Elxan ŞÜKÜRLÜ

Siyasi şərhçi

***

Oktyabrın 7-də başlayan HƏMAS-İsrail savaşının artıq 7-ci günüdür.

1967-ci ildə İsrail cəmisi 6 gün ərzində Misir, İordaniya və Suriyanı məğlub edərək, hər üçündən xeyli ərazi qoparmağı bacarmışdı.

Ancaq bu dəfə, deyəsən, daş qayaya rast gəlib...

90-a yaxın nüvə döyüş başlığına və mükəmməl hərbi texnologiyaya malik İsrail dünyanın ən sıx əhalisinin olduğu – 2,3 milyon nəfərin yaşadığı 365 kvadrat kilometrlik Qəzza bölgəsini 7 gündür aramsız şəkildə bombardman etsə də, HƏMAS hələ təslim olmur.

Qəzzaya gedən su, işıq, qaz və internet xətləri tamamilə kəsilib, ərzaq və yanacaq tədarükü dayandırılıb, yaşayış binaları, mülki infrastrukturlar yerlə-yeksan edilir. İsrail ordusu hətta qadağan olunmuş bombaların tətbiqinə də əl atıb.

BMT-nin son hesabatına görə, artıq 426 min nəfər yaşayış yerini tərk edib. Ölən və yaralanan mülki əhalinin sayı isə durmadan artır.

İsrail əhalinin bölgəni tərk etməsi üçün 24 saat vaxt verdiyini elan edib.

İsrailin hədəfi bəllidi: yaranmış fürsətdən maksimum yararlanaraq, Qəzzanı tamamilə boşaltmaq, fələstinliləri bu torpaqlarından çıxmağa məcbur etmək və gələcəkdə bu strateji sahilyanı ərazidə də məskunlaşma aparmaq!

Ancaq İsrailin hədəfinə çatması üçün aviasiya və artilleriya hücumlarının ardınca irimiqyaslı quru əməliyyatları da keçirilməlidir. Bu isə uzun illərdir yeraltı tunellerlə bölgədə müdafiə zolaqları qurmuş fələstinli mücahidlərin İsrail əsgərlərinə xeyli itki verməyə çalışacaqları ehtimalını da artırır. Çünki ölümü xilas və nicat yolu bilən bir xalqı məğlub etmək asan iş deyil!

Hər iki tərəfin bir-birinin iradəsini qırmaq və kütləvi xof yaratmaq üçün mülki əhalini hədəf seçməsi itkilərin daha çox olacağını, tezliklə müdaxilə olmazsa, savaşın əhatə dairəsinin və müddətinin artacağını göstərir.

Son Rusiya-Ukrayna savaşında BMT qərarlarından, BMT Nizamnaməsinə hörmətin vacibliyindən bağıra-bağıra danışanlar, bütün dünya boyu işğalçıya qarşı tədbir görülməsini tələb edənlərsə yenə də susaraq, kar, kor, lal olublar...

Görünən odur ki, bu savaş ədalətli həllə yekunlaşmadıqca, müsəlman, yəhudi (iudaizm) və xristianların müqəddəs saydığı bu coğrafiyada körpələrin qanının axıdılması Qiyamətədək sürəcək.

Hər bir ata bu fotoda özünü görmədikcə, onun yaşadıqlarını hiss etmədikcə, savaş durmayacaq!

MİA.AZ