Zülfiyyə Mustafayeva
***
Övladı naxələf çıxan çoxlu siyasətçi var dünyada.
2006-cı ildə İsrailin baş naziri Ariel Şaronun böyük oglu Omriyə fırıldaqçılıga görə 9 il iş verdilər. Baş nazir elə vətəndaşların qarşısında dedi ki, oglu ölkəsinə xəyanət edib, ailəsinin prinsiplərini tapdalayıb.
Brejnevin qızı Qalinanı küçələrdən, eyş-işrət yerlərindən ayıra bilmirdilər. Axırda məcbur olub saldılar dəlixanaya. Elə keçmiş Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova da Qalinanın tayı idi, sadəcə, onu dəlixanaya yox, türməyə göndərmişdilər. ABŞ prezidenti Corc Buşun da əkiz qızlarının ayıq başı olmayıb. Gah içiblər, gah çəkiblər, yəni, türmədən və cərimələrdən başları ayılmayıb.
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oglu Mark lap gül vurub. 2005-ci ildə 52 yaşlı bu adam Ekvatorial Qvineyada dövlət çevrilişinə cəhd edib. Fransız lideri Fransua Mitteranın oglu Jan-Kristofer də dövlət büdcəsini soyaraq aradan çıxıb, amma sonra anası məsələnin üstünü ört-basdır edib. Muammar Qəddafinin manyak oglanlarından isə heç danışmaga dəyməz.
Sözümün canı var.
O gün siyasətçilərdən biri israrla mənə sübut etməyə çalışırdı ki, İsa Qəmbərə tələ qurublar, oglunun üzərindən oyun oynamaq istəyiblər. Adama dedim ki, bəs niyə ogul da fürsətçilərin əlinə işləyir? Feysbukda məlum statusu yazmaga kim məcbur etmişdi onu?
İLKİN QƏMBƏR
Lap tutaq ki, məlum filmi çəkməkçün pul alıblar, adamın əlinə yaxşı pul gələndə imanı əldən gedir. Amma sosial şəbəkələrdəki statuslara kim barmaq edir ki? Bu ki, insanın günlük əhval-ruhiyyəsinin təzakürüdü? Elə deyilmi?
Sizdən nə gizlədim, İsa Qəmbərin oglunu məlum məsələyə görə günlərcə yıxıb-sürüdükcə, yadıma Qubad İbadoglunun qızı düşürdü. 44 günlük müharibə dövründə düşmən ölkənin rəhbərinin arvadına qoşulub bizi pisləmişdi. Çoxunun yadında olar. Atası da onda demişdi ki, qızına sözünü keçirə bilmir. Olsun.
Amma bu mizanın gözlərinə gəlin diqqətlə baxaq da. O vaxt, müharibənin vurhavurunda, canımızda şəhid agrıları, hamıya agıl verən siyasətçinin qızının zövcəyi-Paşinyana qoşulmasına heç bu qədər hikkələnməmişdiniz. Niyə? Qubad İbadoglunun qızının hərəkəti İsa Qəmbərin oglunun hərəkətindən çoxmu zəif idi? Niyə onun da övladına söz qoşmadınız?
Məncə, ayrımcılıq edirsiniz cənablar və bu heç də kişiyana deyil.
Əslində heç kimə cavabdehlik daşımaq olmur bu ölkədə. Öz övladına da hökm edə bilmirsən. Tanış siyasətçi mənə deyir ki, İsa Qəmbərin oglunun hərəkətini qəsdən şişirdirlər. Yəni, kimlərinsə əlinə fürsət keçib.
Çox qəliz məsələdi.
Allah islah etsin, İlkin Qəmbəri də, Qubadın qızını da (əgər yenə Annadan əl çəkməyibsə), balaya görə valideyni abırdan salmaq istəyən fürsətçiləri də, Cəbiş müəllimi, hətta Hitleri də.
Amin!
MİA.AZ