Zahid ORUC,
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili
***
I Pyotrun Xəzərətrafı ərazilərin fəthi ilə başlayan, Qara dəniz və Krımda, o cümlədən Zaqafqaziyada Persiyaya və Osmanlıya qarşı vahid xristian cəbhəsini təşkil edən siyasəti fasilələrlə yüz minlərlə insanın ölümünə, davamlı köçürülmə və etnik-milli xəritələrin dəyişməsinə səbəb olandan 300 il sonra, nəhayət, burulğan kimi çəkilib gedir, böyük Qafqazın gerçək tablosunu üzə çıxarır.
Coğrafi yüksəklikləri istehkamlara çevrilməkdən xilas edən İlham Əliyev regionun bütün xalqlarını xilas edir. İrəvan küçələri qlobal-siyasi dəyişiklikləri geri döndərmək gücündə deyil.
Əliyevin “zəhər yuvası" adlandırdığı, əsrlərdir açılmayan Qara Bağın "Qordi düyünü"nün kəsilib atılması müxtəlif quruluşlardan keçən iki xalqın zorən qatıldığı Lenin-Stalin imperiyasında 70 illik dinclikdən savayı başqa tarix tanımır. Nifaq ocağının sönməsi ilə yeni arxitektura quruculuğu qaçılmazdır. Əliyev, Ərdoğan və Putin arasında razılaşma qlobal hücumlara tab gətirən hələ ki, yeganə platformadır.
34 il öncə Çauşeskunu edam kötüyünə apararkən lənətlədiyi Qarabağ, Sovetlər Birliyinin çöküşü, separatizm virusunun yayılması ilə Osetiya, Abxaziya, Dnestryanını anomaliyalara gətirdi. İndi əks proseslər yenə bizim bölgəmizdən başlayıb. Yüz illərdir “Parçala və hökm sür” siyasəti, Əliyevin “Birləşdir və idarə et” hökmü ilə əvəzlənir. Qafqazın vahidliyi və harmonik inkişafı bərpa olunur, tarixin fəlakətli və qanlı axınları sinxronlaşır, bir-birilə toqquşan mədəni, siyasi və hərbi mənafelər, nəhayət, uzlaşmaya qovuşur.
Gerçəkdən daha nə qədər öldürmək olar? Uzaq paytaxtlara “əllərinizi çəkin” deyən Əliyev təkcə təmsil etdiyi xalqı deyil, on illərdir səngərdə ömür sürən osetin və svanın, abxaz və gürcünün, əsrlərdir bölgənin ağır taleyini paylaşan ləzginin, avarın, nəhayət, 300 ildir liderlərinin yanlış qərarlarından külli itkilərə məruz qalan ermənilərin, onların dağıdıcı əllərindən ziyan çəkən azərbaycanlıların mənafelərinin vahid ifadəçisidir. Böyük Üzeyirin 1919-cu ildə uzaqgörənliklə yazdığı “ey qafqazlılar, birimizin evi yananda, digərimiz rahat yaşaya bilmərik” çağırışı indi Vahid Qafqaz Evinin ortaq Uvertürası, inqilabi Marselyozası sayıla bilər. Həqiqətən, nə qədər qırıcılıq əsatirləri, düşmənçilik Vetxiy Zavetləri və proqramları bəstələmək olar? Bəs Birgə Yaşamın və Sülh Kitabının Quranını kim yazacaq? Sayad Novanın insani çağırışların sonunda türk nifrəti marşı – “atel turk’”i beyinlərdən kim yuyacaq?
Məgər, Daşnaksütunun 1898-ci il ideallarını 21-ci əsr reallığına daşımaq olar? Ən azı 3 sənaye inqilabı qədər köhnələn baxışları diri saxlayanlar yalnız siyasi avantüristlərdir. Milyonlarla əməksevər insanı, oxşar mədəni kökləri, təsərrüfat ənənələri və tale birliyi, bənzərsiz coğrafi və iqlim zənginliyi bir-birilə dinc şəraitdə yaşamaq üçün yetərli deyilmi?
İsa Məsihin İncilində dediyi kimi, indi daşların geri qayıdan vaxtıdır. 44+1=45 günlük Parlaq Milli Zəfər Epopeyası təkcə bir xalqın 3 əsrlik məğlubiyyətlərinin və acılarının sonu deyil, həm də ən azı 3 formasiyada- çarizm, sovetlər və müstəqillik dövründə erməni-azərbaycanlı, əslində isə qlobal müharibənin ədalətli sonu deməkdir.
