Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub.
"Qəbələ" öz meydanında "Sumqayıt"la,
"Neftçi" isə səfərdə "Simurq"la qarşılaşıb.
"Neftçi" və "Qəbələ" müvafiq olaraq turnir cədvəlinin 3-cü
və 4-cü pillələrində qərarlaşdığından bu oyunlar bürünc medalı qazanmaq baxımından
hər iki komanda üçün əhəmiyyətli olub. Lakin
"Neftçi" səfərdə "Simurq"un müqavimətini qıra bilməyib. Bu
görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda qapılara qol vurulmayıb - 0:0.
Bundan maksimum
istifadə edən "Qəbələ" klubu öz meydanında "Sumqayıt"ı 3:1
hesabı ilə məğlub etməklə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına
sahib çıxıb.
Bu qarşılaşmalarla eyni saatda baş tutan AZAL - "İnter" matçı
formal xarakterli olub. Artıq gümüş medalları özü üçün təmin edən Kaxaber
Sxadadzenin komandası bu oyuna əsasən ikinci heyətlə çıxıb. Lakin qələbəyə
həsrət qalan AZAL klubu fürsətdən yararlana bilməyib.
Komanda
"İnter"ə də məğlub olmaqla, mövsümü 8-ci pillədə başa vurub – 1:3.
Daha bir
oyunda "Rəvan" "Bakı"nı qəbul edib. Meydan sahibləri
elitanı tərk etməmək üçün mütləq qalib gəlməli və "Sumqayıt"ın
"Qəbələ"yə məğlub olmağını gözləməli idi. Lakin paytaxt derbisi
"Rəvan"ın məğlubiyyəti ilə başa çatıb - 2:3.
Günün və
mövsümün son oyunu isə mərkəzi arenada keçirilib. Burada çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Xəzər
Lənkəran"ı qəbul edib. Oyunun ilk hissəsində
cənub komandası hesabda irəli çıxsa da, hissənin sonunda Qurban Qurbanovun yetirmələri hesaba tarazlıq gətirib. İkinci hissədə isə komandalar
qapılara yol tapa bilməyib – 1:1.