Sosial təminat və məşğulluq məsələləri adı ilə aztəminatlı şəxslərin pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq tamamlanıb

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Bəşir Xəlilovun Ülviyyə Əsədova, Seyidağa İsayev və Şöhrət Nağıyevlə qabaqcadan əlbir olaraq Bakı şəhəri və regionlarda yaşayan aztəminatlı şəxslərə müxtəlif dövlət qurumlarında yüksək vəzifədə işləyən tanışları vasitəsilə əmək pensiyalarını təyin, əlilliyə görə dayandırılmış müavinətləri isə bərpa etmə və digər imkanları barədə yalan vədlər verərək onlara məxsus pul vəsaitlərini ələ keçirmələri, eləcə də bu əməlləri ilə vətəndaşları rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq zamanı toplanmış sübutlar əsasında vətəndaşlara Bəşir Xəlilov tərəfindən 379 min manatdan, Ülviyyə Əsədova tərəfindən 328 min manatdan, Seyidağa İsayev tərəfindən 64 min manatdan və Şöhrət Nağıyev tərəfindən 52 min manatdan artıq maddi ziyan vurulması təsdiq olunub.

Qeyd edilən şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 32.4, 312.2, (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vətəndaşı rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.3.2 (qabaqcadan əlbir olan şəxs tərəfindən təkrarən külli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.