Qalib ARİF

***

Onu 30 ildir ki, tanıyıram - zarafat deyil, iki igidin ömrüdür, on ilini də bir yerdə işləmişik. Doğrudur, dost olmamışıq, elə bir yaxınlığımız da olmayıb, şəxsi münasibətlərimiz də "Siz"dən yuxarı qalxmayıb. Amma bir-birimizə həmişə sayğımız olub, "Xalq qəzet"ində işləyəndə qayğısını da hiss etmişəm. Düşünürəm ki, haqqında yazılası birisidir - Azərbaycanın ən qabiliyyətli və ən ziddiyyətli jurnalistlərindən biridir! Həm də doğum günü yanvarın 22-sidir… 

1992-si ilin ilkin payızı idi… Bir həftə gecə-gündüz işləyib siyasi partiyaların mahiyyəti və fəaliyyəti haqqında silsilə məqalələr hazırlamışdım, çap etdirməyə yer axtarırdım. Həmin dövrdə respublikada ən populyar 3 qəzet -  "Azadlıq" “Azərbaycan” və "Aydınlıq" idi. Amma mən özümə "Aydınlıq" qəzetini ruhən daha yaxın, doğma sayırdım. Şəxsən tanımasam da, Mahal İsmayıloğlunun politik, Məmməd Nazimoğlunun komik yazılarıını oxuyurdum. Sentyabrın ilıq günlərinin birində cəsarətimi topladım, məqalələrdən birini, deyəsən, "Siyasi partiyalar parlamentdə və hakimiyyətdə" idi, götürdüm və "Aydınlıq" qəzetinin Nizami kino-teatrının binasında yerləşən redaksiyasına getdim.

 

MAHAL İSMAYILOĞLU

Baş redaktorun 5-ci mərtəbədə, başda olan otağı bağlı idi. Mənə dedilər ki, məqalələri baş redaktorun müavini Məmməd Nazimoğlu qəbul edir. Onun dəhlizin ayağında yerləşən otağına gəldim. Qapı açıqdı, otaqda iki nəfər vardı, biri oxuyur, o biri yazırdı. İkinci uzun saçlı, eynəkli idi, birinci saçını qısa vurdurmuşdu, alnı açıqdı. İçəri girib salam verdim, yazan başını qaldırmadı, oxuyan isə ayağa qalxdı, məni gülərüzlə qarşıladı. Bir az ürəkləndim, Məmməd Nazimoğlunu xəbər aldım. Müsahibim gözlərindən gülümsədi, "Əfəndim, ünvana gəlmisiz" dedi.

Mahal İsmayıloğlu, Məmməd Nazimoğlu və Barış Manço

Qəribə müraciətdən çaşdım və tələsik gəlişimin səbəbini açıqladım. Yenə məni heyrətləndirdi, sabaha, biri günə ötürmədi, "otur" dedi. Təxminən on dəqiqə on səhifəlik yazıya baxdı və "aktual mövzudur, amma bu həftənin maketi tutulub, gələn həftə gedəcək" dedi. Artıq vaxt almaq istəmədim, xudahafizləşib çıxdım. Məmməd Nazimoğlu məni qapıya kimi ötürdü, Mahal İsmayıloğlu isə tərpənmədi, sanki bizi görmürdü və eşitmirdi, yazmaqda davam edirdi…

Düzü, onun bu soyuq münasibətindən əməlli-başlı incimişdim, özümə qarşı sayğısızlıq (tanış olmasaq da) hesab etmişdim.

Amma sonralar "Xalq qəzeti"ndə onu başa düşdüm və incikliyim sayğı ilə əvəzləndi. Mahal İsmayıloğlu yazılarının birində, görün nə deyirdi:

"Mən "Aydınlıq"da işləyəndə Ramanıda darısqal bir tövlədə kirədə qalırdım. İşıq ümumiyyətlə yox idi, hətta gündüz lampa yandırmalı olurduq. Gecələr də üç uşağın səsi, bir yandan da ev yiyəsinin inəyinin mələrtisi. Odur ki, yazılarımı "Aydınlıq"ın redaksiyasında yazırdım. Redaksiyaya gəlib-gedən çox olurdu, amma mən görmürdüm və eşitmirdim. Dünya dağılsa da, yazılarımı yazır, fikirlərimi tamamlayır, materialı nömrəyə çatdırırdım…".

