Seymur BAYCAN

***

Bəli, ötən illər insanın təbiətini ortaya çıxarır. Əgər insan mərhəmətlidirsə, yaşı artdıqca daha da mərhəmətli olur. İnsan qəddardırsa, yaşı artdıqca daha da qəddarlaşır. İnsan tamahkardırsa, qocalanda tamahı daha da quduzlaşır. İnsan yüngüldürsə, yaşı artdıqca daha da yüngülləşir.

Oxuduqlarım və gördüklərim nəticəsində bu nəticəyə gəlmişəm ki, nadir istisnaları çıxsaq, insan qocalanda, belə demək mümkündürsə, öz həqiqi təbiətinə qayıdır. Qocalmaq, illəri bir-bir yola salmaq insandan təmkin tələb edir. Bütün hallarda, nə qədər bayağı səslənsə də, hər yaşın öz gözəlliyi var. Deməli, üzüsulu, abırla qocalmağın özü də müdrikliyin bir növüdür. İyirmi yaşda etdiyin hərəkətləri qırx yaşda edə bilməzsən. İyirmi yaşda buraxdığın səhvləri qırx yaşda buraxa bilməzsən. Yaş buna imkan vermir. Yaş buna qadağa qoyur. Yaş bunu bağışlamır.

Niyə dönə-dönə bu mövzuya qayıdıram? Çünki bəzi yoldaşların illəri bir-bir yol salmaqda çətinlik çəkdiklərini, üzüsulu, abırla yaşlaşa bilmədiklərini görürəm. İnsan üzüsulu, abırla qocala bilməyəndə müxtəlif fəsadlar yaranır.  Bəs nə etməli, əlac nədir? Heç nə, adi, sadə bir həqiqəti qəbul etmək lazımdı:

“Yazda çiçək, yayda kəpənək, payızda xəzəl, qışda qar”.

Nə qədər dəqiq, konkret və dahiyanə deyilibdir. Həqiqətən dahilik sadəlikdədir.

***

“Müxalifət niyə maraqsızdır?” adlı yazını yazmazdan əvvəl müxalifət düşərgəsinin üzdə olan simalarının çıxışlarına qulaq asdım, yazıların (əlbəttə, yazı az idi, azərbaycanlılar hələ də folklor mərhələsində qalıblar, yazı mərhələsinə gəlib çatmayıblar) oxudum. Yazı yazmazdan əvvəl müxalifət düşərgəsindəki vəziyyətlə, ab-havayla ciddi, dərindən maraqlanmalı idim.

Proses zamanı gördüm ki, müxalifət düşərgəsinin üzdə olan simaları heç bir ehtiyac olmadığı halda çıxışlarında, yazılarında (bir daha təkrar edirəm yaz az idi)  türk sözlərindən gen-bol istifadə edirlər. Bu mənada, bu nöqteyi-nəzərdən Gültəkin Hacıbəyli müxalifət düşərgəsinin şəriksiz, alternativsiz lideridir. Danışığında, çıxışlarında türk sözlərindən istifadə etmək məsələsində Gültəkin xanıma çatmaq mümkün deyil. Olsa-olsa bir balaca Fuad Qəhrəmanlı bu məsələdə Gültəkin xanıma yaxınlaşa bilər.

İndi, hal-hazırda, bu an, bu dəm məni bir sual maraqlandırır. Danışığında, yazısında “abla, iyi ki varsınız, topu-topuna, abi…” kimi sözlərdən istifadə etmək üçün, görəsən, bir insan nə qədər yüngül olmalıdır? Bu suala cavab tapmaqda çətinlik çəkirəm. Tanrı xətrinə, xahiş edirəm, bu suala cavab tapmaqda kimsə mənə köməklik etsin.

Söhbət burda təkcə yazılarda (yazı az idi), çıxışlarda Azərbaycan dilində qarşılığı olduğu halda “fazla, yorum, ayrımcılık, yöntem, öneri, ayaklanmak, duygu sömürüsü, denemek, burum-burum, basqı-masqı…”  kimi sözlərin istifadəsindən getmir. Söhbət həm də ondan gedir ki, türk sözlərindən istifadə etdikdə Azərbaycan dilinin enerjisi, koloriti tamamilə itir. Dilin enerjisi, koloriti hiss olunmur. Necə deyim, elə bil buzlu, donmuş camış ətindən kabab bişirirsən.

Mən yenə də öz fikrimdə qalıram. Azərbaycan dilində qarşılığı olduğu halda azərbaycanlıların türk sözlərindən istifadə etməyinin əsasən üç əsas səbəbi var.

1. Yüngüllük .

2. Görməmişlik.

3. Kiçik qardaş xəstəliyi.

Azərbaycanlılar kiçik qardaş xəstəliyindən əziyyət çəkirlər. Böyük qardaşsız yaşamaq onlar üçün çətindir. Mütləq və mütləq hansısa paytaxta, hansısa xalqa birbaşa və ya dolayı yollarla yaltaqlanmalıdırlar. Dünən ruslar böyük qardaş idi, bu gün türklər böyük qardaşdır, sabah farslar böyük qardaş olacaqlar, o birisi gün ərəblər, ta birisi gün çinlilər…

Azərbaycanlılar danışıqlarında, yazılarında türk sözlərindən istifadə etməklə türklərə yaltaqlanırlar. Bəs onlar bu geniş həcmli yaltaqlığın cavabını qarşı tərəfdən alırlarmı? Yoxsa qız evində toydur, oğlan evinin xəbəri yoxdur? Məsələnin bu tərəfi artıq azərbaycanlılar üçün zərrə qədər də maraqlı deyil. Əsas odur ki, yaltaqlanırlar  və öz yaltaqlanmaq ehtiyaclarını təmin edirlər.

İctimai-siyasi işlərlə məşğul olan adamlar Azərbaycan dilində qarşılığı olduğu halda türk sözlərindən istifadə etdikdə vəziyyət daha da qəlizləşir. İctimai-siyasi işlərlə məşğul olan adamların türk sözlərindən istifadə etməsi həm də onların qeyri-ciddi mənbələrdən qidalandıqlarını göstərir. Bir insan türk mənbələrindən qidalanmasa türk sözlərindən istifadə etməz. Qeyri-ciddi mənbələrdən qidalandıqlarına görə müxalifət düşərgəsinin nümayəndələri xarici siyasət haqqında səhv, qeyri-ciddi, gülməli  fikirlər səsləndirirlər…

P.S. Azərbaycan dilində qarşılığı olduğu halda yazılarında, çıxışlarında qondarma, süni, sintetik türk sözlərindən (sözün həqiqi mənasında) gen-bol istifadə edən adamlar zəhmət çəkib müasir Türkiyə türkcəsinin, Türk Dil Qurumunun necə yaranması haqqında iki-üç obyektiv yazı oxusalar, çox yaxşı iş görmüş olarlar. Müasir türkcənin, gen-bol istifadə etdikləri sözlərin  necə, hansı yollarla yarandığını öyrəndikdən sonra onlar xeyli məyus olacaqlar.

Bir yoldaş vardı. Yazılarında qondarma, süni, sintetik türk  sözlərindən gen-bol istifadə edirdi. Ona müasir türkcənin necə yaranması haqqında iki-üç yazı oxumağı tövsiyə etdim. Demə bu adam müasir türkcənin necə yaranmasından, niyə yaranmasından yerli-dibli xəbərsiz imiş. Məsələ ilə ciddi maraqlandı və istifadə etdiyi sözlərin qondarma, süni, sintetik sözlər olduğunu başa düşdü.