​"Ulduz" ədəbiyyat dərgisinin sentyabr sayı işıq üzü görüb.

Mia.az xəbər verir ki, jurnal​ Günel Mehrinin "Özüylə söhbəti" və "Doğum günü" hekayəsi ilə açılır. "Şeir vaxtı" rubrikasında Seyid Aynur, Ceyhun Ötkəm, Aydın Arslan, İnqilab Orxan, Xuraman Hüseyn, Süleyman Abdulla və Sevinc Yunuslu kimi müəlliflərin poeziya nümunələri yer alıb.

"Nəsr" rubrikasında isə Anar Adilin "Səmadan məktub", Kənan Hacının "Buynuz qəziyyəsi", Bəhruz Niftəliyevin "Bətn və batin", Aysel Fikrətin "Kaktus" və "Məscidin dəlisi",​ Nurlana İşığın "Burulğan" hekayələri, eləcə də​ Əlizadə Nurinin "Ver sözə ehya ki..." essesi dərc edilib. "Təbriz eli"​ rubrikasında Əli Çağlanın "Liman" hekayəsi​ təqdim olunur. "Tərcümə saatı"nda yer almış ABŞ yazıçısı​ Barbara Uolkerin "Dişi canavar" hekayəsini​ Bakı Dövlət Universitetinin ll kurs tələbəsi Alsu orijinaldan​ tərcümə edib.

"Yazı masası"nın növbəti​ qonağı bu günlərdə 60 yaşını qeyd edən tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turandır.

Professor Rüstəm Kamalın "Azər Turan: Məfkurənin və Sözün işığı" essesi də yubilyarın çoxşaxəli yaradıcılğına işıq​ tutur. "Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi çərçivəsində ərsəyə gələn və Məti Osmanoğlunun təqdimatında hazırlanan "Gənc yazarlar üçün nəzəriyyə dərsi" bu dəfə Konstantin Balmontun "Poeziya sehr kimi" traktatına,​ ümumilikdə isə​ simvolizm ədəbi cərəyanına həsr edilib.

Filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın "Çağdaş nəsrimizin yeni imzaları "Ulduz"un şəfəqləri altında" sərlövhəli yazısında,​ "Ulduz" jurnalının iyun sayında dərc edilmiş ədəbi nümunələr təhlil edilir. Nəhayət, "Dərgidə kitab"da Xalq yazıçısı Natiq Rəsulzadənin "Əminə" uzun hekayəsi, "Dərgidə sərgi"də isə Dəniz Bəhruzlunun rəsm nümunələri yer alıb.