Qalib ARİF
***
Dostlar, məlum olduğu kimi, haram pullar heç kimə xeyir gətirmir. Hazırkı qeydlərin məqsədi də haram pulların ən böyük sahibləri haqqında məlumat verməkdir. 3 nəfər seçmişəm: Cinayətkar, Biznesmen və Siyasətçi.
Qeydlərimi onların ən “kasıb”ı ilə başlayıb, ən varlısı ilə qurtarmaq niyyətindəyəm.
Beləliklə...
1.Pablo Eskobar.
Bu, “qəhrəmanlar”ımın ən cavanı və ən kasıbıdır. 1949-cu ildə Kolumbiyanın Medelin şəhərində doğulmuş, hətta Universitet təhsili almışdır. Yeniyetmə yaşlarından cinayətə qurşanmışdır. İlk işi dostları ilə şəhər qəbirstanlığından başdaşlarını oğurlayıb satmaq olmuşdur. Sonra maşın oğurluğu, sonra reket və nəhayət kokain. Bəli, söhbət XX əzrin ən böyük narkobaronundan – Pablo Eskobardan gedir.
28 yaşı olanda Eskobarın kokain plantasiyalarını artıq vertalyotla gəzmək lazım gəlirdi. 30 yaşında isə ABŞ-ın kokain təhcizatının 80 faizinə nəzarət edirdi. Bu adamın icazəsi olmadan bir nəfər Kolumbiyadan bir qram kokain çıxara bilməzdi. Onun aylıq gəliri 1 milyard ABŞ dolları civarında idi, 35 yaşında 35 milyardla “Forbes” jurnalının milyarderlər siyahısına düşmüşdü. Eskobar həmin dövrdə ABŞ-ın federal axtarışında olsa da, Kolumbiya Konqresinə düşə bilmişdi. Amma onun siyasi (Eskobar prezident olmaq istəyirdi!) ambisiyaları yarımçıq qırılır və 2 ildən sonra narkobaron - haram pulların sahibi kimi parlamentdən qovulur...
Nə qədər qəribə olsa da, Eskobar Kolumbiya tarixində Robin Qud kimi qalır. O, daim varlıları soyur, kasıblara paylayırdı. Kasıblar üçün şəhərlərdə və kəndlərdə pulsuz kvartallar salır, kasıbların səhiyyəsinin və təhsilinin qayğısına qalırdı. Eyni zamanda, 10 killeri vardı, biri indi sağdır. Yalnız onun siyahısında 200-dən çox qurban vardır... Pablonun qəribə bir adəti də vardı, öz pullarını minlərlə nəhəng polad boçkalara doldurub Kolumbiyanın müxtəlif yerlərində basdırardı. Həmin yerlərin xəritələri itdiyindən, hazırda Kolumbiyada bir çoxları Eskobarın pullarını axtarır.
Eskobar ABŞ-ın federal axtarışında idi və cəzadan qaçmaq istəyirdi. 1991-ci ildə könüllü Kolumbiya polisinə gəlir, həbs edilir və özünün bu məqsədlə okeanın sahilində tikdirdiyi nəhəng “La Katerdal” qəsr-türməsinə göndərilir. Burda Eskobar həyatının ən böyük səhvlərindən birini edir, hansısa 15-20 milyon dollara görə özünün iki ən yaxın dostunu şəxsən güllələyir. Bundan sonra onun imperiyası dağılmağa başlayır. Hətta kolumbiyalılar öz silahdaşlarını öldürən bir başçı ilə işləmək istəmirlər, onu tərk edirlər. Tezliklə Pablo türmə-qəsrdən qaçır və tək qalır, onun avara-sərgərdan həyatı başlayır. ABŞ-ın və Kolumbiyanın federal axtarışında olan Pablo Eskobar 1993-cü ildə, gizləndiyi evin damında xüsusi təyinatlılar tərəfindən güllələnərək öldürülür...