20 illik strateji səbr və iradə, yorulmaz çalışmalar, Uca Tanrıdan torpaq istəyən milyonların duası nəhayət, qələbə çalır, uzaqgedən planlar udur, yeni dünya nizamı üçün bənzərsiz nümunə yaranır. İndi tam qətiyyətlə demək olar ki, Sovetlər Birliyini dağıdan Qarabağ nüvəsi 3 il əvvəl ikinci genişmiqyaslı müharibəyə çəkiləndə hələ başlamamış Rusiya-Ukrayna davasının 19-20 sentyabrdan sonra NATO-Rusiya savaşına çevrilməsi və nüvə təhlükəsini önləməsi üçün daha çox Azərbaycan liderinin barış missiyasına haqlı yol açır. Tehran 43-ə, Potstdama deyil, Bakıda iki qardaş xalqın-rus və ukraynalıların görüşünü təşkil etmək olar. 51 dövləti kollektiv Qərb sayan Putin öz ana şəhərini kiməsə vermək istəmir, övlad mülkünü də nüvə silahı ilə qoruyacağına əmindir.
Bəli, regionda tektonik silkələnmələr nəhayət, sabitləşir, dünənədək qarşı duran səngərlərdə bir-birini məhv edən İmamverdi Allahverdiyə su verir. Gözlərimiz önündə titanik mədəni və geosiyasi inqilab baş verir. 300 illik makrozaman çərçivəsində formalaşan Rus-Erməni ittifaqı dərin çat verir, bir-birilə qarşı duran səngərlərə çəkilir. Putin I Pyotrun köçürülmə qərarının ona cənubda daimi qeyri-sabitliyi yaxşı görür, gətirdiyi baş ağrıları çözməyə resurslar xərcləmək istəmir və ərazinin titullu xalqına söykənməyə qərar verir. Doğru seçimdir.
Həm də ağılasığmazdır. Axı Rusiya imperiyasının dəyişilməz postulatları var: İsrail Orinin planına Qərbdən dəstək almadığını görən Çarın 1711-ci ildə çıxardığı dekretlə o vaxtkı cənub arealına-Azərbaycan xanlıqları və Kartli-Kaxet çarlığı ərazilərinə köçürülən ermənilərin sadiqi-millət statusu itir, Moskvaya hökmranlıq, mühüm ticarət sövdələşmələri gətirən və Türkiyəni, İranı, Azərbaycanı, o cümlədən kollektiv Qərbin Cənuba doğru genişlənməyə qoymayan İrəvanı yenidən azərbaycanlılarla birgə idarəçiliiyə qaytarır. Gündəliyi əsrlərdir kənardan göndərilən qədim bir diyar əski statusunu bərpa edir. Əliyevin mənəvi-siyasi hakimiyyətinin ucaldığı tarixi məkanda İrəvanla Bakının birləşməsinə etiraz etməyə səbəb qalmır. Axı Xankəndidə 1988-ci ildən start götürən savaş məhz Rəvanqulu xanın yurdundan başlanmışdı. Orada da başa çatmalıdır.Xaosun sistemi olduğu kimi, nizamın da öz qanunauyğunluğu var. Elə isə Pyotrun Qafqaz siyasətinin aqibəti necə olacaq, sisianovların və paskeviçlərin daha sülhpərvər müasiri kulakovlar kürəyini kimə söykəyəcək?! Əliyevin qalibiyyəti həm də Rəvanqulu xanın haqqını geri qaytarır.
Əlbəttə, Qafqazın yeni statusu və insanların davranışlarının kəskin formatlanmaya məruz qalması milli liderlərin qarşısında mühüm tələblər qoyur. Görkəmli mütəfəkkir, parlaq dövlət xadimi Nəriman Nərimanovun hər üç respublikada qəbulundan daha yüksək nüfuzu ilə fərqlənən İlham Əliyevi gürcü, erməni və azərbaycanlı cəmiyyətlərinin şovinistlərindən, xarici təsir agentlərindən kim qoruyacaq?
Əgər Rusiya siyasətini və müttəfiqlərini dəyişirsə, müasir Azərbaycan dövlətinə miras qalan və uzun on illərdir daşlaşan əsatirlər, elmi, mədəni, ədəbi və nəhayət, hərbi xoflara çevrilən antirus ovqatından millətimizi kim çıxaracaq, birgə gələcək qurmağa, yaxud antiMoskva forpostuna çevrilməməyə gücümüz çatacaqmı? Düşüncə adamlarımız 2022-ci ilin 22 fevral anlaşmasını-Ukraynaya savaşdan iki gün əvvəl imzalanan, Vətən müaribəsindən sonra ərazi bütövlüyü və müstəqilliyə şimaldan gələn təhlükəni bloklayan tarixi sənədi 1 əsr əvvəlki və sonrakı taleyimizlə müqayisə edə bilərmi? Öz cəmiyyətlərinə xaricdən gündəlik sırıyanların cəngindən alan qüvvələrin sayı və tərəfdarları nə qədərdir? Sualların hər birinə aydın cavab tələb olunur.
