Vüqar BAYRAMOV

Millət vəkili

***

Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir. Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur.

Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi.

Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Nəzarət-keçid məntəqəsi həmçinin Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq.

Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu, həmçinin iqtisadi bütövləşmə mərhələsidir.

MİA.AZ