Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında keçirdiyi “Media və dini təhlükəsizlik” mövzusunda yazı müsabiqəsi qaliblərinin pul mükafatlarını hələ də verməyib.

Bu barədə Mia.az-ı qalib jurnalistlərdən biri məlumatlandırıb.

Onun sözlərinə görə, komitənin 7 iyun 2023-cü ilə elan etdiyi və 19 iyil 2023-cü ildə, yəni, Mətbuat Gününə 3 gün qalmış açıqladığı nəticələrə əsasən, yer tutub: "Həmin tədbirə xeyli tanınmış media mənsubu da dəvət olunmuşdu. Orada qaliblər və həvəsləndirici yer qazananlara diplomlar verildi, pul mükafatlarının isə bir neçə günə hesablarmıza ödəniləcəyini dedilər. Lakin aradan təxminən bir aya yaxın vaxt ötüb, Mübariz Qurbanlı jurnalistlərin mükafatlarını müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Gah problemi bankın üstə, gah da komitənin mühasiblərinin üzərinə atırlar. Artıq hesablarımızı öyrənmək üçün üz tutduğumuz bank işçiləri bizə gülürlər. Açıq deyirlər ki, komitə jurnalistlərlə məzələnir...".

Məsələ ilə bağlı komitədən mövqe öyrənmək mümkün olmayıb.

Ancaq qalib olan daha bir neçə jurnalist də deyilənləri təsdiqləyıb..

Xatırladaq ki, M.Qurbanlının sədri olduğu komitə Mətbuat Günü ilə bağlı jurnalistlər arasında keçirilən müsabiqənin mükafat fondunu belə açıqlamışdı:

I yer - 1 nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 600 manat

Həvəsləndirici mükafat - 9 nəfər - 200 manat.

P.S. Komitənin mətbuat katibi Yaqut Əliyeva Mia.az-a bildirib ki, yazı müsabiqəsinin 15 nəfər qalibindən 11-i mükafatını alıb: "4 nəfərin bank hesabında problem olduğu üçün ala bilməyiblər. Elçin Bayramov ("Səs" qəzeti), Cavid Əkbərov ("İki sahil" qəzeti), Günay Elşadqızı (APA), Elçin Mehdiyev (Trend İA)".

Samir MUSAYEV

MİA.AZ