Çünki ruslardan fərqli olaraq, ermənilərin həm özlərinə, həm də məskunlaşdıqları coğrafiyaya bəlalar gətirən böyük torpaq nəzəriyyəsi və inancları iflasa uğradıqca, ümumregional razılaşma, anlaşma və birgə yaşam məramı üstünlük qazanır. Təkcə Rusiyanın deyil, Amerika və Qərb dövlətlərinin də əlində silaha çevrilən “erməni məsələsi” qapandıqca, sadə erməni təmsilçisi Brüsselə və Praqaya, yaxud okeanın o tayına deyil, Azərbaycanın mərkəzi qovşaqlarından birinə-Yevlax şəhərinə pənah gətirir. Əlbəttə, iki xalqın davasında bu təslimiyyət hadisəsidir, lakin bölgəni sarsıdan ənənəvi baxışların, ideologiyaların, kitabların, mədəniyyətlərin-əslində mövcudluq formasının yenisi ilə əvəzlənməsi indi daha vacibdir. Bir az irəli gedərək deyək ki, İrəvanın hökumət taxtında ağır günlərini yaşayan və hər tərəfdən süngüyə alınan Paşinyan iqtidarı xalqına bəlalar gətirən 300 illik mirasdan-“soyqırımla var olma və dövlət qurma” fəlsəfəsindən qurtulmağa hazır görünür. O haqlı olaraq, deyir: “Biz imperiyalara alət olduğumuz üçün dövlətimizin kadastr sənədi özümüzdə deyil”. Aksiomadır, bir millətin tarixi təyinatını-qarşı olmaq kodunu dəyişməyə qadir ayədir.
I Pyotrun davamçıları 1804-cü ildə Kürəkçay müqaviləsi ilə Qarabağa sülhpərvər missiyayla gələndə Qacar (İran) şahlarının qəzəbindən qorunan İbrahimxəlil xanın qətli sonralar Rusiya ilə ittifaq quran bütün rəhbərləri qorxutdu. Lakin tarix birinci dəfə faciə, ikinci dəfə məzhəkə şəklində təkrarlanır. Axı Gülüstan və Türkmənçay, Moskva və Qars sənədlərində iki döyüşən xalqın-azərbaycanlılar və ermənilərin taleləri heç vaxt öz əllərində olmayıb. 200 il əvvəl Qarabağa gələn rus orduları tarixində ilk dəfə Azərbaycana qarşı səngərdə yer almır, sirli atəşlə həyatlarını itirən silahdaşlarına görə qisas çıxmadan qalıcı və ədalətli sülhün inşasına çalışır. Bir vaxtlar İrəvanı azərbaycanlılarla birgə idarə edən ruslar, sonralar Osmanlı, 20-ci əsrin əvvəlində Almaniya, Britaniya və nəhayət, əsrin sonlarında kollektiv Qərbin müxtəlif nüfuz qrupları ilə döyüşəndə ağıllarına gətirməzdilər ki, İlham Əliyev Ukraynanın bacarmadığını-internasional savaşı önləyə biləcək. Bənzərsiz hadisədir. Rusiyanın siyasəti 219 ildə ilk dəfə köklü dəyişikliyə uğrayır. Zəfərin geosiyasi konteksti və strateji nəticəsi budur.
Hər bir Liderin vəzifəsi savaşa atılmazdan öncə müttəfiqlərini artırmaq, düşmənlərini azaltmaqdır. Xüsusilə də Şərqdə çoxlu millətçi rəhbərlərin əlləri siyasətdə gətirməyəndə xalqının qanı ilə savaş meydanında nəticəni dəyişməyə çalışmaq və daha böyük bataqlığa sürüklənmək ağır bir mirasdır. İlham Əliyev isə son 3 əsrdə hökm sürən gerçəkliyi dəyişir. Özünü 3-cü Roma adlandıran Moskva görünməmiş halda, erməni müttəfiqliyini birinci yerə qoymur. O artıq üzü qibləyə doğru, min ildir namaz qılanların torpağına son 30 ildə daxil olmaqla taxılan xaçkarlara aldanmır. 2020-ci ilin 27 sentyabrından və 2023-cü ilin 20 sentyabrından yeni tarix başlanır. Cəmi 5 il əvvəl Vətən savaşının prelüdiyası olan Aprel döyüşləri zamanı ölkə başçısı deyir: “Ermənistanın Qarabağdan uzaqlaşması və məğlubiyyəti, onu vassal durumundan çıxaran yeganə yoldur”! İndi İrəvan küçələrində antiKreml pamfletləri səsləndirən on minlərlə insanı, dünya ermənçiliyini hiddətləndirən də budur-İlham Əliyev qardaş Türkiyənin qlobal gücünü artıraraq, keçmiş sovet məkanında Putinlə-ikinci dünya müharibəsindən sonra heç bir dövlətlə onun qələbəsini tanıyan sənədi imzalamayan dövlət başçısı ilə anlaşmaya, geosiyasi sövdələşməyə necə nail olub? Cavab hətta sadə insanımıza da bəllidir-Heydər Əliyevin dövlət məktəbini keçməklə. Bəli, Azərbaycanın 21-ci əsrdə tək qalib dövlət və millət obrazı kövrək dünya təhlükəsizliyini xilas edir, dinclik və firavanlığın müjdəçisinə çevrilir.
