ANAR,
Xalq yazıçısı, AYB sədri
***
Azərbaycan yazıçılarının hörmətli Prezidentimizin səmimi təbrik məktubu ilə başlanan XIII Qurultayı demokratik yolla seçilmiş 300-ə yaxın nümayəndənin və mötəbər qonaqların iştirakı ilə möhtəşəm şəkildə keçirildi. Bu qurultayın özəlliyi onda idi ki, qalib ölkənin yazıçıları onu böyük qürur və fərəh hissiylə keçirdilər. Bu da təbii ki, məğlub ölkənin maraqlarına xidmət edən içimizdəki manqurtların hədsiz qəzəbinə və hiddətinə səbəb oldu. Qurultayın ünvanına küçə söyüşləri yağdırmaq, yalanlar və böhtanlar uydurmaq məğlubların yeganə təsəllisidir.
Qurultayda görkəmli ədəbiyyatşünas alim, akademiyamızın prezidenti İsa Həbibbəyli məruzə etdi, çağdaş ədəbiyyatımızın ən parlaq simaları xalq şairləri - Nəriman Həsənzadə, millət vəkili Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vahid Əziz, xalq yazıçıları - Elçin, akademik Kamal Abdulla, akademiklər - Rafael Hüseynov, Nizami Cəfərov, millət vəkilləri - Jalə Əliyeva, Aqil Abbas, istedadlı gənclər - Fərid Hüseyn, Ramil Əhməd, Yazıçılar Birliyinin katibləri və başqaları maraqlı təkliflərlə çıxış etdilər. Əkrəm Əylisli isə qurultaya belə qiymət verir:
"Yazıçılar Birliyinin qurultayı qurultay deyildi, həyasızlığın və simasızlığın, riyakarlığın, saxtakarlığın yeni bir nümayişi, təntənəsi, atəşfəşanlığı idi. Qurultay gündə bir sifət dəyişənlərin, dünən dediyi sözün bu gün əksini deyənlərin, dahilik iddiasında olan mənəviyyat və ədəbiyyat dəllallarının böyük bayramı idi".
Söyüş ehtiyatının bütün zənginliyindən istifadə edərək ləyaqətli yazıçıları təhqir edən Ə.Əylislini belə yandırıb-yaxan nə olub, aya? Əlbəttə, ancaq və ancaq çıxışçıların Anarın çoxillik əməyini müsbət dəyərləndirmələri, mənim yenidən yekdilliklə (iki səs xaric) Yazıçılar Birliyinə sədr seçilməyim. Sifətin dəyişməsindən kim danışsa da, Əkrəm danışmamalıdır, çünki illər boyu onun ancaq mətbuat səhifələrinə çıxardığı bir-birinə daban-dabana zidd olan ədəbi və siyasi mövqelərindən, eyni şəxslərə müxtəlif vaxtlarda tamam fərqli münasibətlərindən sitatlar gətirilsə, qəzetin bir səhifəsini yox, bütün həcmini tutar.
Ə.Əylisli davam edir:
"Həmin qurultay gözdən pərdə asmaq, gözə kül üfürmək sahəsində böyük təcrübə sahibi olanların növbəti səlib yürüşü idi. Mən elə bilirdim ki, bu mütrüfanə revanşdan (? - A.) sonra Anar nə etdiyini düşünüb heç olmasa, bir müddət susacaq. Amma Anar susmur, daha da cürətlənib özünəməxsus üslubda, hər sətrindən naftalan iyi gələn üstü bəzək, altı təzək müsahibələr verir".
Əkrəmə "əkrəm üslubunda" cavab verməyi ləyaqətimə sığışdırmıram, ancaq onu demək istəyirəm ki, məni fiziki cəhətdən susdurmağı bacarmasa da, mənəvi cəhətdən susdurmaq Əkrəm kirvəmizin ömrü boyu qəlbini qovruldan kövrək nisgildir. Qurultayqabağı "altı təzək" müsahibələrimin birində Əkrəmdən də danışmışdım, demişdim ki, köhnə dəyərli əsərlərini nəzərə alaraq, Əylislini ədəbiyyat tariximizdən silmək düz olmaz. Başqa bir qurultayqabağı müsahibəm zamanı tənqidçi Əsəd Cahangir belə bir sual vermişdi:
""Söz dünyası"nda ən işıqlı yazı "köhnə dostunuz", təzə "düşməniniz" Əkrəm Əylisliyə, öz təbirinizlə "Əki balaya» həsr etdiyiniz "İşıqlı pəncərə»dir. Yazıçı olmaq kollobrasionistliyə haqq qazandırırmı?"
