Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov Mübariz Məhərrəm oğlunun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Mehnətov Pərvin Qurbanəli oğlu olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.
Faktla bağlı araşdırma aparılır.