Lakin Əliyevin tarixi missiyası nə Pənahəli xanın, nə Cümhuriyyət qurucularının, nə də müstəqil Azərbaycanın rəhbərlərinə nəsib olmayan, lakin onların arzularının parlaq təntənəsidir. Sözsüz, qalibiyyət günlərində dünənə baxmadan uğurların zəncirini görmək çətindir. Ona görə də keçmişi gələcəyin peyğəmbəri adlandırırlar. 38 illik, Sovetlərin dağılmasından sonra bizə qarşı aparılan siyasəti unutmalı deyilik. Haqqımız yoxdur. Çəmbərəkəndin üzərindən bir dəfə asfalt çəkmişik. Daha unuda bilmərik. Haqqımız yoxdur. Məğlubiyyətə uğrayan təkcə Xankəndi yamaclarında 10 minlik ordu və Ermənistan, Sprük mifi deyil, həm də dünyanın titullu salonlarında və qədim sarkofaklı lojalarında illərdir bizə qarşı aparılan siyasətdir. Qələbəmizin əzəməti bundadır!
Onu yalnız ermənilər üzərində qəbul etmək Zəfərə çox məhdud yanaşma olardı. Gəlin, tariximizin acı səhifələrindən bir neçəsini yenidən xatırlayaq-nə qədər ağır olsa da. Uduzanların siyahısı onsuz da nə vaxtsa unudulacaq. Çünki tarix yalnız qalibləri yadda saxlayır.
Beləliklə, məğlub olan birinci ideoloji doktrin-hücumun ilk siqnalı, əmri olan Fransanın kommunist nəşri Humanite jurnalındakı Abel Aqanbekyanın Qarabağın Ermənistanla birləşdirmək çağırışıdr.1987-ci ildə nəşr olunan bədnam planı xalqımızın başına gətirilən faciələrin başlanğıcı sayırlar. Artıq o ideallar puç oldu, Humanite dərgisinin humanist və humanitar olmayan amalları geri oxuması məhkumiyyətdir.
İkinci məğlublar cərgəsi, Kremldən Əliyevi uzaqlaşdıran Mixail Qorbaçov başda olmaqla bütün antiAzərbaycan sovet elitasıdır. Sonuncu SSRİ prezidentinin sağ qalıb Zəfərimizi görməsi ilahi ədalət idi. O hadisələrin-SSRİ Ali Sovetində aparılan müzakirələrin, Siyasi Bürodakı avantüraların hamısının üzərindən xətt çəkildi. Bir vaxtlar Akademik Ambarsumov deyirdi: “Erməni xalqının düşməni Əliyev 17 il imkan vermədi ki, Qarabağı ana dövləti Ermənistanla birləşdirək, tarixi şansı buraxmamalıyıq”! Ona görə balayanları, kaputikyanları, igityanları və yüzlərlə düşmənçilik kitabları yazanları məğlubların cərgəsinə qatmaq olar. Doğrudur, Yeltsin və Putin dövründə də Moskva elitasında xeyli ermənipərəst siyasətçilər olub və indi də var.
Lakin Azərbaycan mənafeləri naminə media və diplomatik cəbhədə köklü dönüşə nail olundu, Ermənistan əleyhinə şimalda çoxlu tərəfdarlar qazanıldı, balansı öz xeyrinə dəyişə bildi və nəhayət, İrəvan öz tarixi rolunu 180 dərəcə dəyişərək xaosa qərq oldu. Qələbəmizin mühüm amili düşməni geosiyasi labirintə salmaqdır. Əliyev-Putin münasibətlərinin müttəfiqlik sazişinədək inkişafı yeni qurnovlar və sorokinaların davamçılarına hücum şansı vermədi. Şimal informasiya məkanında antiAzərbaycan həmlələrin zəifləməsi təkcə bir faktı-90-cı illərdə mənfi və müsbət xəbərlərin nisbətinin 95/5 şəklində olmasının işğalın bəraətlənməsində mühüm rol oynadığının bariz sübutudur.
