Azərbaycanda 30 yaşdan aşağı olan şəxslər hakim vəzifəsinə namizəd ola biləcəklər.
Mia.az xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklə qanunun 93-cü maddəsində (“Hakim vəzifəsinə namizədlərə aid tələblər”) “yaşı 30-dan aşağı olmayan” sözləri çıxarılması təklif olunur.
Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.
Qanunun hazırki varinatı isə belədir: "Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər".
Bundan başqa, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 3 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna biləcək.
Qanunun hazırki variantı isə belədir: "Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər".