Zülfiyyə Mustafayeva

***

79 nəfərdən 29 min 605 nəfərə çatdı... hələ son deyil...hansı ekspert demişdi ki, ən azı 80 minə çatacaq ölü sayı? Yadımda qalmayıb.. O ekspertə də nifrət edirəm indi. Danışmasın heç kim, şərh verməsinlər, baş verənlərin analizini-filanı da istəmirəm. Susun.

Bir şok yaşayıram hazırda. Həyatımın yarısına çatdım, hələ bu qədər üzərimdə istisini hiss etdiyim faciə görmədim. Kriminal, hüquq yazarı kimi çox faciələri qələmə aldım, meyitlərin şəklini çəkməkdən tutmuş, qan dolu gölməçənin üzərindən atlamaga qədər. Heç sınmadım. Yazanda da əlim titrəmədi. Ürəyim daşdandı, - dedim. Amma deyilmiş.

İlk dəfə faciəni bu qədər içdən hiss etdim. Qocaldımmı? Yoruldummu? İnsanların saatlarla sürən xilas əməliyyatını göstərirlər videolarda. İlişib qalmışam o görüntülərdə günlərcə. Beynimdə bir zəlzələ var. Ölü sayı isə dəqiqəbədəqiqə artır. Bu ədalətsiz, əyri tərəzini kim qurdu görəsən?

Aglama smayliklərində yaşayıram artıq. Bir azdan sözüm də qurtaracaq, deyə qorxuram. Ruhum əzgin, sönük. O betonlardan bir neçəsi mənim başıma düşüb sanki, boguluram. Bir az arzularım vardı, onları belə xatırlamaz oldum. İnsanın həyatda bir arzusu qalmasa, yaşamaz, - deyirlər. Mən arzu etmirəm, dualarım var artıq. 

Məni eşidən varmı? Göydəkilər, yerdəkilər? 

Mənə də yardım edin. Çıxarın məni bu acizlik, gücsüzlük yükünün altından, qırın üstümdəki tonlarca betonları.

Yol açın mənə də, bir kiçik dəlik açın betonların arasından, bir işıq fənəri verin, bir oksigen baglayın agzıma, çəkin yalın ayaqlarımdan, beton tozuna bələnən saçlarımdan. Bir qurtum su verin mənə də, çox verməyin, zərərdi, günlərdi axı, betonların altında sıxışıb qalmışam...

Çıxarın aydınlıga. Özümü ikinci dəfə dünyaya gəlmiş kimi hiss edim.

Qurtarın hər kəsi. 

MİA.AZ