Üçüncü məğlublar dəstəsi. Siyasəti şahmat oyununa, fiqurları dövlətlərə, bəzənsə konkret şəxslərə bir tutduqları üçün dünyamiqyaslı adamların tutduqları qızışdırıcı rolu hazırkı Qarabağ erasının bağlandığı dövrdə xatırlamaqda fayda var. Sovet alimlərinin sürətlə silahlanma yarışına hidrogen bombası ilə töhfə verən akademik Saxarov sonralar onu yetirən sistemlə ideoloji rəqabətə keçərək ahıl yaşında SSRİ Ali Sovetinin tribunasından dəfələrlə antiAzərbaycan pamfletləri yayır, qanlı savaşa dəstək verirdi. Dağıdıcılığa xidmət edən və alim vicdanına sığmayan belə mövqelərinin hamısını toplayıb indi Qənimətlər Parkına, açıq Siyasət Sənədləri Sərgisinə gətirmək olar. Qarabağın ilhaqına dəstək verənlərin əsərləri, kitabları, çıxış və hərəkətlərindən ibarət muzey ideyası gələcək nəsilləri ideoloji təhlükələrə hazırlamaqda faydalı olar...
Dördüncü məğlublar dəstəsi-beynəlxalq siyasi və media şəbəkələri-dəyişilməyən missiya adlandırıla bilər. 35 il əvvəlki informasiya hücumunun müəllifləri elə bil reinkarnasiya ediblər, ölkəmizə qarşı bədnam kampaniyalarını bu gün də davam etdirirlər. Xatırlayaq, məsələn, o vaxt İspaniyanın məşhur El-Pais qəzeti xalqımıza həqarət edirdi, Sofiya Şahab adlı müəllif Frans-Press səhifələrində, Bill Keller “Nyu York Tayms”da böhtan xarakterli silsilə yazılar yazırdı. “Millətçilik mütləq cəzalandırımalıdır”, okeanın o tayından media prokurorların verdikləri hökmlər beləydi. İngilis tarixçisi Kristofer Uiker Ermənistanı blokadada saxladığı üçün Bakını cəzalandırmağa çağırırdı. Bədnam baronessa Kerolayn Koks isə “etnik təmizləmənin və bötöv bir xalqın məhv edilməsinin qarşısını yalnız sanksiyalarla almağın” mümkünlüyünü iddia edirdi. İndi onların mənəvi balaları o missiyanı davam etdirirlər. Britaniyalı uzunömürlü intriqan 14 sentyabr 2023-cü ildə “humanitar faciənin” ardınca-əslində aylıq ödənişləri və yol xərci Xankəndinin bir aylıq ehtiyaclarını qarşılayar-İrəvana gələrək, Laçın yolunun üstündə parad keçirir, Sunak hökumətini Bakıdan daha çox qoparmağa həvəsləndirirdi. Əlbəttə, ingilislərin maraqları özlərindən irəlidədir, son BMT iclasında da ikili oyun gözlənilən idi, lakin BP özünün 30 illik neft gəlirlərini, qızıl şirkətləri isə Vejnəli yatağını Koksa qurban verməzlər. Göründüyü kimi, qlobal antiazərbaycançı şəbəkə 20 sentyabrda Xankəndində tərksilah olunan qüvvələrilə birgə uduzub.
Beşinci sanksiyaçı məğlublar komandası sırasında Azadlıq Adası ABŞ-ın Qarabağ hadisələrini daim birtərəfli qaydada, təkcə lobbi institutlarının təzyiqi ilə deyil, eləcə də Rusiyanın silahını əlindən almaq, Türkiyənin maraqlarını cilovlamaq üçün Ermənistana işğal və Qarabağ məsələsində yardımını göstərmək olar. Təkcə hərbi cəbhədə deyil, eləcə də Konqres salonlarında və qapalı kabinetlərdə Azərbaycana qarşı total hücum kampaniyası aparılırdı və aparılır. O vaxtkı senator Bob Doulla hazırkı Bob Menendes bir əqidənin daşıyıcılarıdır və sonuncunun korrupsiya məhkəməsi Xankəndidə təslim olanlarla eyni mühakimədir. 90-cı illərin dövlət katibi Ceyms Beyker Qorbaçova demişdi ki, “o mənasız qantökməni və milli ədavəti durdurmaq üçün ordudan istifadə etmək istəsə, Ağ Ev onu anlayışla qarşılayacaq”! Bəli, sinizmin zirvəsi olan belə demokratlıq Bakıya, Qanlı Yanvarın törədilməsinə birbaşa hüquqi və beynəlxalq dəstəyin açıq nümunəsiydi. Elə oradan da aldığımız zərbə Qarabağın işğalına gedən yolu tam açdı və islam yaraqlıları kimi Corc Buşun gözünə görünən Bakının çoxminlik mitinqçiləri gələcək İraq, Əfqanıstan hücumunda terrorçuların siması oldu. Qorbaçovu sirli Malta adasına müşayiət edən Şahnazarovun, Aqanbekyanın, Sitaryanın timsalında Baş Katibin gizli razılaşmalarda məhz Qarabağı Ermənistana “güzəştə getdiyini” unutmaq olmaz. Heç bir imperiyanın rəhbəri belə ucuz satılmayıb. İndi Malta dövləti daxili kriminal qrupların əliylə öldürülən jurnalistin cəsədini ölkəmizin üstünə ataraq, BMT Təhlükəsizlik Şurasının dinləmələrində rəsmi Bakını Qarabağa hücumda ittiham edir. Nəsə dəyişməyib, həmin plan, həmin koordinat.