Bu suala belə cavab vermişdim:
"Yaxşı bildiyin kimi, vaxtilə Əkrəm Əylisli ilə yaxın dost olumuşuq. Əkrəmin ilk yazılarını bəyənmişəm və Əkrəm Əylisli haqqında Moskva və Bakı mətbuatında tərifli yazılar yazmışam. Münasibətlərimiz pozulandan, hətta "Daş yuxular»dan sonra da onun təklənməsini istəmədiyim üçün çox illər qabaq rus dilində yazdığım, "Komsomolskaya pravda" qəzetində çap olunmuş məqaləmi ərinməyib dilimizə çevirdim və "Azərbaycan" jurnalında dərc etdim. Əkrəmdən səs çıxmadı".
Müsahibədə dediklərimə bu sözləri də əlavə edim ki, "Daş yuxular»dan sonra bu yazım Azərbaycan mətbuatında Əkrəm haqqında ilk və yeganə müsbət yazı idi. Haqqımda yazdığı və dediyi bütün hədyanlara baxmayaraq, bu, mənim Əkrəmə münasibətim, bu da onun mənə münasibəti:
"Mən təxminən 2 il bundan əvvəl Anar haqqında çox kəskin bir yazı yazmışdım, yazmışdım ki, sən saxtasan, vəzifə xəstəsisən, sifətinə mələk siması taxıb iblisanə əməllər törətmisən".
Mənim "iblisanə əməllərim" haqqında Ə.Əylisli bircə konkret fakt gətirə bilərmi? Əlbəttə, gətirə bilməz. Yəqin onun aləmində İblis əməlləri mənim də, başqa namuslu yazıçılarımız kimi Əylislinin Milli Məclisdə səsləndirdiyi "Gərək torpaqlarımızın bir qismini ermənilərə güzəştə gedək" çağırışına qoşulmamağımızdır. Həqiqətən də Əkrəmin hədsiz-hüdudsuz erməni sevdası yeni bir "Əsli-Əkrəm» dastanında əks olunmağa layiqdir.
Vəzifə xəstəliyinə gəldikdə, vəzifə xəstəsi mən deyiləm, 33 ildir mənim yerimə göz dikəndir. Bütün bu illər ərzində gah deyir ki, mən Yazıçılar Birliyinə sədr olmaq istəmirəm, gah deyir ki, yuxarılardan gətirsələr, olaram. Eyni ildə, eyni ayda, eyni gündə iki müxtəlif qəzetdə bir-birinə zidd fikirlər söyləyir:
Əkrəm Əylisli: Yazıçılar Birliyinə rəhbərlik etmək niyyətində deyiləm. Bundan sonra Yazıçılar Birliyinin heç bir işinə qarışmayacağımı qətiyyətlə bəyan edirəm.
"Bakı Xəbər" qəzeti, 13 yanvar 2006
Əkrəm Əylisli: Yazıçılar Birliyinin sədri olmaq barədə düşünə bilərəm.
"Reytinq" qəzeti, 13 yanvar 2006.
Bundan necə baş çıxarasan, istəyir, istəmir? "Bülbül gülüstana gəlsin, gəlməsin?" Ən qısa şəkildə Ə.Əylislinin mövqeyini belə ifadə etmək olar: "Mən Yazıçılar Birliyinə rəhbər gəlmək istəmirəm, amma istəyirəm axı..."
İllər boyu dönə-dönə "mən daha Yazıçılar Birliyinin heç bir işinə qarışmayacam" - deyir, iki gündən sonra yenə burada kimin sədr olması yuxusunu qaçırır. Sədr olsa hansı işləri görəcəyini, hansı nöqsanları düzəldəcəyini, nələri təklif edəcəyini bir dəfə də olsun bildirməyib, bir nəfər yaşlı ya cavan yazıçı haqqında xoş söz yazmayıb, yalnız yeri gəldi-gəlmədi özünü şişirdib: "Türkiyədə "Əkrəm Əylisli nəhəngliyində yazıçı yoxdur" deyəndə, yaxud "o vaxt mənim adım bütün SSRİ-də gur-gur guruldayırdı" söyləyəndə, görəsən, əti tökülmür? Özünü kimlə dəyişik salıb, görəsən: Müslüm Maqomayevlə, ya Alla Puqaçova ilə? Dahilik iddiasına düşən kimdir?
XIII Qurultaydakı çıxışlara verdiyi qiymətdən bəlli olur ki, ədəbiyyatımızın ən görkəmli simalarına və istedadlı cavanlara nifrət edir. Doxsan faizinə nifrət etdiyin və doxsan faizinin səni qəbul etmədiyi adamlara necə rəhbərlik edəcəkdin? İki-üç züytutanla hansı qurultayı və necə keçirə bilərdin? Eyforiyadan ayıl, özünə bir ayıq gözlə bax. Nə sən mələksən, nə də başqaları iblis. Deyirsən ki, dünyanı neçə rəngdə yazıram, onda yazıçıları niyə ancaq iki rəngdə görürsən - özünü inək südü kimi ağappaq, başqalarını qır qazanı kimi qapqara?
