"Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
Mia.az bildirir ki, "Sherg.az" G.Həbiblinin özü ilə əlaqə saxlayıb. O bildirib ki, qatarı idarə edərkən mobil telefondan istifadə etməyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Dezinformasiyadır. Mənə heç bir iş təklif etməyiblər. Açığı, dezinformasiyaları yaymaqda məqsəd nədir, bilmirəm, maraqlı da deyil. İki təhsilim var. Maşinist kimi "Bakı Metropoliteni" ASC-yə yenidən qayıtmağı düşünürəm. Hətta artıq elektron CV ilə müraciət də etmişəm. Mənbə xəbəri yayan media qurumlarını məhkəməyə verəcəyəm. İşdən çıxmağa səbəb mobil telefon deyil. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi ilə də əlaqə saxladım. Bu informasiyaları yaymadığını deyib. Belə olduğu halda media qurumlarını razılığım, icazəm olmadan fotomu paylaşdıqları üçün məhkəməyə verəcəyəm".
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.