Dediyim kimi, Mahal İsmayıloğlu Azərbaycanın qabiliyyətli, oxunan jurnalistlərindən biri idi. Fikirləri aydınlığı, mövzuları aktuallığı ilə seçilirdi, hamının başa düşəcəyi sadə və aydın dillə yazırdı. Onun "gözlərim ürəyimdən nəm çəkirdi", "yaddaşımı yaşında yaşadan oğlum" kimi ifadələri indi də yaddaşımın qızıl fondundadır. Mahal qabiliyyətli olmaqla bərabər, həm də cəsarətli jurnalist idi. Başına bir fikir gəlsəydi, mıxla da vurub çıxarmaq olmazdı, mütləq yazmalı, oxuculara çatdırmalı idi. Peşəkar jurnalist kimi dövrünə, vətəninin, şəhərinin problemlərinə güzgü tutmağı sevirdi və qələminə güc verirdi.

90-cı illərin hadisələri yəqin çoxlarının xatirindədir. Heydər Əliyev Ali Sovetdəki məşhur çıxışından sonra Mütəllibovçu deputatların təzyiqləri ilə üzləşmiş, indiki Milli Məclisin binasında, faktiki olaraq, təklənmişdi. Belə bir həssas məqamda "Aydınlıq" qəzetinin parlament müxbiri Mahal İsmayıloğlu ona yaxınlaşır və özünü təqdim edir. Çıxışının bir nüsxəsini verməyi xahiş edir, "Aydınlıq"da çap edəcəyik deyir. Böyük insan bu təklifdən məmnun olsa da, öz böyüklüyünü göstərir, "bu sizin qəzetə ziyan gətirər" deyir. Mahal təkid edir və çıxışı əldə edir.

"Aydınlıq"ın rəhbəri, baş redaktor Babək Hüseynoğlunun Heydər Əliyevə sıcaq münasibəti olsa da, çıxışı verməyə tərəddüd edir, qəzetin təsisçisi, "Qayğı" Cəmiyyətinin sədri akademik İmam Mustafayevə müraciət edir. Beləliklə, Mahal İsmayıloğlunun təkidi və cəsarəti sayəsində Heydər Əliyevin Ali Sovetdəki həmin çıxışı "Aydınlıq" qəzetində işıq üzü görür.

Mahal İsmayıloğlu "Aydınlıq"ın parlament müxbiri kimi çox aktiv idi, onun sayəsində indiki istiqlalçı deputatların çoxu redaksiyaya gəlib-gedirdi. Radikal mövqeli deputatlarla - Etibar Məmmədovla, İsgəndər Həmidovla, Tahir Əliyevlə xüsusi münasibətləri vardı. Təbii ki, onları Mahalın qələmi, qəzetin nüfuzu cəlb edirdi. Mahal onları qəzetə çıxarır, ictimaiyyətə təqdim edirdi. Zarafat deyildi, "Aydınlıq" qəzeti yüz min tirajla çıxırdı. Şişirtmədən demək olar ki, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə qələmilə səmimi qəlbdən dəstək verən beş-altı jurnalisdən biri də Mahal İsmayıloğlu idi. Amma buna baxmayaraq, Cəbhə hakimiyyətini də cəsarətlə tənqid edirdi, hətta Prezident Elçibəyi tənqid etməkdən belə çəkinmirdi. Bu tənqidlərə görə də Mahal İsmayıloğlu əski dostu, DİN İsgəndər Həmidov tərəfindən təzyiqlərə də məruz qalmışdı.

