Zülfiyyə Mustafayeva

Mia.az saytı

***

Bir azdan ölkədə müəllim qalmayacaq. Şişirtmirəm. Onsuz da hər yerdə hörmətdən salıblar. Məktəblərdə dərs deyənlərin də sayı il-ildən azalır. 

Heç bir ölkədə bu dərəcədə urvatsız gündə müəllim yoxdu. Bu yaxınlarda Qobustan qəsəbəsindəki məktəblərdən birində ibtidai sinif müəlliminin 6 yaşlı uşaga “uduzmagı”nı danışdılar mənə. Şaiyə deyil. Təhsil idarəsinin psixoloqu ilə söhbət eləmişəm. Deyir ki, 7 yaşlı uşaq sinfə və müəlliməyə qan uddururmuş. Uşagın ailəsi yox, qohumların himayəsində, qohumlar da bacara bilmir. Uşaq müəllimi söyüşdən tutmuş, şillə-təpiyə qədər, hər cür hörmətsizliyə “qonaq” edirmiş. Hələ 7 yaşında, yəni, irəlidə daha “parlaq” illəri var, demək istəyirəm. 

Müəllimə sonda şikayət ərizəsi yazıb rəhbərliyə. Yuxarılar, aşagılar tökülüb gəlib. Müəllimi abırdan salıblar, “körpə uşaga baş qoşmusan”, - deyə. Sonda müəllimə istefa ərizəsini yazıb. Təhsil İdarəsi də deyib, “xoş getdin”. Müəlliməni yola salıblar. 

Aşagı-yuxarı, bütün məktəblərdə vəziyyət belədi. Valideyn və şagirdlər at oynadır, müəllimin ixtiyarı yoxdu ki, şagirdi hətta məzəmmət eləsin. Vəziyyət də nə vaxt düzələcək, bilinmir. Bunu qoyduq qıraga. Allaha təvəkkül.

Yaxşı, bəs bu müəllimi niyə öldürürsünüz? Hörmət eləmirsiniz, hər fürsətdə söyüb-yamanlayırsınız, başa düşdük, barı heç olmasa, canına qıymayın da!

Hələ keçən ilin avqust ayında nazir Emin Əmrullayev demişdi ki, dövlət ümumtəhsil müəssisələrində 140 minə yaxın müəllim işləyir. Halbuki, 2007-ci ildə müəllimlərin sayı 174 min nəfər idi. Yəni, müəllimlərin sayı azala-azala gedir. Hərbi hazırlıq müəllimini çıxmaq şərtilə, kişi müəllimlər ümumiyyətlə, yoxdu. Rayonlarda, kəndlərdə, xüsusən, ucqar yerlərdə işləyən nə qədər müəllim var, bilirikmi? Oradakı agır şərtlərə qatlanan müəllimlər üstəlik hər gün yollarda ölümlə üz-üzə qalır, düşünən varmı? Hər gün kilometrlərlə yolu basa-basa dərsə gedən müəllimlər olmasa, kəndlərdə uşaqlarımız nə günə qalar, bilirsinizmi?

Rayon mərkəzindən 20 km kənarda olan məktəbə gedib-gəlmək və digər xərclər üçün müəllimə cəmi 100 manat əlavə pul verirlər. Heç kəfən pulu deyil.

Bu gün 3 müəllim canını yollarda itirib. 2 nəfər yaralı müəllim üçünsə dua edirik. 

Müəllimləri yollarda qoymayın. Daga-daşa salmayın. Təhsil vermək üçün dagın başına yolladıgınız müəllimin qədrini bilin. Bir nəqliyyat ayırın, təhlükəsiz yolu olsun müəllimin. Mümkün olduqca, evinə, yaşadıgı yerə yaxın məktəblərə göndərin dərs deməyə. 

Öldürməyin onları. 

Mia.az