Daxili İşlər Nazirliyi Bakıda hipermarketdəki silahlı insidentlə bağlı daha bir açıqlama yayıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edili b: "O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülən tədbirlərlə o, zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək".

***

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

Bildirilib ki, hadisəni törədənlərdən biri “Tarqovı”da Fəvvarələr meydanında tutulub. Onun həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizləndiyi bildirilir.

DİN-dən saytımıza bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

***

“BRAVO” supermarketlər şəbəkəsi Xətai rayonunda yerləşən hipermarketə silahlı hücumla bağlı məlumat yayıb.

Supermarketlər şəbəkəsinin yaydığı məlumatda deyilir:

"Dərin təəssüf hissi ilə bildiririk ki, martın 4-də Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən "BRAVO" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub.

Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır".

Məlumatda qeyd edilib ki, bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən "BRAVO" hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bildirilib ki, hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək:

"BRAVO" hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, hadisə nəticəsində “BRAVO” müştəri və əməkdaşlarından xəsarət alan olmayıb. Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat Xidmətindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik".

***

Bu gün Bak şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən supermarketlərin birində silahlı insident baş verib.

Hadisə zamanı iki nəfər güllələnib.

Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

Son məlumata görə, atışma Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən Mia.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.

MİA.AZ