Zülfiyyə Müstafayeva
***
Allah rəhmət eləsin Hacı Şahinə.
Heç bir fərq qoymadan, bütün vəfat edənlərə necə, ona da eləcə, rəhmət oxuyuram. Çünki kimin kim oldugunu Allah bilir. O, göydə verəcək qərarı.
Bəs bu yerdəkilərə nə olub?
Onun dəfnində iranpərəst şüarlar qışqıranları bəyənmədi bir çoxları. Elə mən də. Açıq deyirəm: “Adamın dəfninə “Ləbbeyk ya Hüseyn”nin nə aidiyyatı var idi?”
İndi bu sualı verənlərin üstünə düşüb söyürlər. Camaata fitva verməyə nə var ki? Bir söz atsan ortaya, anladı, anlamadı, hamı söyəcək.
O söyənlər yaxşı bilir ki, heç kim dəfndəki izdihamı qısqanmır, söhbət başqadı. Söhbət bu izdihamı fürsətə çevirməkdən gedir. Söhbət alim adamın dəfninə dini təriqət və hətta qaragüruh donu geyindirməkdən gedir. Məgər Hacı Şahinın vəfatına təkcə şiələr kədərləndi? Xeyr. Özünə “dindar, mömin, müsəlman” deyən hər kəs təəssüfləndi. Çünki mərhum o qədər balanslı, barışdırıcı təbiətə malik idi ki, hətta hansısa təriqətə qulluq etsə belə, bunu heç açıq bəlli etməmişdi. Hər kəs onu özününki sayırdı.
Bu fürsətçiləri mən şəhidlərin dəfnindən tanıyıram. Bir ara şəhid, qazi ailələrinə girişmişdilər. Dəfn mərasimlərindən faydalanmaq istəyirdilər. Yıgışdırdılar onları.
İranpərəst şüarların əleyhinə çıxanları söyənlərin arasında qadınlar da var. Küçə söyüşləri yazırlar. Profil şəkillərinə baxıram, çoxu mömindi, yəni, başı
örtülüdü. Başı örtmək söyüş söyməyə mane olmur, biləsiniz.
Söyüşü dindar qardaşlar daha çox yazır, aydın məsələdi. Mən əminəm ki, din onları da dəyişə bilməyib. Dünyaya necə gəlibsə, elə də yaşayırlar.
Söyənlərin arasında tanınmış adamlar, jurnalistlər, artistlər, iş adamları, dövlət qurumlarında işləyənlər var. Böyük söyüş ordusudu.
Və bütün bu söyüşlərin sonu Hacı Şahinə rəhmət diləməklə bitir.
Çox təəssüf. Hacı, sənin qısa ömrün insanlara ədəb-mərifət dərsi verməklə keçdi. İndi göydən baxıb özün də görürsən ki, əziyyətin boşa gedib. Bu nə müdafiə, bu nə sevgi, bu nə hüzndü, camaat səninçün saxlayır?
Heyif o kəlamlarından, öyüd-nəsihətindən, səmimiyyətindən.
Yaxşı ki, Allah səni apardı, bu adamlara qalmadın.
MİA.AZ