Abşeron rayonunun Mehdiabad qəsəbəsində 35 yaşlı kişi öldürülüb.
Mia.az xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.