Hamının azadlığına dəstəklə öyünən Ağ Ev idarəçiləri, 90-cı illərdə 907..08..09-cu.. qətnamələrlə Bakının qollarını bağlayıb separatizm və işğala dəstək verirdilər. Ulu Öndərin amerikalı sinik məmurlara dəfələrlə dediyi “ sizdən pul istəmirik, lakin o akt xalqımızı mənəvi cəhətdən əzir” ittihamı əsil hökm idi. Xatırladaq ki, 2015-ci ilin məlumatına görə, Ermənistanın Amerikadan aldığı yardımların miqdarı 2 milyard dollardan yuxarı idi, Gürcüstana göstərilən köməksə 1.2 milyard təşkil edirdi. Nəticədə, Amerikanın Ermənistana yardım siyasəti məğlub oldu, çünki işğalçı ölkə demokratik ola bilməz. İndi İrəvanda hərbi təlim keçənlər demokratiya imtahanından kəsilənlərdir, çünki 20 sentyabr suverenlik savaşı onların məşqləri zamanı başlandı və bitdi. Azərbaycan onun tarixi torpaqlarına gələn avropalı müşahidə ordularına Bir Günlük Əsil Təlim verdi. 20 il Əfqanıstanda antiterror müharibəsi aparasan, Əşrəf Qəni hakimiyyəti heç 1 həftəyə tab gətirməsin və Taliban hakimiyyətə qayıtsın, 1 trilyon dollarlıq əməliyyat puç ola. Göründüyü kimi, bizim qələbəmiz terrorla mübarizədə daha əzəmətlidir.
Altıncı məğlub olanlar- birlik, bərabərlik və qardaşlıq şüarını unudan, böyük Ermənistana çevrilən Fransadır. 30 illik sistemli hücumlara təkcə bir fakt: 21 mart 1992-cu ildə sonralar Fransanın xarici siyasət idarəsinə rəhbərlik edən Sosial Məsələlər naziri Bernar Kuşner bölgəyə gələrək dövlətini vasitəçi etmək, erməni seçicilərinin səsini qazanmaq üçün dövriyyəyə “DQR-ə humanitar koridorun açılması” avantürasını irəli sürür. Beləliklə, “Laçın dəhlizi” termini o zamandan beynəlxalq sənədlərdə iki erməni dövləti arasında nəfəslik kimi işğalın humanitar-siyasi platformasına çevrilir. Zamanı bir az irəliyə daşıyaraq, deyək ki, Kuşnerin sələfi, 2023-cü ilin Katerina “Kollonna”sı Qarabağın müstəqilliyinin tanınması və 92-ci ildə humanitar koridor açmaq istəyənlərin davamçıları tək Luazo, İdalqo kimi simaları Tırlarla birlikdə Azərbaycanla sərhədə göndərir. O siyasəti də uduzmuş saya bilərsiniz.
Yeddinci itirənlər sırasında biz İran dövlətini görmək istəmirik. Çünki vahid bir tarixin içərisində olmuşuq, özünü bizim “babamız” adlandıran qədim bir sivilizasiya gərək müdrik davranaydı. O üzdən xatırlatmaqda fayda var- 1 aprel 1992-ci ildə İranın xarici işlər nazirinin müavini Vaizi ermənilərlə danışıqlar üçün Qarabağa gəlmişdi!? Belə beynəlxalq missiyalar yerli ermənilərin iddialarını artırırdı. Halbuki, Tehranda Ali Dini Şuraya bircə obyektiv tarixçini çağırsaydılar, haqlının yanında olardılar. Əlbəttə, 44 gündə cənub qonşumuzun mövqeyində müəyyən mötədil sabitliyə rəğmən, müharibədən sonra sərtləşən siyasəti dövlətlərarası münasibətləri ən aşağı səviyyəyə saldı. Belə çıxır ki, işğal “birləşdirir”. Absurddur. Sirr deyil ki, İranın ayaqlarını Qarabağdan yalnız son 1 ildə kəsmək mümkün oldu. Bəlkə bir vaxtlar İbrahim Xəlil xanın öz qardaşlarının cəngindən sığındığı rus generalları ilə çiyin-çiyinə olması onları çox qəzəbləndirib. Lakin biz ermənilərə sahib çıxan kimi çoxlu əllər kəsildi. 20 sentyabr tarixi Kürəkçay, Gülüstan, Türkmənçayla bizi itirənlərin nəzərində gərək Böyük Dönüş ola. Axı İlham Əliyev Şah Mirzədən qacarlara qədər, İran şahlarının itirdiklərini geri alan tək liderdir.
