Qalib ARİF
***
Hazırda az qala, bütün dünya Rusiyanı terrorçu dövlət, Rusiya prezidenti Vladimir Putini isə, terrorçu dövlətin lideri kimi tanıyır. Odur ki, mən də Putin haqqında oxuduqlarımı, eşitdiklərimı və bildiklərimi fikrimin süzgəcində keçirib oxucularla bölüşmək istəyirəm.
Görəsən, kasıbçılıqdan çıxan, amma sıradan olmayan bu insan dünyada necə və niyə bu qədər populyar oldu?! Deyirəm, bilənlər onsuz da bilir, bilmək istəyənlər də öyrənər, bilməyənlərə deyər. Yeri gəlmişkən, aşağıdakı qeydlər müxtəlif mənbələrdə gedən, amma təkzib edilməyən, üst-üstə düşən məlumatlara əsaslanır.
Beləliklə...
Vladimir Putin 1952-ci ildə Rusiyanın şimal paytaxtı Leninqradda (indiki Sankt Peterburq) kasıb, çox kasıb bir ailədə anadan olub. Atası da, anası da savadsız, qara fəhlə olub, qəpiyi qəpiyə güclə calayıblar, ac qalmayıblar. Müharibə başlayan kimi atası cəbhəyə gedib, anası blokadaya alınmış şəhərdə tək qalıb. Putin xatirələrində deyir ki, “cəbhədən şikəst qayıdan atam təsadüfən ölü daşıyan maşında anamı görüb və xilas edib”. Deyilənə görə, ailədə Vladimirdən əvvəl doğulan uşaqlar da acından və soyuqdan ölüb. Vladimir yaşlı, içki düşkünü olan valideyinlərin tək övladı olub. Səhər tezdən valideyinlər işə gediblər və məktəbli oğlan öz öhdəsinə buraxılıb. Arıq, çəlimsiz uşaq yəqin ki, həyətdə, məktəbdə daimi fiziki zoraklıqlara məruz qalıb. Odur ki, özünü müdafiə məqsədilə idman zallarına üz tutub, məktəb yaşlarından sambo və cüdo ilə məşğul olub.
Yeri gəlmişkən, psixoloqlar Prezident Putinin çox qətiyyətli və qəddar adam olmasını, hər cür zorakılıqdan və qandan qorxmamasını həm də psixoloji “travmalar”la izah edirlər.
Qeyd etmək lazımdır ki, Vladimir məktəbdə yaxşı oxuyub, çalışqan və intizamlı şagird olub. Amma onun təhsilə həvəsi xüsusi istedadından, ya qeyri-adi zəka potensialından irəli gəlməyib. Sonrakı hadisələr də göstərdi ki, onun böyük qabiliyyəti olmayıb, amma böyük qətiyyəti və özünə inamı olub. Aqillər də deyir ki, böyük qətiyyət varsa, kiçik qabiliyyətlə də çox şeyə nail olmaq, əgər üstəlik bəxtin də varsa, zirvələrə ucalmaq olar. Sadəcə olaraq, Vladimir hələ şagird yaşlarında başa düşüb ki, bu dəhşətli kasıbçılıqdan, darısqal kommunal otaqdan, yamaqlı şalvardan, evdə tualetə, çöldə maqazinə növbələrdən qurtarmağın yeganə yolu oxumaqdır. Odur ki, adaşı Leninin “Oxumaq, oxumaq, yenə də oxumaq” kəlamından bərk yapışıb. Bəxti də həmişə ona yar olub. 70-ci illərdə fəhlə uşaqlarını universitetlərə müsabiqəsiz qəbul edirdilər və Vladimir də Leninqrad Universitetinin hüquq fakultəsinə düşə bilib.
