Elxan ŞÜKÜRLÜ

***

İndiyədək dünyanın ən yaxşı nitqləri sırasına daxil edilən və 2500 il yaşı olan məşhur bir çıxış var: Qədim Yunanıstanda Afinalı Periklin öz döyüşçülərinin dəfni zamanı onların məzarı üstə söylədiyi nitq!

Məzmunca çox möhtəşəm və olduqca təsirli bir çıxışdır, rəhmətlik Hikmət Hacızadənin tərtib etdiyi “Demokratiya: gediləsi uzun bir yol” kitabında tam mətni yer alıb.

Afina şəhər-dövlətinin başçısı Periklin həmin çıxışı bu cümlələrlə bitir: “...Şəhərimizin əzəmətinə görə fərəhlənərkən, unutmayın ki, bu şəhəri şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaradıblar... Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın!”.

Bu gün – 27 Sentyabr da bizim yenidən doğuluş, yaradılış və həyatımızı büsbütün dəyişən günümüzdür!

Çünki məhz bu tarix uduzmuş, bölünmüş, məyus əhvalda və başıaşağı olan bir milləti yenidən toparlayıb birləşdirdi, dirçəltdi, ayağa qaldırdı, qeyrət və şərəf hissiylə düşmən üzərinə apardı və sonda da böyük bir zəfərə çatdırdı!

İndi və bundan sonra da ölkəmizin uğurlarına, özümüzün və övladlarımızın isti evlərdə rahat, təhlükəsiz həyatına görə sevinib fərəhlənərkən, heç vaxt unutmamalıyıq ki, bu böyük zəfəri bizə yaşadaraq, gözəl gələcəyimizin təməllərini atanlar məhz şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən, onu vicdanla yerinə yetirən, hərbi təhlükələrin gözünə dik baxaraq düşmən üzərinə cəsarətlə yeriyən igidlərimiz, şəhid övladlarımız olublar!

Adlarını millətimizin şərəf və qürur tarixinə qanlarıyla əbədi olaraq yazmış bu örnək övladlarımızı sonsuz minnətdarlıq və şükranlıq hissiylə anır, tükənməz ehtiramımızı bildiririk!

Müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi, “...Onlar həmişə diridirlər” və millətimiz var olduqca, onlar da yaşayacaqlar!

MİA.AZ