"Daş yuxular" biabırçılığından sonra arzuladığı vəzifədən həmişəlik umsuq olduğunu dərk etsə də, öz xoşu ilə tərk etdiyi təşkilata sədr yeri yenə də daima beynini qurcalayır. "Kim olur-olsun, təki Anar olmasın". İllər boyu bu amalla yaşayır. Mən 35 il ərzində beş qurultayda yekdilliklə (son qurultayda iki səs istisna) seçilərək çətindən çətin sədr vəzifəsini daşıyıram. Əkrəmin bu vəzifə uğrunda mübarizə tarixi, əvvəl qeyd etdiyim kimi, 33 ildir. Ona görə ki, təşkilatımıza rəhbər seçilən kimi Əkrəmi bura katib gətirdim. İki il normal işlədik. Demə katib olandan iki il sonra sədrlik sevdasına düşübmüş. Mənim kabinetimlə qonşu otaqda məni devirmək planları tərtib edirmiş. Bu barədə ancaq son illərdə xalq yazıçısı rəhmətlik Sabir Əhmədlinin xatirə kitabından xəbər tutdum. Sabir Əhmədli yazır:
“Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə yaxın idi. İstəyirdilər ki, Yazıçılar İttifaqının üstündən qələm çəksinlər, Anarı eşiyə atsınlar və yeni, Xalq Cəbhəsinə uyarlı bir təşkilat, Xalq Cəbhəsinə sədaqətli bir yaradıcılıq birliyi yaratsınlar. Bu işi Əkrəmgil başlamışdılar. Məni də qoşmaq istəyirdilər. Yazıçılar İttifaqına hücum çəkir, Anarı, Çingiz Abdullayevi hədələyir, ultimatum verirdilər: "Çıxıb getsinlər bunlar! Getməsələr avtomat silahla gəlib əzəcəyik!” Bir kərə Əkrəmin otağında, o da Yazıçılar İttifaqının katiblərindəndi, amma ittifaqı dağıtmaq istəyirdi, hə, onun necə bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini öyrənmək istədim. Sonra təklif etdim: "Bizim sayılan, hörmətli ədiblərimiz də orada olsunlar" İsmayıl Şıxlının, Bayram Bayramovun, İsa Hüseynovun adlarını çəkdim. Onda yeni yazıçılar ocağı yaratmaq istəyən cavan Alışarlı incik halda mənə bildirdi: Siz o adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq istəyirik". Aydın oldu kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri. Dəlisov, çılğın oğlanlarmı, bir sanballı əsəri, yazısı olmayan xalqçılarmı? Hər hansı yaradıcılıq ocağının başçısı hər şeydən qabaq adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi yazıçı olmalı idi ki, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin yeni Birlik, İttifaq yaraqmaq istəkləri baş tutmadı".
SABİR ƏHMƏDLİ. "YAZILMAYAN YAZI" xatirə romanından.
Bundan əvvəl küçə adamları müxtəlif idarələrə soxulub idarə başçılarını avtomatla hədələyərək vəzifəsindən uzaqlaşdırmışdılar. Bundan ilham alaraq “mənim üstümə tankla da gəlsəydilər Anarın əleyhinə getməzdim” - deyə bəyan edən Əkrəm Əylisli tankı olmadığı üçün məni avtomatla vəzifəmdən uzaqlaşdırmağa hazırlaşırmış.
Bu niyyət baş tutmadı və baş tuta bilməzdi. Min cəfaya, əziyyətə, müqavimətə sinə gərərək mən və rəhmətliklər Yusif Səmədoğlu, Fikrət Qoca, Arif Əmrahoğlu, indiki katiblər Yazıçılar Birliyini dağılmağa, parçalanmağa qoymadıq, ədəbiyyatımızın keçmişinə və indisinə müxalif qüvvələrin təşkilatı ələ keçirməsinə imkan vermədik, pedafiliyanı, zoofiliyanı tərənnüm edən pornoqrafik qrafoman "antiədəbiyyatı" yaxın buraxmadıq, binamızı "Yazıçı" nəşriyyatı kimi hərraca qoyub satmadıq, bağlatmadıq, qəzetimizi, jurnallarımızı saxladıq, Azərbaycan yazıçılarının müqəddəs ocağının "zoribalayan ocağına" çevrilməsinin qabağını aldıq. Budur bizim Əkrəmin təbirincə "iblisanə əməllərimiz".