Vladimir Universitetdə də çalışqan və intizamlı tələbə olub, əla qiymətlərlə oxuyub, idmanla da müntəzəm məşğul olub. İndi tələbə yoldaşları onun böyük nailiyyətlərindən və qeyri-adi qabiliyyətlərindən danışsalar və yazsalar da, boş buraxın – qələm dost əlindədir. Dost və düşmən qələmlərinə isə inanmaq olmaz, onlar ya qaranı, ya da ağı yazar, biz isə gələcək liderin rəngli portretini çəkməyə çalışırıq. Dostların xatirələrində yeganə həqiqət Putinin anasının lotoreya ilə “Zoporojes” maşını udması və Vladimirin tələbə yoldaşlarını Niva plyajlarına daşıması olub. Yeri gəlmişkən, kasıbçılıqdan qurtarmaq və müdafiə olunmaq tələbatı “Domokl qılıncı” kimi daim Putinin başının üstündən asılıb və faktiki olaraq, onu irəli aparan stimul olub. Məhz bu tələbat onu tələbə dövründən KQB ilə əməkdaşlığa cəlb edib.
Məlum olduğu kimi, sovet dövründə KQB qədər müdafiə olunan bir təşkilat yox idi, onun əməkdaşlarının “kəsdiyi başın” da sorğu-sualı yox idi. Doğrudur, Vladimir sonralar tələbə dövründə KQB-yə məktubla müraciət etdiyini və Universitetin “Qırmızı diplom”lu məzunu kimi bu təşkilata təyinat aldığını deyəcək. Amma məlum olduğu kimi, KQB-yə məktubla və “Qırmızı diplom”la düşmürdülər, bu föfqəl-təşkilat öz əməkdaşlarını özü seçirdi.
Beləliklə, 1975-ci ildə Vladimir Universiteti uğurla qurtarıb və arzularının KQB-sində işə başlayıb. Amma Universitetin “Qırmızı diplom”lu tələbəsini dərhal “Qırmızı Almaniyaya” kəşfiyyata göndərməyiblər. Bunun üçün, ən azı, dil bilmək, partiyaya keçmək, evlənmək və fövqəl Komitənin mvafiq şöbəsində işləmək lazım idi.
Gənc Vladimir hardasa 10 il KQB-nin Leninqrad rayon təşkilatlarında “zabit” rütbəsi ilə müstəntiq olur, amma qazancı da az olmur. Əvvəla, sovet sisteminin əsas idarəçilik texnologiyalarını – aşağılardan almağı və yuxarılara verməyi, göstərişləri vaxtında və qüsursuz icra etməyi yüksək səviyyədə öyrənir. Sonra, darısqal kommunal mənzildən canı qurtarır, yaşlı anası və gənc həyat yoldaşı ilə yeni rahat mənzil alır. Mötəbər olmayan bəzi mənbələr yazır ki, gənc Vladimir məhz 3 otaqlı mənzil əldə etmək və xaricə işləməyə getmək üçün, həmin zaman görüşdüyü bir neçə qadından biri, daha sakiti və miyanəsi ilə evlənib. Amma təkrar edirəm, qələm düşmən əlindədir və onlar yalnız qaranı qeyd edir...
Nəhayət Vladimir Putin 30 yaşından sonra, 80-lərin ortalarında Şərqi Almaniyaya, konkret olaraq, Drezden şəhərinə işə göndərilir. Dost qələmi həmin dövrdə gənc çekistin uğurlu işindən, düşmən qələmi isə yaxşı yeyib-içməsindən yazır. Tanınmış müxalifət lideri Aleksey Navalnı Putinin “Almaniya sərgüzəştləri” haqqında sənədli film də çəkib. “Yotub”da var, vaxtı və arzusu olanlar baxa bilər. Amma qələm düşmən əlində olduğundan, mən hətta bu filmə istinad etmirəm. Zira, Putin Drezdendə də göydən ulduz qoparmayıb, sadəcə olaraq, “klub müdiri” olub. Bəli, KQB böyük təşkilat idi və hərəyə qabiliyyətinə görə iş verirdi. Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, Vladimir tünd içkilərə və zərif cinsə qarşı həmişə həvəsli olub, imkanlar və vəzifə artdıqca, bu həvəs də artıb. Təbii ki, bu vəziyyət gənc ailədə, hətta Drezdendə müsbət qarşılanmayıb və tez-tez qaynayan, bəzən buxarı bayıra çıxan narazılıqlarla müşayət olunub...
