Gəncə Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin 8 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirən 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin məhkəməsi başa çatıb. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, fevralın 20-də məhkəmədə direktoru kabinetində qətlə yetirən həmin idarənin mühasibi-baş məsləhətçi M.Tağıyevə hökm oxunub.

M.Tağıyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə həbs cəzası verilib.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb. 

İttiham aktında qeyd edilib ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. 

Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. 

Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Ziyad Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirtağı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib.

Qeyd edək ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.

MİA.AZ