Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, yaralanan 8 nəfər (5-i kişi, 3-ü qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətləri stabildir.
***
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.
Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.
Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.
Qeyd edək ki, hadisə "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
***
Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.Yaralılar - 1999-cu il təvəllüdlü Orxan Xəlilov, Sənan Vəliyev, Aydan Şərifova, Raul Şərifov, Ramin Şərifov, Günay İsgəndərova, Şölə İsgəndərova və Emin İsgəndərov xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək
MİA.AZ