Mahalın qəribə bir münasibət qurmaq qabiliyyəti vardı, Azərbaycanın bütün sayılıb-seçilən adamları ilə münasibət yaratmışdı. O zaman "Aydınlıq"ı ayaqda saxlayan da bu əlaqələr idi. Həmin dövrdə qəzetin “dozakl” problemi,kağız problem, maliyyə problemləri vardı. Mahalın əlaqələri bu problemləri qismən aradan qaldırırdı, hətta qəzetin yaradıcı kollektivi maaş da alırdı. Həmin dövrdə mən artıq "Aydınlıq" qəzetinin ştatdankənar siyasi müxbiri idim və bütün bunları yaxından müşahidə edirdim…

Düşünürəm ki, Mahal İsmayıloğlunun faciəsinə yol açan, xarakterindəki ziddiyyətləri yaradan əsas səbəblərdən biri də imkanları ilə iddialarının üst-üstə düşməməsi idi. Allah onu əlində qələm, jurnalist olmaq üçün yaratmışdı, istedadı da bəs deyincə vermişdi, o isə vəzifə istəyirdi, nazir olmaq istəyirdi. Məsələn, 1993-cü ildə Heydər Əliyevin Gəncəyə məşhur səfəri zamanı onu 30 jurnalist müşayət edirdi və bütün media əhli bir “İkarus”da gedirdi. Mahal İsmayıloğlu isə bu avtobusa yaxın da gəlmədi, Tahir Əliyev və başqalarının mindiyi "Mersedes"də səfər etdi. Bəli, ömür boyu siyasi yazılar yazsa da, siyasətçi ola, həyatda öz yerini tapa bilməmişdi.

Qeyd etmək lazımdır ki, Mahal İsmayıloğluna birinci və axırıncı vəzifəni mərhum Heydər Əliyev vermişdi. O, xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra "Xalq qəzeti"ni öz himayəsinə götürdü və Mahal İsmayıloğlunu qəzetin baş redaktoru təyin etdi. Baş redaktor da öz növbəsində "Aydınlıq"ın yaradıcı kollektivini "Xalq qəzeti"nə gətirdi. Bu sətirlərin müəllifi də siyasi icmalçı kimi işə dəvət edildi.

"Xalq qəzeti"ndə Mahal İsmayıloğlu ilə işlədiyimiz illər şirin xatirələrlə yadda qalıb, indi də burnumun ucu göynəyir. Mahal xaraktercə ziddiyyətli bir insan olsa da, istedadlı jurnalist, ən əsası isə çörəkverən redaktor idi. Hər gün olmasa da, hər həftə yazırdı, maraqlı, oxunaqlı yazıları ilə bütün kollektivi ruhlandırırdı, yaxşı yazı yazanları yaxşı mükafatlandırırdı. Cəsarətli idi, tənqidə “yaşıl işıq” yandıra bilirdi, Azərbaycan Prezidentindən başqa qəzetdə bütün ranqlı məmurların tənqidi gedirdi. "Xalq qəzeti" sözün əsl mənasında Mahal İsmayıloğlunun şah əsəri - Respublikanın ən oxunaqlı qəzetlərindən biri idi. Mahal təbiətən mərd adam idi, qəzetin gəlirini tək yemirdi, əsas hissəsini Redaksiyanın təmirinə, kollektivin sosial problemlərinin həllinə xərcləyirdi. Qəzetin yaradıcı, texniki işçiləri Yeni ili, Novruz bayramını Bakının adlı-sanlı restoranlarında qeyd edir, iyulun 22-si, Mətbuat günü isə təbiətin qoynuna - Qubaya, ya Xızıya səfər edirdi…

... Sonra Mahal İsmayıloğlu məlum və naməlum səbəblərdən “Xalq Qəzeti”ndən getdi, amma həyatda yerini tapa bilmədi. Yenidən qəzetçi, sonradan biznesmen, hətta müxalifətçi olmağa cəhd etdi. Amma siyasətçi ola bilmədiyi kimi, müxalifətçi də ola bilmədi.

Sonra həmkarımızın narahat ruhu Yerdən ayrıldı və rahat yerə - göylərə qalxdı… Amma yəqin yenə narahatdır – yarıda qırılan arzularından, arzuların zirvəsi olan övladlarından, yarımçıq qalan yazılarından...

Allah ruhunu şad eləsin…

Mia.az