"İctimai Televiziyanın Yayım Şurasının üzvlüyünə namizədlərin hər biri öz sahələrində peşəkar çalışan insanlardır və biz onları müsbət qiymətləndirirk. Bildiyiniz kimi, Azərbaycanda ilk Televiziyanın yaranmasından  67 il keçir. Hazırda ölkəmizdə 4 dövlət, 7 özəl, 11 regional olmaqla, 22 televiziya kanalı fəaliyyət göstərir".

Mia.az xəbər verir ki, bu səzləri parlamentin bugünkü iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, son 5 ildə, yəni 2019-cu ildən başlayaraq, dövlət media siyasətində köklü islahatlara başlayıb, struktur islahatlar həyata keçirib, sahəyə məsul bütün qurumlar, vəzifəli şəxslər yenilənib: "Media ilə bağlı yeni qanun qəbul edilib. Azərbaycan xalqı  misilsiz Zəfər tarixini yazıb. 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımı Qarabağda - Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə və ətraf rayonlarda bərpa edilib. Şuşa Radio-Televiziya yayım stansiyası ən müasir avadanlıqla təchiz edilib. Bütün bunlar aparılan son 4 illik dəyişikliklərin uğurlu olduğunu deməyə əsas verir".

Deputat bildirib ki, 2013-cü ildən Qafqazda yeganə peyk operatoru olan"Azərkosmos","Azərspace-1 və 2”  telekommunikasiya peykləri işə başlayıb: "Əlbəttə, televiziya-milli təhlükəsizlik məsələsidir. “Cəmiyyətin güzgüsü” adlanan TV-lər bütün dünyada ictimai rəyin, milli birliyin və kimliyin formalaşmasına təsir edən, güclü dövlət quruculuğunun aparıcı qüvvəsidir.  Bu gün  istənilən cəmiyyəti məqsədli yönəltmək və idarə etməyin siyasi texnologiyası- informasiya və ideoloji manipulyasiya prosesləri çox asanlaşıb. İnternet/süni intellekt əsrində  manipulyasiya obyekti artıq təkcə insan və ya qrup deyil, bütün cəmiyyət olduğundan tv-lər milli təhlükəsizliyin fundamental amilinə çevrilib".

Komitə sədri deyib ki, araşdırmalara görə, TV-lərə baxanların sayı dünyada 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə bir neçə dəfə azalıb: "Sosial şəbəkələr və youtube kanalları geniş yayılır. Səbəblər dərin və çoxşaxəlidir.  Onlar dünya TV təcrübəsində ən uğurlu  proqram formatlları, verilişlərin, yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır.

Kanallar üzrə qeyd edilərsə, son bir neçə ildə İctimai TV-nın proqramlarının məzmun, keyfiyyət və rəngarənglik meyarına önəm verir. Xüsusilə də digər kanallarda epidemiya kimi yayılan  sosial tok-şoularla müqayisədə İctimai Tvdə dünyada qəbul edilən meyarlara cavab verən, gündəlik yayımlanan “Sabaha saxlamayaq”, “Diqqət mərkəzi-yekun” “Ötən günlər”, Pressinq və digər elm-təhsil-maarifçi proqramların çəkisi getdikcə artmağa başlayır, keyfiyyət meyarlarına diqqət verilir".

Zahid Oruc qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda media landşaftı” ilə bağlı 2020-ci ildə keçirilən sosioloji tədqiqatının nəticələrinə görə, Azərbaycan telekanallarında respondentlərin təxminən yarısı - 44.9%i hərbi-vətənpərvərlik məzmunlu verilişləri tez-tez görmək istədiyini bildirib: "40.4 faizi  informasiya/xəbərlərini, 37.6 faiz təhsil, maarifləndirici, elmi məzmunlu verilişləri daha çox görməyi arzulayıb. Hər 3-cü respondent, daha dəqiqi, rəyi soruşulanların 29% telekanallarda milli-mənəvi, dini dəyərlərə aid verilişləri daha tez-tez görmək istəyir".

Komitə sədrinin sözlərinə görə, artıq 10 illərdə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan   şou-proqramların tvlərin əsas simasına çevrildiyini görürük: "Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisnin yarıdan çoxu "İnstagram" izləyicisi olması onu göstərir ki,  ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında bəzən zövqsüz kütlə dayanır. Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır.

Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız  kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı,  ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və  sərvət toplayır. TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil".

Millət vəkilinin sözlərinə görə, "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” mövzusunda ictimai rəy sorğusunda “Azərbaycan ailə dəyərlərinə qarşı ziyanlı təsirlər və təhlükələr kimi ilk sırada - sosial şəbəkələr (64%), və xarici seriallar/kinolar (44.9%), media və TV -lərdə Qərb ailə dəyərlərinin düzgün təbliğ olunmaması (18.9%),   yerli televiziyalarda olan verilişlərin məzmunu (22.2%), anti-ailə təbliğatının çoxalması (16.2%), yerli seriallardır (19.1%).

Deputat qeyd edir ki,Qərb dəyərlərinin təbliği ilə yanaşı, yerli TV verilişlər və serialların da məzmununun respondentlərin böyük qismi tərəfindən ailə dəyərlərinə ziyan kimi qiymətləndirilməsi olduqca ciddi və narahatedici siqnaldır: "Sorğuda 80.7% respondentin "Ailə dəyərləri orta məktəbdə tədris olunmalıdır" fikri ilə tam razı olması, bu mövzunun həm də yerli TV-lərdə təbliğinə də ehtiyac olmasına dəlalət edir".

F.Əhməd

Mia.az