Səkkizinci məğlublar ordusuna Rusiyanın Yeltsin hərcmərcliyinin hərbi-siyasi və media elitası, o cümlədən Putin erasının şovinist düşərgəsinə daxil olan simalar, eləcə də zatulinlər aiddir. Görün, hansı döyüşlərdən keçmişik, yenə bircə nümunə-1994-cü ildə 32 Skad raketi İrəvana verən demokrat liderin məqsədi neft kontraktlarını imzalamağa hazırlaşan Azərbaycanı yolundan döndərmək idi. Kozırev-öz ölkəsini Qərbə satan şəxs Heydər Əliyevi dilə tuta bilməyəndə müdafiə naziri Qraçovu irəli vermişdi və o da tankları Bakıya gətirməklə qorxudurdu. Lakin Əliyev yanacaq-enerji kompleksi ilə hərbi sistem arasında konflikt yaradaraq, “Lukoyl”u razılaşmaların tərəfinə çevirdi, Yeltsin komandasını parçaladı, nəticədə ordu quruculuğu və regional geosiyasi tarazlıq üçün əvəzsiz resurs qazandı. Daniel Yerginin dediyi kimi, sürtkü yağlarına nəzarət, savaşı qazanmağın tək yoludur. Çernomırdin nəhəng neft siyasətinin əsas smilarından biri kimi Baş nazir sifəti ilə Bakıya gələndə ata Əliyevin sərt etirazı qarşısında, o silahların NATO-ya tuşlandığı cavabını vermişdi. Siyasi yumoru güclü olan prezident demişdi ki, onda puşkaların üzü niyə Bakıya tuşlanıb!? Beləliklə, Qraçov və komandası, ermənilərə verilən 2 milyard dollarlıq silah siyasəti iflas etdi. Kollektiv Təhlükəsizlik çətiri altında bir dövlət indi Amerika ilə Çernomırdinin dediyinin əksinə çiyin-çiyinə təlimlər keçirir və bunu sülhpərvər missiya adlandırır. Staravoytovaların, bonnerlərin, kazimirovların, voyskilərin müasir davamçıları ilə birgə qurduqları Ohanyan xəttini torpaq üzərində, siyasətdə isə yüzlərlə Majino xəttini aşmalı olduq. Boris Qrızlovun açıq dediyi forpost ölkə indi Qərbin ön cəbhəsinə çevrilərək avromissiyaların və amerikalı generalların Rusiya, İran, Türkiyəyə qarşı ikinci cəbhəsinə dönüb. Böyük çevrilişdir!
Beləliklə, rus əsgəri canını Böyük Ermənistan xülyasına vermədi. Əlbəttə, tarixdə ilk dəfə..İlham Əliyev 300 illik daşlamış ənənələri dəyişdirə bildi. Axı vaxtilə sovet Azərbaycanından faşizmə qarşı savaşa yollanan və marşallığa yüksələn Baqramyan deyirdi ki, onun hərbi birləşmələrində rusların sayı 50 faiz təşkil etməsə, o hücuma keçmir. Unikal təcrübədir.
Nəhayət, məğlub olanlar Robert Koçaryandır, Serj Sarkisyandır, Seyran Ohanyandır, dünyaya səpələnərək öz millətini siyasi biznesə qurban verən erməni milyonçularıdır, müxtəlif ölkələrin elitasını əleyhimizə qaldıran boqosyanlar, qlüksmanlardır.. Stalini və Qafqaz bürosunu 100 ildir söyən və Qarabağa vilayət statusu qazandıran, onu tarix kitablarına salıb milyonlarla soydaşını zəhərləyən, Miatsumu və Sprükü irəli sürən erməni ideoloqları Xankəndi ilə birgə tərksilah olundular.
Məğlub olan, qurucu mütəfəkkirlərin ideallarını satan Avropa Şurası, Avropa Parlamenti, Avropa Məhkəmə gildiyalarıdır. Onların çevrəsində hi-tech korporasiyaları, qlobal hörümçək toru olan freedom houslar, amnesty internationallardır, sərhədsiz reportyorlar, jurnalistlər, müəllimlər, həkimlərdir..
