Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elman Muxtarov ifadə verib.

O bildirib ki, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib: "Mən zərərçəkmişə sadəcə bir şillə vurmuşam".

Daha sonra iş üzrə yeganə şahid olan zərərçəkmişin arvadı Günay Əliyeva (ad, soyad şərtidir) dindirilib. O, təqsirləndirilən şəxsin xeyrinə ifadə verib.

Təqsirləndirilən şəxsin vəkili Gülşən Salmanova şahidə suallar ünvanlayıb. O, hadisə zamanı E.Muxtarovun əlində bıçağın olub-olmaması, eləcə də zərərçəkmişdən pul tələb edib-etməməsini soruşub.

Qadın zərərçəkmişin yalan danışdığını söyləyib: "Ərimlə yaşamağıma səbəb uşaqlarımı əlimdən alması qorxusu olub. Bu səbəbdən evdən çıxmadım. Artıq ərimlə heç bir münasibətim yoxdur. Zərərçəkmiş şəxs yalan deyir, Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi şəkildə izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram".

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyad şərtidir) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyad şərtidir) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub(Report).