II. Con Rokfeller
“Haram pullar”ın ikincisi XX əsrin ən zəngin biznesmeni Con Rokfellerdir. Dostlar, təəccüblənməyin, rəqiblərini aradan qaldırmaqda və haram pulları qamarlamaqda Rokfeller Eskobardan geri qalsa da, öz həmyerlisi və müasiri, məşhur qanqster Al Paçinonu yəqin ki, qabaqlayar. Bəli, bəli, əlimizi ürəyimizin üstünə qoyub Rokfelleri bütün zamanların və məkanların ən böyük biznes qanqsteri adlandıra bilərik. Amerikada hətta, analar uşaqlarını onun adı ilə qorxudurdular. Sadəcə olaraq, bu adam öz dühasının gücü ilə qanqster fəaliyyətini qanun pərdəsi altında gizlədə bilirdi...
XX əsrin axırlarında Pablo Eskobar Amerikada kokain biznesinin 90 faizinə nəzarət etdiyi kimi, əvvəllərində də Con Rokfeller Amerikada neft biznesinin 90 faizinə nəzarət edirdi. Onun icazəsi olmadan Amerikada bir nəfər bir barrel neft sata bilməzdi. 1911-ci ilin məlumatına görə, onun yalnız qanuni (banklarda olan) pullarının hesabı 15 milyard dollardan yuxarı idi ki, bu da hazırkı kursla 150 milyard dollardan çoxdur. Təsəvvür edin ki, həmin dövrdə Amerikanın dövlət büdcəsi 15-20 milyar dollar civarında idi, yəni cənab Rokfeller az qala, ABŞ dövlətindən dövlətli idi. Bu da ona ölkənin bütün hüquq-mühafizə orqanlarını ələ almağa və cəzadan qaçmağa imkan verirdi. Rokfellerin Konqresdə və Senatda yüzlərlə lobbiçi deputatı vardı və ona qanunvericilyə istədiyi əlavələri etməyə və hətta istədiyi qanunları qəbul etdirməyə şərait yaradırdı.
Prezident Teodor Ruzvelt bütün bunları bilirdi və Amerika üçün narahat idi. Amerikadan varlı adam Amerika qanunları ilə yaşaya bilməzdi. Amerika isə, məlum olduğu kimi, qanunlar ölkəsidir, qanun hamı üçün qanundur. Beləliklə, 1906-cı ilin noyabrında cənab Ruzvelt Sent-Luis məhkəməsində Rokfellerin Standard Oil neft şirkətinə qarşı iddia qaldırdı. Prezident şirkəti neft inhisarçılığında ittiham edir və onun sahibini ölkənin ən böyük qanqsteri adlandırırdı. Rokfellerin çox sadə bir üsulu vardı, o, əvvəl öz rəqiblərinə neft biznesini satmağı təklif edirdi. Razılıq olmadıqda, rəqiblərinin müştəriləri ilə (hüquqi şəxslərlə və bütöv dövlətlərlə) separat danışıqlara gedir və neft məhsullarını az qala, iki dəvə aşağı təklif edirdi. Bir ay, beş ay keçir, rəqibi tam müflis olub sıradan çıxırdı və Rokfeller qiymətləri iki dəfə qaldırırdı...
Teodor Ruzveltin Con Rokfellerlə məhkəmə çəkişməsi hardasa 5 il çəkir. Siz miqyasları təsəvvür edirsinizmi, lap şirlə pələngin toqquşmasına bənzəyir. Amma şir həmişə şir olduğu kimi, dövlət də həmişə dövlətdir. 1909-cu ildə Sent-Luis məhkəməsi Standard Oil şirkətinin qanundankənar elan olunması və buraxılması haqqında qərar çıxarır. Rokfeller təslim olmur və daha 2 il mübarizə aparır. Amma yuxarı məhkəmələr də qərarı qüvvədə saxlayır və 1911-ci ildə Standard Oil rəsmən ləğv olunur. Doğrudur, Con Rokfelleri həbs etmirlər, amma onun nəhəng heft şirkətini 30 yerə bölürlər. Bunların ən böyükləri – Ekson, Mobil, Amoko və Şevron indi də fəaliyyət göstərir və heç biri Rokfellerin vərəsələrinə aid deyil. Rokfellerlərə yalnız banklarda olan 15 milyard dollar (indiki kursla 150 milyard) qaldı və onlar indi də dünyada ağalıq edirlər...