Mənə xoş münasibət bəsləyən, etibarsızlıq etməyən hər kəs anında Ə.Əylislinin gözünün düşməni olur. Böyük şairimiz, xalqımızın sevimlisi Ramiz Rövşən dostluğumuza sadiq qaldığına görə, mənə qarşı əkrəmsayağı nankorluq etmədiyinə görə və ən əsas da qurultayda məni dəstəklədiyinə görə Əkrəm onu burada gətirmək istəmədiyim küçə sözləri ilə təhqir edir. Vicdanlı jurnalist Taleh Şahsuvarlı "Anarın, Ramiz Rövşənin namini sənə vermərik, Əkrəm Aqulisli" adlı yazısında Əylislinin ləçər qara-qışqırığına layiqli cavab verib. Bundan sonra abrına qısılıb susmaqdansa, Əkrəm illər boyu dönə-dönə təkrar etdiyi kif atmış yalanlarına qəttəzə uydurmalar əlavə edir. Doğrusu, bu peşəkar yalançının növbəti iftiralarına cavab vermək həvəsim yox idi. Qurultaydan sonra tək-tük uğursuzların ədəbi xuliqanlığına, tərbiyəsizliyinə cavab vermədiyim kimi. Sadə bir həqiqəti bildiyim üçün: çağdaş ədəbiyyatımıza xor baxanlar bundan sonra da hər yeni uğurumuzdan dilxor olacaqlar. Yeri gəlmişkən, mətbuatda, TV kanallarında, saytlarda haqq işimizə qahmar duran çox sayda insanlara dərin minnətdarlığımı bildirirəm. Əkrəmin uydurmalarını ancaq ona görə konkret faktlarla təkzib edirəm ki, məsələdən xəbərsiz olanların bəziləri bu iftiraları həqiqət saya bilər. "Yeni Müsavat" qəzetinin "Əkrəm Əylislidən Anar haqda sensasion açıqlamalar" manşeti ilə dərc etdiyi mətndə Əkrəmin yalanlarını məhz buna görə ifşa etməyi lazım bilirəm. Onu da bilirəm ki, gətirdiyim konkret faktların heç birini təkzib edə, dana bilməyən Əylisli üstümüzə yeni söyüşlər yağdıracaq, bir pors çirkab atacaq. Olsun, ağlı başında oxucular kimin kim olduğunu yaxşı bilir. Beləliklə, Ə.Əylisli deyir:
"O vaxt Anarı vəzifəyə təklif edənlərdən biri (biri yox, birincisi- A.) mən olmuşam. Təklif isə Mərkəzi Komitə katibi Həsən Həsənovdan gəlib. O, mənə və bütün orada Anarı müdafiə edənlərin hamısına bircə-bircə zəng edib demişdi ki, İsmayıl Şıxlını yıxın, Anarı onun yerinə gətirin. Biz də bunu etmişdik, mən də etmişəm". ("Yeni Müsavat" qəzeti 11 noyabr 2022)
Görəsən, ağ yalan olduğunu özü də gözəl bildiyi bu uydurmaları dilinə gətirəndə heç utanıb-qızarmır. Ondan başlayaq ki, guya gizli partiya tapşırığını yerinə yetirmək üçün məxsusi olaraq Əylisdən dəvət olunan Əkrəm o vaxt Əylisdə deyildi, çabacaq Bakıda idi. Allaha şükür ki, Həsən müəllim sağ-salamatdır, lazım bilsə, ona qarşı da olan bu böhtanı özü təkzib edə bilər. Təbii ki, o vaxt Mərkəzi Komitənin inşaat məsələləri üzrə katibi Həsən Həsənovun həmişə dərin hörmət bəslədiyi İsmayıl Şıxlını yıxmaq fikri Əkrəmin çirkin iftirasıdır. Həsən müəllimin guya kimlərəsə bircə-bircə zəng edib Anarı dəstəkləməsini tapşırması isə Əkrəmin daş yuxularında gördüyü sayaqlamalardır. Bir vaxtlar Əkrəm yeri gəldi-gəlmədi iftixarla deyirdi ki, Anarı Yazıçılar İtttifaqına mən rəhbər gətirmişəm. İndi isə bu işi tapşırıqla etdiyini söyləyir. Həm də yaddaşında problemlər olduğu üçün hər dəfə ayrı-ayrı versiyalar irəli sürür. "Yalançının yaddaşı olmaz" belə yerdə deyiblər. Bir ara siyasi konyukturaya uyğunlaşaraq deyirdi ki, Anar bu vəzifəyə DTK sədri Vaqif Hüseynovun təkidi ilə gəlib.
(Davamı növbəti sayımızda)