Ələsgər ƏHMƏDOĞLU,

Hüquqşünas

***

Bu gün rəsmi yayılan məlumatlara əsasən Milli Məclis "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik təklifini müzakirəyə çıxaracaq. 

Dəyişikliyə əsasən 2023-cü il 1 mart tarixinədək inşa edilmiş, tikintisi "Şəhərsalma və Tikinti Məcəllənin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Yəni daha öncə Məcəllənin tələbinə əhəmiyyət verməyib bina tikən şəxslər, “müvafiq quruma” ödəniş edərək rəy alacaq və həmin binaların istismarına yaşıl işıq yanacaq. Bir anda illərlə qanunsuz tikili olan yapılar olacaq “qanuni”.

İlk ağlıma gələn "əcaba əhalinin sayını azaltmağımı hədəfləyirlər" oldu. Gözümüzün önündə Türkiyədə yaranan kütləvi məzarlıqlardan dərs almaq istəmirlərmi?

İndiyənədək heç olmasa, mənzil almaq istəyən ağıllı insanlar araşdırır, sahibkar evə rəsmi sənədlər təqdim edə bilmirdisə, həmin yerdən mənzil almayıb, rəsmi qeydiyyatı olan yerə yönəlirdi. İndi tikinti tələbinə uyğun tikilməyən evə də “qanunidir” sənədi veriləcəksə, o zaman həmin tələblərə cavab verən tikintilər üçün haqsız rəqabət yaranacaq. Həm də alıcı bilməyəcək ki, onun aldığı “qanuni”  mənzil tikinti tələblərinə uyğun aparılıb ya yox!

Üstəlik, həmin tikinti tələblərinin standartı müzakirəyə çıxarılacaq. O necə standartdır ki, ona uymaq da olar, uymamaq da?

 Tikinti tələbinə cavab verməyən amma etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun gələn nə deməkdir? "Ödənişi ödə, rəyini al!"- ol qanuni - demək deyilmi?

 Buna kəsinliklə yol vermək olmaz. Türkiyədəki fəlakət bizə də dərs olmalıdır. Türkiyə hökuməti bu son zəlzələnin episentri olan K.Maraşda 2018- ci ildə indi bizdə edilmək istənən kimi "imar affı" verdi. 100 mindən çox sakinin standartlara uyğun tikilməyən, standarta uyulmayan mənzilləri oldu qanuni.
Nə oldu?  Qanunsuz tikililər rəsmi sənədlə “qanuni” olduqda insanlara məzar olmadılarmı? 

Nəticə ortadadır,  son bir həftədə  on minlərlə insan itkisi yüz mindən çox zərər görən. 

Qeyd: Ola bilər ki, kimsə düşünsün ki, tikili qanunsuz olsa da, etibarlı da ola bilər. Mümkündür. Amma unutmayaq, Azərbaycanda qanunsuz tikilən bütün tikililərin ərsəyə gəlməsinə göz yummağın bir bədəli var idi. İndi qanunsuz olmasına rağmən, “etibarlı“ olmasının da bir bədəli olacağına şübhə edən demək olar ki yoxdur.

Qanunsuza göz yumanın vicdanı bir anda həmin qanunsuzun “etibarlı” olmasında oyanacaq deyil. Özümüzü aldatmayaq!

MİA.AZ