Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
***
Doğulduğum məkan həmişə ictimai-siyasi proseslərin mərkəzində olub. O məkanda aclığı da yaşamışıq, kasıbçılığı da, saatlarla çörək növbəsini də. Bəzən çörək ala bilməmişik də o saatlarca sürən növbələrdə... Hələ bunun blokadası da varkən...
Heç yadımdan çıxmaz. Naxçıvanda bütün qidalarla yanaşı qənd də qəhətə çıxmışdı. Anam şəkər tozu ilə nabat bişirmişdi ki, qənd əvəzi istifadə edək. Yaxın bir tanış qonaq gəlmişdi. İki ayağını bir başmağa dirədi ki, "mən qəndsiz çay içəmmirəm". Anam qonşudan iki tikə qənd aldı ki, qonaq çayını içsin. Anamın keçirdiyi o əzab dolu saniyələr yadıma düşəndə....
Naxçıvan camaatı həmişə Allaha yalvarırdı ki, qışda hava sis-duman olmasın. Həə, bir dəfə iki qohum yeddi gün bizdə qalası oldular. Təbiətin şıltaqlığı yeddi gün bizə zülm yaşatdı. Elə bir zamanda yeddi gün iki nəfərin "ailə büdcəsinə" girməsi ağır idi. Təyyarə çən səbəbindən yeddi gün uça bilmədi...
Yadımdadı, üç il əvvəl 44 günlük müharibə sonlananda ən çox ünvanlanan sual bu idi: "Hanı Xankəndi, hanı Xocalı?" Bəzən o suallardan o qədər bezirdim ki... Amma o adamlarla söhbətimdə dəfələrlə qeyd etmişdim, "Prezidentimə inanıram, o da olacaq"... və oldu.
Dünən Xocalıda, Xankəndində, Əsgəranda, hətta Sərsəng su anbarında bayrağımız ucaldıldı. Bütövləşdik, tamlaşdıq, cəmləşdik... O bayraq oralarda daha da möhtəşəm göründü. 31 illik iztirab sona yetdi. Dünən ən çox Xocalıda qətl edilən 613 şəhidin ruhu rahatlıq tapdı. Xocalı sevindi, paklandı.
Üç il əvvəl "Xocalı, Xankəndi hanı?" sualı verənlər indi də "Naxçıvan məsələsi nə oldu, dəhliz məsələsi nə oldu?" - deyirlər. İndi də deyirəm, "Prezidentimə inanıram, o da olacaq". Həm də mütləq olacaq. Bildiyim odur ki, Ali Baş Komandan yarımçıq iş saxlamağı sevmir. Bunu da edəcək, həm də zərgər dəqiqliyi ilə... O qədər hegemonların qabağında sinə gərmək, onlarla sözün əsl mənasında "döyüşmək" hər oğulun işi deyil. Amma İlham Əliyev bacardı...
Ümid sonda ölür. İlham Əliyev ümidləri ölməyə qoymur. Közərən işıqları bərq vurmağa vadar edir. Deməli, Naxçıvanın da blokadanı yarmağına az qaldı. Həm də çox az...
MİA.AZ