Bakıda martın 10-da baş verən silahlı insidentə görə 2 nəfər həbs edilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, martın 10-u saat 14 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır:
"Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyevin şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur"
***
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır: "Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".
***
Bakıda atışmada yaralanan şəxslərdən biri Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir.
Mia.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.
***
Bakıda baş verən silahlı insidentdə 2 nəfər yaralanıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur: "Onlar xəstəxanaya çatdırılıb".
Məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
***
Bakıda atışma olub.
Mia.az xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib: "Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək".
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Zülfiyyə
MİA.AZ