Zahid Oruc, 

STM-in rəhbəri, deputat

***

Vətən müharibəsində qələbəmizin 2-ci ildönümündə ölkəmizə qarşı beynəlxalq hücumlar daha intensiv, mütəşəkkil və sistemli xarakter alıb. Səbəb əlbəttə, bəllidir-hərbi Zəfərimiz yalnız Ermənistan üzərində qazanılsaydı, indiki qədər əzəmətli olmazdı.

Təkcə dünən İrəvana gələn Avropa Birliyinin 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və Amerika parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər. Lakin Prezident İlham Əliyevin sülh savaşı davam edir. Son 2 əsrdə ilk dəfədir ki, imperiyaların diqtəsi olmadan, Zəfərimizi rəsmiləşdirə bilərik. Amma 12-14 sentyabr hərbi toqquşması baş verməsəydi, razılaşma olmayacaqdı.

Nə üçün bir ay əvvəlki döyüşləri 44 günlük müqəddəs müharibənin davamı sayırıq? Təkcə ona görə yox ki, Murovdan Arazadək 400 km-lik zolağa nəzarət qazanılıb, əlbəttə bunlar misilsiz nəticələrdir, lakin 30 ildə beynəlxalq hüququ tanımayan bir dövlətin nəhayət, ərazi bütövlüyü, suverenlik və toxunulmazlıqdan danışması böyük tərəqqidir. Ermənilərin qanun və ədalət çağırışı mühüm hadisədir.

Azərbaycan əsla Zəfərin eyforiyasından, yaxud ərazi iddialarına görə qanla sərhəd çəkmək siyasəti yürütmür. Dövlət başçısı tarixi torpaqlara dinc qayıdışı bəyan edib. Lakin 2900-dək şəhidimiz və ordumuz təkcə işğala qarşı deyil, ilk növbədə, vətənin sərhədlərini müəyyənləşdirmək uğrunda savaşıb. Ona görə də millətimizin və Qarabağın taleyi indi məhz sərhəddə həll olunur.

Emmanuel Makronun ötən həftə Abel Aqanbekyanın 1987-ci ildə iki xalqın faciəsinə səbəb olan açıqlaması ilə eyni mahiyyətli fikirləri-Azərbaycanın Naxçıvanla hərbi yolla birləşmək, daha çox ərazini ələ keçirmək planı olsaydı, onda Ermənistanla müharibə 44 gündən az vaxt çəkərdi. 8 saatlıq əməliyyat göstərdi ki, Şuşadan fərqli olaraq, İrəvana gedən yolda ermənilər son 30 ildə köklü müdafiə sipəri qurmayıblar. Lakin dövlətimiz özünün əziyyət çəkdiyi işğalçılıq siyasətini kiməsə qarşı aparmaq niyyəti yoxdur.

Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir. Qarşı tərəf çalışır ki, bizim rəsmən ərazi iddialarımız olsun, onlar da bu mövqedən sülh gündəliyinə və Qarabağa qarşı istifadə etsinlər.

Lakin fikrimizcə gələcək hadisələr 3 şərtdən asılı olacaq:

1. Nə qədər ki, erməni hərbi qüvvələri torpaqlarımızda qalacaq, onda Azərbaycan ordusu da gələcəkdə Ermənistan ərazisində mövqelənməyə məcbur olacaq,

2. Nə qədər ki, Xankəndi ilə İrəvanın arasında yeni çəkilən 32 km-lik yola nəzarəti ordumuz etməyəcək, onda Azərbaycanın da Naxçıvanla 42 km-lik quru əlaqəsini güc yolu ilə açmağa hüququ olacaq,

3. Nəhayət, nə qədər ki, “Qarabağ məsələsi həll olunmayıb” deyiləcək, onda dövlətimizin də 2-ci Qarabağı Ermənistanın ərazisində yaradıb müharibəni düşmən coğrafiyasına keçirməsi qaçılmaz olacaq.

Əgər bu ssenariləri istəmirlərsə, “Sülh müqaviləsi”ni başqa paytaxtlarda deyil, Zəngəzurda imzalamaq olar!

Mia.az