Vladimir Putin 80-ləri sonlarında mətbuata sızmayan, yalnız özünə məlum olan səbəblərdən Şərqi Almaniyadan geri çağrılıb, operativ işlə təmin olunmayıb və hərbi terminlə desək, sərəncama alınıb. Gələcək liderin 5 illik Almaniya “sərgüzəştləri”ndən yeganə real qazaqncı “mayor” rütbəsi olub. Amma yuxarıda deyildiyi kimi, adamın bəxti həmişə gətirib. Rusiyada Qorbaçovun “Yenidənqurması”, faktiki olaraq, fiaskoya uğrayıb və partokratlarla demokratlar arasında hakimiyyət davası başlayıb. Bu davanın məlum liderlərindən biri – demokrat Anatoli Sobçak artıq özünün ilk hakimiyyət payını alb, LDU-nun rektorudur. Sobçak da, məlum olduğu kimi, hüquqşünasdır və Vladimirin tələbəlik dövründə hüquq fakultəsinin dekanı olub. Demokrat rektor keçmiş tələbəsini yaxşı qarşılayır və onu Universitetə 1-ci (“Məxvi”) şöbənin müdiri dəvət edir, “təşkilati məsələləri” həll etməyə söz verir. Xatirələrində dediyi kimi, imkansızlıqdan axşamlar “taksovatlıq” edən (ruslar “bombit” deyir) Vladimir bu kiçik vəzifəni iki əlli qəbul edir.
Universitetdə işlədikləri bir neçə ildə Anatoli Sobçak öz köhnə tələbəsini yenidən kəşf edir. Qeyd etmək lazımdır ki, parlaq natiq, ellik siyasətçi, intelekt mənbəyi və ideya generatoru olan Sobçak çox qətiyyətsiz və iradəsiz adam idi, hətta öz ideyalarını həyata keçirə bilmirdi, axıra kimi gedə bilmirdi. Vladimir Putin isə, xarizmatik siyasətçi olmasa da, yaxşı icraçı və təşkilatçı, çox qətiyyətli adam idi, başına bir fikir girsəydi, çəkiclə də vurub çıxarmaq mümkün deyildi. Eyni zamanda, Vladimir keçmiş müstəntiq kimi “almaq və vermək” prosesini yaxşı bilirdi və yüksək səviyyədə həyata keçirirdi. Bir sözlə, Putin Sobçak üçün, təxminən 100 il əvvəl Stalin Lenin üçün olduğu kimi, əsl tapıntı idi və “tələbə” artıq Universitetdə “müəllim”in bütün “məxvi” göstərişlərini uğurla icra edirdi. Məlum olduğu kimi, Stalin də cəsarətli və qətiyyətli adam idi, Cənubi Qafqazda “reketçilik”lə məşğul idi və “qazanılan” pullarla Leninin Avropada “siyasi” sərgüzəştlərini maliyyələşdirirdi...
90-ların əvvəllərində Rusiyada partokratlarla demokratlar arasında hakimiyyət davası Sovet İttifaqının və Kommunist partiyasının ləğvi, Qorbaçovun getməsi, Boris Yeltsinin hakimiyyəti ələ keçirməsi ilə nəticələndi. Yeltsinin davamçıları olan demokratlar bütün cəbhələrdə hücuma keçdilər və sözün əsl mənasında, Rusiyada dövlət çevrilişi (özləri “inqilab” deyirdilər) etdilər. Təbii ki, Anatoli Sobçakın komandası da kənarda qalmadı və Leninqraddan Sankt Peterburqa qayıtmış şəhərdə hakimiyyəti ələ keçirdi. Sobçak şəhərin meri “seçildi” və öz “idealları”nı həyata keçirməyə başladı. Bu ideallar partokratların bütün həlledici vəzifələrdən uzaqlaşdırılması və onların “zəhmətsiz gəlirləri”nin demokratlar arasında yenidən bölüşdürülməsindən ibarətdi. Bir sözlə, Leninin “oğrudan oğruya halaldır” siyasəti yenidən həyata keçirilirdi...
