Elxan ŞÜKÜRLÜ

***

Türkiyədəki 14 may seçkilərində Ərdoğanın yenidən prezident seçilməsini səmimiyyətlə istəyən və həm də buna ciddi-cəhdlə çalışdıqları aşkar görünən iki dövlət başçısı var - Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin.

Hər ikisi, faktiki olaraq, Ərdoğanın seçki təbliğatında birbaşa iştirakçı olmaqla, onun Türkiyə seçiciləri arasında reytinqinə müsbət təsir edəcək çox önəmli fikirlər bildiriblər: aprelin 27-də Akkuyu AES-in açılış mərasimində Vladimir Putinin, bu gün - aprelin 29-da isə "Teknofest"də İlham Əliyevin çıxışlarının məzmunu onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan Ərdoğan Türkiyəsi ilə indiyəqədərki əməkdaşlıqdan çox razı qalmaqla yanaşı, yaxın gələcəyin Türkiyəsini də Ərdoğansız təsəvvür etmirlər, siyasi yatırımları onadır və onunla münasibətləri daha da dərinləşdirməkdə qərarlıdırlar.

Putin və Əliyevin Ərdoğana dəstəyi həm də Bayden administrasiyasının Ərdoğanın rəqiblərinə açıq və gizli yardımları fonunda baş verir.

Dəfələrlə dediyimiz kimi, 14 may seçkiləri siyasi yarışdan daha çox bir geopolitik savaşdır və bu seçkilər Türkiyənin, eləcə də Türkiyənin çətiri altında qurulan Türk Dövlətləri Təşkilatının (TDT) gələcək nizamda yerini, cinahını müəyyənləşdirəcək.

Ukraynada Rusiya prezidentini hələ məğlub etməyi bacarmayan qoca Bayden Türkiyədəki seçkilərdə Ərdoğanı yenməyi həm də Putin üzərində qələbə sayır və buna görə də bütün resurslarını işə salıb.

Bu səbəbdən, Ərdoğanın 14 mayda qələbəsi qoca Baydenin ilk geopolitik məğlubiyyəti, Ərdoğan-Əliyev-Putin ittifaqının isə növbəti uğuru sayılacaq.

MİA.AZ