Aqşin YENİSEY
***
Təhsil naziri Emin Əmirullayev Əziz Nesinin türk toplumu haqqında dediyi "türk toplumunun 60 faizi abtaldır" sözlərini daha konkret mövzuda və daha yumşaq formada bizim toplum üçün deyib: "Yaşı 25-dən yuxarı olan insanlarımızın 60 faizi oxuduğu mətnlərin məğzini anlamqda çətinlik çəkir".
Və sosrealizmin yarısını "satılmışlar" damğasıya şərlədiyi, yerdə qalan yarısını "seçilmişlər" elan etdiyi xalqımız nazirin bu sözlərini süngüylə qarşılayıb.
İstənilən xalqın 50, 60, bəzən 70 faizi abtallardan, gerizəkalılardan ibarətdir. İstənilən xalqın böyük bir kəsimi nə yazdığını, nə oxuduğunu, hətta nə danışdığını anlamır. Beynəlxalq İQ cədvəllərində dünya xalqlarının yarıdan çoxunun, ümumiyyətlə, adı yoxdur.
Buna görə də Umberto Eko "Xalqdan istifadə etmək" essesində yazır: "Əslində, “xalq” (vahid istək və duyğular mənasında, əxlaqı və tarixi təmsil edən təbii sayıla biləcək güc olaraq) yoxdur. Fərqli düşüncələrə sahib vətəndaşlar var və demokratik rejimdə... Söhbət xalqın yox, çoxluğun səsindən gedir".
O çoxluq kimdir?
Əziz Nesin o çoxluğu nəzərdə tutaraq müsahibələrinin birində deyir: "Mən türk millətinin 60 faizi abtaldır deməyəcəkdim, 40 faizi zəkidir deyəcəkdim".
Bəli, hər bir xalqın içində 30, 40, nadir hallarda 50 faizlik bir çoxluq var ki, bütün tarixi məsulliyyət bu çoxluğun üzərinə düşür, daha doğrusu, bu kəsim xalqın bütün tarixi, mədəni, elmi, ədəbi, əxlaqi məsuliyyətini öz üzərinə götürür. Könüllü.
Gənc nazirin də çıxışını davam etdirsək, yaşı 25-dən yuxarı olanlarımızın 40 faizinin zəki olduğu, oxuduğu, yazdığı, danışdığı sözü, mətni bitdə-bitdə dərk etdiyi nəticəsinə gələcəyik.
Özünü "xalq" adlandıran bu 60 faiz insan ki var, onlar elə Üzeyir Hacıbəyovun da, Cəlil Məmmədquluzadənin də, Sabirin də tənqid etdiyi kəsimdir.
O başqa məsələ ki, adını çəkdiyim bu klassiklər eyni əsərləri bu gün yazsaydılar həmin 60 faiz insanın sosial şəbəkələrdəki israrlı tələbi və alqışları ilə Yazıçılar Birliyindən qovulardırlar.
MİA.AZ