Bəli, Azərbaycan Birinci Qalibdir. Yalnız islam dünyasının və əbədi qovğalarda əzilən Şərqin deyil, işğala məruz qalan bütün xalqların arzularının gerçəkləşdiricisidir. Sovetlərin dağılmasından 30 il sonra 10 noyabrda ərazi, 20 sentyabrda isə suverenlik bütövlüyünə qovuşan bir dövlətin müstəqilliyi artıq yalnız indi Tamdır və Qətidir. Vətən müharibəsindən sonra reallaşan Fərrux, Qaragöl, Zabux, Xankəndi-Laçın yolu, Sərhəddə inşa edilən Nəzarət və Buraxılış Məbədi, nəhayət, iyulun 16-dan başlayaraq, bütün dünyanın humanitar böhran hücumlarına sinə gərərək separatizmi xarici dayaqlardan məhrum edəndən sonra Bir Gün içərisində həyata keçirilən savaş Qələbəmizin əzəmətini və parlaqlığını göstərir. Lakin 24 sutkalıq hərəkata gələn yol Əliyevdən Əliyevə düz 30 illik böyük tarixdən keçir.Türkiyə ilə çiyin-çiyinə əbədi qardaşlığın və pozulmaz ittifaqın uğuru təkcə siyasi və hərbi məna daşımır, həm də qlobal təhlükələrə birgə cavab verməyin qarantı kimi çıxış edir.
Pənahəli xandan İbrahim Xəlil xana, Rəsulzadədən Nərimanova, Bağırovdan ata Əliyevə qədər hər bir Azərbaycan rəhbərinin 100 illik arzuları reallığa çevrilir. Zaman seçimi qələbənin yarısıdır. BMT sessiyasının getdiyi günlərdə Xankəndiyə hədəflənən qərar almaq təkcə siyasi cəsarət sahibi olmaq deyil, həm də heç bir beynəlxalq mühakimədən çəkinmədən milləti yolunda həyatını qurban verməyə hazır olan Əliyev nümunəsidir.
Qaliblərin cərgəsi İrəvana gedənlərlə davam edir. Bakının bu qədim şəhərlə bağı 33 ildir ki, itirilib. İndi Qarabağın qaytarılması ilə o vaxtkı yolu geri dönürük. 20 sentyabr həm də əcdadlarımıza dönüş günüdür. Gəlin, unutmayaq-2 iyun 1989-cu ildə Ermənistan MK-nın 1-ci katibi Suren Arutunyan demişdi ki, 1 iyun 1989-cu il tarixinə Ermənistanda bir azərbaycanlı ailəsi belə qalmayıb. Hərdən mənə elə gəlir ki, azərbaycanlıların dünya miqyasında maddi sərvətlər bölgüsündə geri düşməsi hər deportasiya və qovulma ilə yağmalanan mülklərə, sərvətlərə görədir. Biz digərləri ilə start vəziyyətinə eyni başlamırıq, ən yaxşı halda sıfırdan-azad torpaqlarda olduğu kimi qoşuluruq. Ona görə də son 200 illik köçürülmələr indi Böyük Qayıdışla əvəzlənib. Bizim ən böyük qurucu milli ideologiyamız məhz Qayıdışdır-əcdadlarla yenidən qovuşmaqdır, milli keçmişə dönüşdür. Bu böyük bir intibah, passionar enerjinin dirilişi deməkdir.
Ötən əsrin əvvələrində italiyalı Paretonun kəşf etdiyi 80/20 100 faiz bütöv olmaq bütün natamamlıqlardan qurtulmaq deməkdir. Xüsusilə müqəddəs olan Ana torpağın bütövlüyü.
Ordumuzun qəhrəmanlıq salnaməsinə təkcə bir kadr əlavə olunsaydı, onda Respublika Sarayının-əslində Dövlət Evinin səhnəsində gənc müdavimlər qarşısında ata Əliyevin ürəyində kriz yaşananda, 5 dəqiqədən sonra hamının əlini geri itələyərək, ona xas mətinlik və iradə ilə gələcək döyüşçülərinə keçdiyi dərslər Şuşa və Fərrux yüksəkliyində, Göyçə ətəklərində nümayiş olundu. Azərbycanın qələbəsi hər bir şəhidin, yaralı əsgərin, milyonlarla qaçqın və köçkünün, yüz minlərlə ordu qüvvələrinin, nəhayət dünyada ədalət istəyən hər kəsindir.
Missiya yerinə yetirildi. Şuşanın əsasını qoyan Pənahəli xan da, Cümhuriyyət qurucuları da, Rəsulzadə, Nərimanov, Elçibəy və Ulu öndər Heydər Əliyev də 21-ci əsrin tək qalib lideri İlham Əliyevin milləti və ordusu ilə birgə qazandığı Zəfərdən qürur duyar, onu alqışlayardı...
İndi Azərbaycanın Qalib Şəxsiyyətlər Birliyinin qarşısında zamanın çağırışlarına cavab verərək bu bölgədə 100 illərdir səngər qazan millətləri, nəhayət, Vahid Ev tikməyə səfərbər etmək dayanır.
Görün, Bakı-Tiflis-İrəvan yolu nə vaxtdır işləmir...
Bütün Böyük fəthlər yolun açılmasından başlayır!
Yol müqəddəsdir!