Nə qədər qəribə olsa da, Rokfeller bir dəfə də məhkəmə qərarlarına şərh vermədi və uzun ömrünün axırına kimi sadə pensiyaçı həyatı yaşadı. Deyirlər ölümündən bir az əvvəl, 1937-ci ildə 98 yaşlı Con Rokfeller yaxın dostu 74 yaşlı Henri Forda deyir ki, biz o dünyada da ayrılmayacağıq, yəqin cənnətdə də bir yerdə olacağıq. Təbiətcə zarafatcıl olan Henri gülür və deyir cənnətdə yox, cəhənnəmdə bəlkə də... Sən elə bilirsən ki, bizim işlərimizi oralarda (əli ilə yuxarını göstərir) bilmirlər?!
III. Mühəmmər Qəddafi
Dostlar yəqin təəccüblənəcək ki, niyə Stalin yox, Səddam yox, məhz Qəddafi? Axı, qəddarlıqlarına, tökdüklərin qanlara və siyasi miqyasına görə bu iki nəfər Mühəmməri kölgədə qoyur. Amma yada salmaq istəyirəm ki, söhbət nahaq qanlardan yox, haram pullardan, dünya malından gedir...
Stalinin də məlum olduğu kimi, nəinki haramda, ümumiyyətlə dünya malında gözü olmayıb. Bu adam qaniçən olub, hakimiyyət hərisi olub, amma pul, qızıl hərisi olmayıb. Onun məşhur bir kəlamı var ki, tabutun cibləri olmur... Səddam da eyni qəbildəndir, qəddarlığı ilə hətta Stalinə meydan oxusa da, acgözlüyü ilə Qəddafinin tozuna da çata bilməzdi. Onun bütün hakimiyyəti boyu topladıqları, xalqdan oğurladıqları cəmi 100 milyard dollar olardı ki, mən gözümü yumub, elə bədahətən müasir dünyada 10 belə prezident saya bilərəm. Azından yarısı elə bizim postsovet məkanındadır...
Qəddafi isə ayrı candır, haram pullar sahəsində bütün zamanlara və məkanlara meydan oxuyacaq bir insandır. Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, bu adamın haram pulları, 40 illik hakimiyyəti dövründə xalqdan oğurladıqları, nə çox, nə az, ABŞ-ın illik dövlət büdcəsi (4-5 trilyon dollar) civarındadır. Qəddafi dəhşətli dərəcədə qızıl hərisi idi, onun istifadə etdiyi hər şey – adi unitazdan yatdığı çarpayıya, mindiyi avtomobilə qədər, xalis qızıldan düzəldilmişdi. Bütün dünyaya səpələnmiş minlərlə qəsr və saraylarən sayı bilinmirdi. Mən “Con Rokfeller” yazısında xüsusi olaraq vurğulamışdım ki, Amerika hətta 100 il bundan əvvəl dövlətdən varlı olan vətəndaşına imkan tanımırdı. (Əslinə qalsa, mən bu yazını elə bunu demək üçün yazmışdım...) İndi görün, bu gün Amerika özündən varlı olan bir bədəvi ərəbinə imkan tanıyardımı?! Düşünürəm ki, “Ərəb baharı”nın səbəblərini həm də burda axtarmaq lazımdır...
