxtdan düz 1 saat gec çıxdı. Bir kəlmə üzr istəmədi, gecikmə ilə bağlı nə o, nə də təşkilatçılar tamaşaçılara bircə kəlmə söz belə demədi, üzrxahlıq etmədilər. Məsələn, deyə bilərdilər ki, "yaxşı eləmişik"...

Gecikmə üçün ordan burdan eşitdiyimiz səbəb bu idi ki, fəxri xiyabana gedib.

Birincisi, adamın özəl təyyarəsi olduğunu nəzərə alsaq, əvvəlcədən planlaşdıra bilərdi. Vaxtı idarə etməyi də biz ona öyrətməyəcəyik ki!

İkincisi, bu ölkəyə gələn heç kəsi təyyarədən düşüb fəxri xiyaban getməyib deyə ölkədən qovmayıblar. Gecə qaranlığında, şər vaxtı tələm-tələsik edilən ziyarətdənsə, səhər gedib daha yaxşı ziyarət edə bilərdi.

Acun yenicə savaşdan çıxmış qardaş ölkədə olduğunun, bu savaşda Türkiyənin Azərbaycana verdiyi və davam edən dəstəyin nə qədər önəmli olduğunun, sanki fərqində deyildi, Azərbaycanın qələbəsi ilə bağlı bir kəlmə demədi, şəhidləri xatırlamadı. Borclu idimi, yox! Etməli idimi, bəli! Biz Acundan gözləyirdik.

Yerimizdə oturduqdan 40 dəqiqə sonra məlum oldu ki, aşağı zal boşdur, hamını çağırırlar orda oturmağa ki, Acundan ayıbdı, yerlərin boş qaldığı görünməsin. Səhv idi ya düz demirəm, deyirəm ki, bunu satılan biletlərə baxıb, əvvəldən də etmək olardı. Kimsə tədbir günü günortadan sonra bilet alan deyildi hər halda.

Başlanğıcda təşkilatçı şirkət özləri haqda rolikin verilməsini belə təşkil edə bilmədilər. Aparıcı elan etdi. 1-2 dəqiqəmiz də beləcə keçdi, sonra məlum oldu ki, təşkilatçı öz rolikini təşkil edə bilmir...

Acun varlanmağın sirrini deyəcəkdimi, bunumu gözləyirdik? Əlbəttə ki, yox. Birincisi, o heç özü də bilmir, ikincisi də, belə bir sirr yoxdu ki, deyilə və sən gedib varlanasan. Yəni bizim o qədər sadəlövh olduğumuzu düşünən dostlar ya zarafat edirlər, ya da özləri sadəlövhdü.

Acun nədən danışmalı idi? TV-də mühabirlikdən başlayıb TV sahibi olmağa qədər keçən yoldan, başarıdan. Amma deyəsən kimsə ona demişdi ki, bizimkilərinki, mırtdı, gülməkdi. Güldür, kefləri gələcək. "Televole" və "Acun Firarda" da baş verən gülməli hadisələri danışdı və bitdi. Təqribən 45-50 dəqiqə. Adam böyük layihələri necə aldığından, Tv-ni necə alıb, necə qurduğundan, iş prinsiplərindən, böyük başarılarından bir kəlmə belə etmədi. Eləcə, "arkadaş ortamında" söhbət edirmiş kimi, 2-3 gülməli hadisə danışdı vəssalam.

Acun mənim gözümdən düşdümü? Xeyr! Möhtəşəm adamdı. Simpatik, səmimi, enerjili.

Tədbir necəydi? Sıfırla birin arasında, sıfıra daha yaxın. Bunu çıxışda gördüyüm sponsor dostların üzündəki ifadədən, tamaşaçıların danışığından da aydınca görmək, eşitmək olurdu.

Deyəsən Acun, "ya adına layiq, ya adamına layiq" məsəlinin ikinci hissəsini rəhbər tutmuşdu. Və tamamilə yerinə yetirdi. Bizə bunu layiq gördü. Bəlkə də Acun yox, elə biz özümüz, özümüzə bunu layiq gördük?

Xüsusi qeyd: Bilet almamışdım, dostlar sağolsun, dəvət etmişdilər.

MİA.AZ