Aprelin 5-də ordu generalı Bəkir Orucovun, digər hərbçilər İntiqam Məmmədovun, Rahim Məmmədovun, Ülvi Rəşidovun və Ziya Kazımovun məhkəməsinə hazırlıq iclası keçirilib.

Mia.az musavat.com-a istinadla xəbər verir ki, sonuncu iki müttəhim ev dustaqlığında, digərləri isə həbsdədirlər.

Onlar tabeliklərindəki hərbçilərə işgəncələr verməkdə təqsirləndirilir. “Tərtər işi” üzrə bu və digər iş materialları Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, həmin məhkəmə binasında geniş zal olmadığına görə məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Hər iki “Tərtər işi” üzrə məhkəməyə Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. İttihamı prokuror Vüsal Mehralıyev müdafiə edir.

Hazırlıq iclası başlayan kimi Bəkir Orucovun vəkili Elvin Rzayev məhkəmə nəzarətçiləri tərəfindən təhqirə və döyülməyə məruz qaldığını dedi, şifahi vəsatət verdi. Vəkil bildirdi ki, bir neçə nəzarətçi onu küçə söyüşləriylə təhqir edərək məhkəmənin girişindən məhkəmə iclasının zalının yanındakı otağa qədər sürüyüb: “Otaqda telefonumu əlimdən aldılar, söyməyə davam etdilər və məni vurdular. 25 dəqiqəyə yaxın məni otaqda təhqirlər altında saxladılar”.

Hakim:

- Niyə başqa vəkillərə qarşı yox, məhz sizə qarşı bunu etdilər?

Vəkil:

- Binanın girişində Bəkir Orucovun kürəkəni mənə yaxınlaşıb bildirdi ki, o da məhkəməni izləmək istəyir. Mən nəzarətçilərə bu barədə deyəndə onlar adamla kobud rəftar etdilər, mən də onu müdafiə etdim. Hər şey də bundan sonra baş verdi. İndi mən də şifahi vəsatət təqdim edirəm.

Hakim:

- Sən vəkilsən, gəl otur zalda, sənin nə işinə qalıb, o işlər sənin vəzifənə aid deyil axı...

Vəkilin vəsatəti havada qalıb.

Bundan sonra hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirməyə başlayıb. Anket məlumatları dəqiqləşdirildikdən sonra vəkillər vəsatətlərlə çıxış ediblər.
İntiqam Məmmədovun vəkili Yavər Rüstəmov məhkəmənin nəzərinə çatdırıb ki, müvvəkili DTX-da saxlanılarkən ibtidai istintaq vaxtı telefon danışıqlarına qadağa qoyulub. Hazırda müvəkkili Bakı İstintaq Təcridxanasına köçürülüb, qadağa isə hələ də davam edir. Hakim bildirib ki, məsələ araşdırılacaq.

Bəhruz Bayramovsa müvəkkili Ziya Kazımovun cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırıb: “Hesab edirik ki, Ziya Kazımova verilmiş ittihamlar əsassızdır və qanunsuzdur. O, snayper bölüyünün komandiri olub, vəzifəli şəxs olmayıb. Əsgərin işgəncələrdən ölməsi ilə də heç bir əlaqəsi olmayıb”.

Rahib Məmmədovun vəkili Rəna Məmmədova məhkəmədən şüşə qəfəsdəki müttəhimlərin qandallarının açılmasını xahilş edib, qandallar açılıb.

Vəsatətlə bağlı Bəkir Orucovun vəkili Elvin Rzayevə növbə çatanda o, hakimə etiraz edib: “Əgər mən bir vəkil olaraq gəlib bu məhkəmə binasında döyülürəmsə, hakim də buna az qala yaxşı eləyib döyüblər kimi münasibət göstərirsə, mən belə hakimə etiraz edirəm.

Hakim:

- Sənin etirazınla iş bitmir, gərək müvəkkilin də fikrini bildirsin deyərək üzünü Bəkir Orucova tutub:

- Sizin vəkiliniz mənə etiraz edir, qəbul edirsiz?

Bəkir Orucov:

- Xeyr, qəbul etmirəm.

Hakim üzünü vəkilə tutaraq deyib:

- Müvəkkiliniz sizinlə razı deyil, mənə etiraz etmir.

Vəkil Bəkir Orucova müraciət edib:

- Siz məndən imtina edə bilərsiz.

Bəkir Orucov:

- Yox, Sizdən də imtina etmirəm.

Elvin Rzayev Bəkir Orucovun ev dustaqlığına buraxılması üçün vəsatət verib. O, vəsatətini belə əsaslandırıb ki, Bəkir Orucov ibtidai istintaq zamanı qaçıb gizlənməyib, hər dəfə istintaqa çağırılanda vaxtında gedi.. Digər əsaslandırması isə Bəkir Orucovun həyat yoldaşının onkoloji xəstə olmasıyla bağlıydı. Vəkil müvəkkilinin vaxtilə xidmətləri olduğunu da dilə gətirib: “O vaxt hakimiyyət qarşısında xidmətləri olub, OMON-çular Baş Prokurorluğa hücum edəndə, o hücumun qarşısını Bəkir Orucov alıb. Naxçıvanda fəxri qarovulun başçısı olub, Heydər Əliyev Naxçıvana gedəndə ulu öndəri şəxsən o qoruyub. 2016-cı ilin aprelində Lələtəpə əməliyyatına rəhbərlik edib. Bütün bu xidmətlərinə görə müxtəlif illərlə prezident tərəfindən təltiflər olunub.

Sonra vəsatətlərə münasibət bildirilib. Hakim zərərçəkmişlərə də vəsatətlərə münasibət bildirməyi təklif edib. Zərərçəkmişlər əsasən mülki iddiada olduqlarını bildiriblər. Onlar işgəncələrə məruz qaldıqlarına və 5 ildən çoxdur ki, ordudakı işlərini itirdikləri üçün həm təzminat istəyiblər, həm də işə bərpa olmalarını...

Zərərçəkənlər onu da bildiriblər ki, onlara işgəncə verənlər arasında Bəkir Orucov olmayıb. Onların bəziləri general Mayis Barxudarovun adını çəkib və həmin generalın da müttəhimlər kürsüsündə oturdulmasını istəyib.

Hakimsə bildirib ki, zərərçəkənlər maddi zərərlərlə bağlı məhkəmənin sonunda mülki iddia qaldıra bilərlər.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını xahiş edib.

Hakim müşavirədən qayıtdıqdan sonra qərarı oxuyub. Həmin qərarla qaldırılmış vəsatətlərin heç birisi təmin olunmayıb. Zərərçəkənlərin mülki iddiayla bağlı zərərçəkənlərin vəsatətlərini isə baxılmamış saxlayıb. Məhkəmə baxışı aprelin 13-nə təyin olunub.

“Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxlanılıb. Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mia.az