Bəli, Mühəmmər Qəddafi əslən bədəvi (yəni köçəri) ərəbdir, 1942-ci ildə İtaliyanın müstəmləkəsi olan Liviyada anadan olmuşdur. 1969-cu ildə, 27 yaşında (Napoleon istirahət edir!) müstəqil Liviyanın ilk kralı I İdrisi yıxaraq, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmişdir. Qəddafi hakimiyyət və var-dövlət hərisi olsa da, bütün “Ərəb dünyasını” birləşdirmək, Afrikanı cənnətə çevirmək arzusu ilə yaşayırdı. Onun bir şakəri də vardı, dünya müsəlmanlarını ABŞ-a və Böyük Britaniyaya qarşı mübarizəyə çağırırdı, bunun üçün böyük vəsaitlər ayırırdı. ABŞ-ın siyasətini bəyənməyən bütün Avropa və dünya liderlərini dəstəkləyirdi, beynəlxalq terror təşkilatlarına milyardlar xərcləyirdi...
Doğrudur, Qəddafi acgöz və qəddar adam idi, amma xəsis deyildi. Onun dövründə Liviya çiçəklənən bir ərəb ölkəsi idi. Nəhəng neft sərvətlərinin gətirdiyi nəhəng pullar “insafla” bölünürdü. Bir yarısı Qəddafiyə və onun klanına çatırdı, o biri yarısı isə xalqın payı idi, ölkəyə xərclənirdi. İqtisadiyyat sürətlə şaxələndirilir, qeyri-neft sahəsi inkişaf etdirilir, neftdən asılılıq minimuma endirilirdi. Liviya yeganə Afrika ölkəsi idi ki, burda müəllimlər 1000, həkimlər 1500 ABŞ dolları civarında maaş alırdı. Ailə quranlara 50 min, biznes quranlara 30 min dollar yardım edilirdi, vətəndaşlara kreditlər faizsiz verilirdi. Hər ailə üzvünə ildə min dollar yardım edilirdi, kommunal xərclər də dövlət hesabına idi. Səhiyyə və təhsil, xaricdə oxumaq və müalicə almaq da daxil olmaqla, pulsuz idi. Neft ölkəsi neftin ucuzlaşmasını hiss etmirdi, milli valyuta büdrəmirdi, bütün bunları Qəddafi öz “cibindən” təmin edirdi...
Amma Liviyada nəinki demokratiya, hətta kollegial idarəetmə anlayışı belə yox idi. Burda Napoleonun məşhur “Dövlət mənəm” sözü yerinə düşürdü, Qəddafinin sözü qanun idi. Onun müxalifəti onun düşməni idi, düşmənləri dünyanın hər yerində təqib edilir və qətlə yetirilirdi. Amma Qəddafi adi adam deyildi, dövrünün məşhur publisisti, alimi, siyasi lideri idi. 1969-cu ildə Liviyada hakimiyyət çevrilişi edəndə özünün “III Ümumdünya nəzəriyyəsi”ni həyata keçirmək niyyətində idi. Sonralar bu nəzəriyyə onun məşhur üçcildliyində - “Yaşıl Kitab”da öz əksini tapmışdı. Cavan Qəddafi hamının yaxşı yaşadığı, hamının bərabər olduğu bir “Camahiriyyə” qurmaq, bütün “Ərəb dünyası"nı bu hərəkata qoşmaq istəyirdi. Onun ən böyük meqa-layihəsi isə bütün Afrikanı dollar əsarətindən qurtarmaq və ümümi valyutaya – lirəyə keçmək idi. Qəddafi Afrika neftini Afrika lirəsinə satmaq istəyirdi. ABŞ, Avropa təbii ki, bu layihənin həyata keçməsinə, Afrikanın çiçəklənməsinə imkan verə bilməzdi...
Bəli, bütün cavanlar kimi, Mühəmmərin də arzuları gözəldi, amma həyata keçmədi... Hakimiyyət və var-dövlət hərisliyi, özündən müştəbehliyi, burnundan uzağı görməməyi, Don Kixot kimi “yel dəyirmanları” ilə münaqişə etməyi imkan vermədi. Bütün ömrü boyu özünü “Xalqın atası” hesab edən Mühəmmər Qəddafi 2011-ci ildə “Ərəb baharı” dövründə xalqın ayağı altında öldü...
Düşünürəm ki, Qəddafinin faciəsi bütün xalqlara və onların “atalar”ına dərs olmalıdır...
MİA.AZ