Yuxarıda deyildiyi kimi, Leninə öz ideallarını reallaşdırmaq üçün Stalin lazım olduğu qədər də Sobçaka Putin lazım idi. Və Sankt Peterburq meri Anatoli Sobçakın 1-ci müavini Vladimir Putin idi. “Tələbə” yenə də, amma bu dəfə bütün şəhərdə “müəllim”in bütün “məxvi” göstərişlərini uğurla icra edirdi. Yeri gəlmişkən, Sobçakın köməkçisi sonralar Rusiya prezidentliyinə qədər ucalmış siyasi təlxək Dimitri Medvedev, Putinin köməkçisi isə, indi də Putinin nəhəng “Qaz.Prom” şirkətinə rəhbərlik edən iqtisadi dəllal Aleksey Miller idi. Diqqət edirsizmi, necə deyərlər, su axar çuxuru tapar. Putinin Sankt Peterburqda Sobçakın rəhbərliyi altında işlədiyi dövrdə həyata keçirdiyi “məxvi” göstərişlər haqqında ətraflı yazmaq fikrim yoxdur, bu məsələni oxucunun fantaziyasına buraxıram. İnternetdə Putin dövrünə təsadüf edən “Banditskiy Peterburq” haqqında hər şey var, amma aydınlıq hasil olsun deyə, iki məqamı mütləq vurğulamalıyam...
Birincisi... Demokratların hakimiyyəti ələ keçirdiyi dövrdə bütün Rusiyada sonsuz miqdarda sahibsiz torpaqlar vardı və Yeltsin dövrünün özbaşınalıından istifadə edən demokratlar görünməmiş bir acgözlüklə bu torpaqları satmağa (özəlləşmə hələ başlamamışdı, “uzun müddətli icarə” adlanırdı) başladı. Həmin illərdə torpaq satışından oğurlanan böyük pulları yalnız Rusiyada neft satışından qazanılan nəhəng pullarla müqayisə etmək olardı. Məsələn, Moskvada mer Yuri Lujkovun хeyir-duası ilə, həmin pulların tör-töküntülərindən faydalanmış vəzifəsiz, səviyyəsiz Telman Ismayılov bir neçə ildə rəsmi milyarder olmuşdu. Indi görün vəzifəli, intelektli cənablar, o cümlədən, bizim qəhrəmanlar nə qədər və nələr qazanırdı... Mən hələ muzeylərin, kilsələrin talanmasını, milli sərvətlərin xaricə daşınmasını və dollara satılmasını demirəm...
Və ikincisi... Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, Kommunist Partiyasının kassası Leninqradda saxlanırdı və burda nə az, nə çox, 300 ton külçə qızıl vardı. Sobçakla Putinin Leninqrada rəhbərlik etdiyi 5 ildə bu 300 ton qızıl da əriyib yox oldu, havaya uçdu. İlə cəmi 60 ton düşür, amma mən qızılın dollara çevrilməzi ilə məşğul olmuram və bu məsələni də oxucunun öhdəsinə buraxıram...
Beləliklə Vladimir Putin Anatoli Sobçakın rəhbərliyi altında Sankt Peterburqda işlədiyi dövrdə kasıbçılıqdan birdəfəlik qurtardı və nəinki Leninqradın, hətta bütün Rusiyanın ən imkanlı adamlarından birinə çevrildi. Aqillər deyir ki, kasıbçılıq sağalmaz xəstəlikdir, bütün xəstəliklərdən qurtarmaq olur, amma kasıbçılıqdan, ölsən də, qurtara bilməzsən. Vladimir isə, öz tarixi adaşı kimi sübut etdi ki,.aqillər səhv edir, kasıbçılıqdan nəinki qurtarmaq, hətta hakimiyyət taxtına çıxmaq, Napoleon kimi dünyanın yarısını fəth etmək olur. Amma bu barədə II hissədə...
(Ardı olacaq)
MİA.AZ